Bu borcların da yaranma səbəblərindən biri faizlərin yüksək olmasıdır.

19-05-2015, 15:54           
Bu borcların da yaranma səbəblərindən biri faizlərin yüksək olmasıdır.
Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Hafta.az-a müsahibəsində oliqarxların həbsinin ölkə iqtisadiyyatına təsiri, əmlak bazarındakı qiymətlər və digər iqtisadi məsələlərlə bağlı danışıb.

Müsahibəni təqdim edirik:

-Hazırkı iqtisadi şəraitdə əmlak bazarının yaxın aylar üçün qiymətləri ilə bağlı hansı proqnozu vermək olar?

-Devalivasiyadan sonra əmlak bazarında müəyyən durğunluq müşahidə olunmaqdadır. Bu eyni zamanda Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalması ilə də əlaqələdir. Hesab edirəm ki, ikinci yarımildən sonra bu durğunluq aradan qalxacaq. Əmlak bazarında müəyyən qədər canlanma olacaq. Yəni, əvvəlki vəziyyət olmasa da, ona yaxın bir hal müşahidə olunacaq. Qiymətlərin isə artmasını gözləmirəm. Eyni səviyyədə saxlanıla bilər. Bu dünya bazarındakı neftin qiymətindən asılı olacaq. Əgər neftin qiymətində artım olarsa, bu əmlak bazarında da özünü göstərəcək.

-Oliqarxların borclarının qaytarılması ölkə iqtisadiyyatı üçün müsbət təsir edə bilərmi?

-Bu kredit borclarıdır. Həmin borclar da artıq 1.2 milyard manatı keçib. Azərbaycan dövlətinin bu barədə qərarı da var. Hansı ki, biz vaxtı ilə Milli Məclisdə bu məsələyə toxunmuşduq. Dövlət büdcəsi müzakirə olunan zaman bildirmişdik ki, kredit borcları qaytarılmalıdır. Bu borcların da yaranma səbəblərindən biri faizlərin yüksək olmasıdır. İkincisi isə verilməsində müəyyən çatışmazlıqların mövcudluğudur. Kredit alanla banklar arasında müqavilələr düzgün bağlanmır. Əlbəttə ki, kredit borclarının qaytarılması həm əmlak bazarına, həm də maliyyə bazarına təsirsiz ötüşməyəcək. Eyni zamanda bankların da normal fəaliyyəti bərpa oluna bilər. Kim dövlətin qanun- qaydasını pozubsa, cəzasını çəkəcək. Burada qeyri-adi bir şey yoxdur. Dövlətin əmlakı mənimsənilibsə, hər kəs başa düşməlidir, qanun var və o, məsuliyyətə cəlb oluna bilər. Bu, vəzifə sahibidir, məmurdur, şirkət rəhbəridir, fərq eləmir. Qanun qarşısında hamı eynidir. Söhbət Azərbaycan qanunlarının pozulmasından gedir.

-Banklar yüksək məbləğdə kredit verdiyi zaman bu vəsaitin hara xərcləndiyini yoxlamır?

-Bu bankların öz işləridir. Çünki ölkədə mövcud olan bankların əksəriyyəti özəldir. Onların daxili nizamnamələri mövcuddur. Buna uyğun olaraq da hərəkət edirlər. Əlbəttə ki, alınan kreditlərin hansı məqsədlə alınıbsa, onun üçün istifadə olunmalıdır. Başqa bir iş üçün sərf olunursa, buna da bank nəzarət etməlidir. Nəzarət mexanizmi bank tərəfindən kredit alan şəxsin üzərində olmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.