İrandan Azərbaycana qarşı gediş: Türkiyədən cavab gəldi - NƏ BAŞ VERİR?

25-06-2023, 10:37           
İrandan Azərbaycana qarşı gediş: Türkiyədən cavab gəldi - NƏ BAŞ VERİR?
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Son günlərdə ermənilərin Azərbaycana qarşı artan təxribatları nə ilə əlaqəlidir?

- Ermənilər uzun illərdir təxribatla məşğuldur. Bunlar bizim üçün yeni bir şey deyil. Amma həqiqətən də vəziyyət axır vaxtlar çox gərginləşib. Ermənilər anlayırlar ki, faktiki dalana dirəniblər. Çünki bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar, amma başqa tərəfdən maneələr və problemlər yaradırlar. Sazişə də imza atmaq istəmirlər. Müxtəlif şərtlər irəli sürürlər, tələblər qoyurlar və sair. Kənardan hərbi dəstəyin olacağına ümid edirlər. Hesab edirlər ki, belə bir hərbi dəstək olsa, yaranmış fonda “daha güclü oyunçu” kimi görünəcəklər. Amma bunun qarşılığında adekvat cavab alırlar. Bu cavablar da bu ümidlərində yanıldıqlarını onlara sübut edir.

- Sülh prosesindən yayınan Ermənistan nə əldə etməyə çalışır?

- Məsələni uzadırlar, sülh sazişini imzalamaq istəmirlər. Məqsədləri odur ki, nələrsə qoparsınlar. Bölgədəki vəziyyətin dəyişməsini gözləyirlər ki, bir üstün mövqe tuta bilsinlər. Eyni zamanda, Ermənistanın indiki hakimiyyətinə daxildə “satqın” damğası vurulub.

Paşinyan və komandası anlayır ki, belə bir durumda Azərbaycanla bir sazişə də imza atsa, onlara daxildə daha ciddi problemlər yarana bilər. Həm də bu səbəbdən ehtiyatla iş görməyə çalışırlar.

Digər yandan, danışıqlarda Qarabağda yaşayan etnik ermənilərin hüquqları ilə bağlı məsələ qaldırırlar, Zəngəzur dəhlizini açmaq istəmirlər. Bunları “əsas problemlər” kimi qələmə verirlər. Düzdür, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirlər, eyni zamanda, bunu təsdiqləyəcək sənədi imzalamaqdan yayınırlar. Hesab edirəm ki, bu baxımdan proses bir qədər çətin ola bilər.

- Separatçılar arasında yaşanan təşviş də diqqətdən yayınmır. Danışıqlarda daha çox Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası məsələsinin müzakirəsi onların müstəqillik xülyasına olan ümidlərini puç edib. Bəs bu məsələ necə həllini tapa bilər?

- Hazırda vəziyyət bizim xeyrimizə inkişaf edir. Laçında sərhəd-keçid məntəqəsini bağlamışıq. Birmənalı şəkildə onlara sübut etmişik ki, bizdən asılıdırlar, əgər özlərini elə aparacaqlarsa, bizə qarşı təxribat törədəcəklərsə, biz də lazım olan addımları atacağıq. Anlamalıdırlar ki, bizdən asılıdırlar və bizim köməyimizə ehtiyacları var.

Əlbəttə, orada sağlam düşüncədə olanlar da var. Sadəcə separatçıların başçıları – Ruben Varandyan, Araik Arutyunyan, Vitali Blasanyan və digərləri onlara təzyiq edirlər. Bu təzyiqlə, təxribatlarla mövcud durumu saxlamağa çalışırlar. Belə təəssürat da yaranır ki, başqa çıxış yolları axtarırlar. Çünki anlayırlar ki, gec-tez təslim olmalıdırlar.

İndi Fransa orada hansısa qətnamə qəbul edirsə, bu o demək deyil ki, fransız hərbçiləri onlara köməyə gələcək. Reallıq fərqlidir, bundan da çıxış yolu axtarışındadırlar. Əllərindən gələni edirlər ki, onlara qarşı çıxan sağlam düşüncəli insanların səslərini batırsınlar. Amma bununla nəyəsə nail ola bilməyəcəkləri birmənalıdır, proses gedir – həm də onların istəmədikləri istiqamətə.

- Hazırda Zəngəzurda bir-birinə qarşı olan dörd ayrı dövlətin bayrağı dalğalanır: Naxçıvan yaxınlığında şirkəti zavod inşa edən ABŞ-ın, Qafanda konsulluq açan İranın, bölgədə hərbi qüvvəsi olan Rusiyanın, eləcə də sərhəddə monitorinq missiyası aparan Avropa Birliyinin. Bölgədəki bu qarışıqlılıq Ermənistana nə vəd edir?

