“Gədəbəy camaatı təpədən dırnağa qədər...” – Rusiyadan Söyüdlüyə gələnlər kim olub?
23-06-2023, 17:56
"Gədəbəy rayonunun Söyüdlü kəndində polislərlə bir qrup kənd sakini arasında baş verən insidentin əsl mahiyyəti və mənzərəsi indi daha çox bəlli olmaqdadır. İlkin bildiyimiz odur ki, Gədəbəydə kənd sakinləri orada süni gölün tikintisinə etiraz edirlər. Onlar fəhlələrə qarşı təhqiramiz ifadələr işlədir, onlara daş atırlar. Polis hadisə yerinə gəldikdə polisə müqavimət göstərirlər, polislər təhqir edilir, bunları biz yayılan kadrlardan görmüşük".
Bu sözləri Yenisabah.az-a Milli Məclisin deputatı Elman Nəsirov deyib. Söyüdlü kəndində baş verənlərə münasibət bildirən millət vəkili hazırda kənddə vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın tədqiqatlar apardığını deyib:
Biz həm də yayılan videolardan görmüşük ki, bir polis nəfəri kənd sakini olan yaşlı qadına qarşı gözyaşardıcı qazdan istifadə edib. Bu reallığı nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hadisə yerində xidməti yoxlamalara başlayıb və yəqin ki, kobud hərəkətə yol vermiş nəfəri yaxud nəfərləri cəzalandırılacaq. Hesab edirəm ki, bu, aksiomdur.
Ölkəmizin baş nazirinin sədrliyi ilə məlum hadisələrlə bağlı iclas keçirildi, xüsusi komissiya yaradıldı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi altında hadisə yerinə onların səfəri təşkil edilib. Artıq tədqiqatlara başlanılıb və inanırıq ki, bu hadisələrə gətirib çıxaran əsas səbəblər aradan qaldırılacaq".
E.Nəsirov məlum insidentin təsadüfən baş vermədiyini, olayın arxasında xarici kəşfiyyat orqanlarının dayandığını qeyd edib:
"Bizi narahat edən başqa bir məsələdir ki, görəsən, bu hadisələr doğurdanmı birdən-birə baş verib? Bu gün mən parlamentdəki çıxışımda da qeyd etdim ki, belə hadisələr birdən-birə baş vermir. Belə hadisələr planlı, məqsədyönlü şəkildə kimlərsə tərəfindən təşkil edilir və onun icraçıları da bəlli edilir. Onlar kənd camaatını manipulyasiya edirlər və onları heç özləri də bilmədən başqa, daha böyük bir oyuna cəlb etməyə cəhd göstərirlər. Mən hesab edirəm ki, Söyüdlü kəndində baş verən hadisələrə də bu prizmadan yanaşmaq lazımdır. Məlum olur ki, xarici xüsusi xidmət orqanlarının baş vermiş hadisədə birbaşa iştirakı var. Hadisədə iki nəfər Rusiyadan gəlmiş azərbaycanlıların adı çəkilir və onların bir müddət öncə Söyüdlü kəndində olduqları bildirilir, həmin şəxslərin guya ki, yas mərasiminə gəldikləri faktı bəlli olur. Onların insanları necə pul müqabilində məlum hadisələrə təhrik etməsi ilə bağlı səs yazıları da artıq üzə çıxıb. Həmin şəxslər imkanlı və imkansız insanları bu prosesə cəlb edirlər ki, çalışıb öz etirazımızı bildirməliyik. Eyni zamanda, oranın keçmiş icra başçısının və millət vəkilinin də adları hallanır. Rusiyadan gəlmiş iki nəfərin bu hadisələrdə adının çəkilməsi faktı onu göstərir ki, bu prosesdə Rusiyanın da müəyyən dairələrinin iştirakı istisna deyil.
Belə siyasi hoqqabazlıqlara gedən müəyyən siyasi dairələr, onların əlaltıları bir şeyi unudublar ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanda belə eksperimentlər işləmir və onlar Azərbaycan xalqını aldada bilməzlər! Onlar Söyüdlü kəndinin bir qrup insanını aldada bilərlər, lakin bütövlükdə Gədəbəy camaatı təpədən dırnağa qədər vətənpərvər, dövlətinə, dövlətçiliyə sadiq insanlardır. Onlar öz prezidentlərini sevir və ona həmişə dəstəkdir. Qısamüddətli aldanmış insanlar da həqiqət ortaya çıxandan sonra görəcəklər ki, onlardan necə çirkin niyyətlər üçün istifadə etməyə cəhd olunub. Onlar Söyüdlü kəndinin camaatını bir dəfə, qısamüddətli aldada bilərlər, amma bunun heç bir nəticəsi olmayacaq, dövlətimiz güclüdür, xalqımız öz dövləti, prezidenti ətrafında monolit birlik nümayiş etdirir və gədəbəylilər də bu nöqteyi-nəzərdən dövlətimizin və prezidentimizin yanındadır".