- İlk növbədə, orada belə bir zavodun tikilməsi ətraf mühitə böyük bir zərbədir. Bunu anlamalıdırlar. Bəllidir ki, başa düşürlər və bunu qəsdən edirlər. Çünki orada bizi birləşdirən vahid su resursları (Araz çayı) var. Tullantıların həmin çaya axıdılması Azərbaycan əhalisi üçün təhlükəli problemlər yarada bilər.

İran da öz oyununu oynayır. İran Ermənistanla münasibətlərin inkişafında maraqlıdır. İran anti-Azərbaycan mövqeyində dayanan bir ölkədir. Azərbaycanın inkişafı və onun Türkiyə ilə ittifaq yaratması, ölkəmizin qələbəsi İranı çox qıcıqlandırır. Əlbəttə, İranın bu addımları qarşısında biz də sakit dayanmırıq. Məsələn, Türkiyə Şuşada baş konsulluğun açılması haqda qərar verib. Ərdoğan Bakıda olarkən bu elan olundu. Bu da bir reallıqdır. Biz də öz maraqlarımız çərçivəsində addımlarımızı ata bilərik və atırıq da.

- Bəs gələn həftə xarici işlər nazirlərinin ABŞ-da keçiriləcək görüşündən nə gözləyirsiniz?

- Vaşinqton və Brüsseli Moskva ilə müqayisə etsək, Qərb meydançaları Azərbaycan üçün daha əlverişlidir. Çünki indiyədək bu meydançalarda aparılmış danışıqların nəticələri Azərbaycanın xeyrinədir. ABŞ rəsmiləri və Avropa Şurasının prezidenti Şarl Mişel hər görüşdən sonra bəyan ediblər ki, saziş imzalanmasa da, mövqelərdə yaxınlaşma və müəyyən anlaşmalar var.

Bütün bunlara rəğmən, təəssüf ki, yenə də Ermənistanla Azərbaycanı eyniləşdirirlər. Yəni Ermənistana təzyiq göstərilmir. Hesab edirlər ki, qarşılıqlı güzəştlər olmalıdır və sair. Əlbəttə, belə yanaşmalar müsbət nəticəyə gətirib çıxara bilməz. Çünki burada təcavüzkar tərəf İrəvandır, təzyiq də ona edilməlidir. Biz işğalçı deyilik, biz öz torpaqlarımızı azad etmişik. Bunu Vaşinqton, Moskva və Brüsseldə anlamalıdırlar. Bundan sonra da eyniləşdirmə olacaqsa və qarşı tərəfə təzyiq olmayacaqsa, danışıqlar yenə də davam edəcək, amma sonu uzanacaq.

- Rusiyadakı son gəlişmələrlə bağlı fikriniz necədir? “Vaqner” lideri Yevgeni Proqjin nə etməyə çalışır?

- Priqojin və onun dəstələri Moskva tərəfindən təşkil olunub. Moskva vaxtilə onlardan peşəkarlıqla istifadə edib. Məsələn, Yaxın Şərq, Afrika və Ukraynada. Amma indi belə təəssürat yaranır ki, Priqojin artıq nəzarətdən çıxıb. O görür ki, Rusiya Ukraynada qələbə qazana bilmir, bu durumda da özünə bəraət qazandırmağa çalışır və “günah keçiləri” tapmağa çalışır. Onun üçün günahkarlar Şoyqu və Gerasimovdur.

İndidən baş verənlərin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çox çətindir. Bu, hələ başlanğıcdır. Hər halda artıq Rusiyada vətəndaş müharibəsinin simptomları görünür.

- Rusiya daxilindəki təlatüm Kremlin Cənubi Qafqaz siyasətinə necə təsir göstərəcək?

- Tarix də təsdiqləyir ki, Rusiya nə qədər zəif olsa da, bir əli həmişə Cənubi Qafqazda olub. Əlbəttə, bu dəfə vəziyyət daha mürəkkəb və gərgindir. Çünki Rusiya, demək olar ki, Ukraynada məğlubiyyətə uğrayır. Digər yandan, Priqojin daxildə hakimiyyəti laxladır. Bunlar da Rusiyanı vətəndaş müharibəsinə sürükləyir.

Artıq Rusiya belə bir təhlükəli durumun astanasındadır. Hər halda belə bir vəziyyətdə Rusiyanın Cənubi Qafqaza nəzarəti zəifləyəcək. Əlbəttə, bunu zaman göstərəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.