Deputat Kamal Cəfərov: “Avropa Parlamenti Azərbaycanda məhkəmənin müstəqilliyinə hörmətsizlik edir”
16-09-2023, 12:54
ADR Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun həbsi Azərbaycandakı insan hüquqları problemini ABŞ və Avropa İttifaqının əsas gündəminə çevirdi.
Ötən müddət ərzində ABŞ hökumətinin, Konqresinin, Avropa İttifaqının, Avropa Şurasının və dünyanın nüfuzlu qurumlarının Azərbaycan hökumətinə qarşı sərt bəyanatlarının şahidi olduq.
Dünən isə Avropa Parlamenti Qubad İbadoğlunu və digər siyasi məhbusların azad edilməsinə və məmurlara qarşı sanksiya çağırışlarını ifadə edən qətnamə qəbul edib.
Azərbaycanın AŞ PA -dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov Gununsesi.info-ya müsahibəsində bu haqda danışıb.
Deputata ilk sualımız Avropa Parlamentinin qətnaməsi barədə olub.
– Kamal bəy, Avropa Parlamentinin bu dərəcədə sərt qətnaməsini gözləyirdinizmi?
– Mən hesab edirəm ki,Avropa Parlamentinin Qubad İbadoğlu ilə bağlı qəbul etdiyi qətnamə tamamilə əsassızdır və özlüyündə hüququn aliliyinə ziddir.
Birincisi, istənilən davam edən cinayət işi ilə bağlı beynəlxalq təşkilatının qəbul etdiyi siyasi qərar istintaqın gedişinə qanunsuz təsir cəhdidir və məhkəmənin müstəqilliyinə hörmətsizlikdir. Ona görə də Avropa Parlamentinin Qubad İbadoğlu ilə bağlı qəbul etdiyi qətnamənin hüquqi əsası yoxdur.
İkincisi, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmayan, 30 illik erməni işğalı ilə bağlı heç bir fəaliyyəti olmayan və 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı əsassız və saxta ittihamlar səsləndirən Avropa Parlamentinin qətnamələrinin heç mənəvi əsası da ola bilməz. Bu qətnamə növbəti kağız parçasıdır və Avropa Parlamentinin qara tarixinin növbəti səhifəsidir.
Əgər Avropa Parlamenti səmimi olaraq insan hüquqlarına və beynəlxalq hüquqa hörmətlə yanaşsaydı, Ermənistandan kütləvi formada deportasiya edilmiş və etnik təmizləməyə məcbur qalmış qərbi azərbaycanlıların hüquqlarına, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri və soyqırımlarla ilə bağlı, erməni minalarından həlak olan və yaralanan şəxslərin hüquqları ilə bağlı danışardı və fəaliyyət göstərərdi.
Ona görə də Azərbaycan xalqı Avropa Parlamentinin riyakarlığını çox yaxşı anlayır və görür.
Bu gün Avropa Parlamentinin özünün bütövlüyü və aşkarlığı şübhə altındadır. Ötən ilin sonunda Avropa Parlamentinin vitse-spikeri, Yunanıstandan olan Eva Kailini, Parlamentin digər üzvləri Andrea Kozzolinonu, Mark Tarabella, Antonio Panzeri və digərlərinin korrupsiya ittihamı ilə saxlanılması bunun əyani sübutudur. Təsadüfi deyil ki, Eva Kailini həmçinin 2-ci Qarabağ müharibəsi zamanı və sonrasında Azərbaycana qarşı ədalətsiz, haqsız və düşmən mövqeyi ilə seçilən deputatlardan olub.
İndi isə vaxtıilə Eva Kailini kimi deputatın vitse-spiker olduğu Avropa Parlamentinin qətnaməsinin məqsədi ölkəmizin nüfuzuna zərər vurmaq cəhdidir.
Ancaq Avropa Parlamentinin üzvləri anlamalıdır ki, özünün bütövlüyü şübbə altında olan parlamentin heç bir qərarı Azərbaycanın nüfuzuna zərər vura bilməz. Əksinə bu gün Avropa İttifaqına üzv dövlətlərinin özləri Azərbaycanla münasibətləri dərinləşdirməyə çalışır. Bu əməkdaşlığımız isə qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanır. Biz Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalamışıq. Ona görə də bizim Avropa İttifaqına üzv ölkələr və Avropa Parlamenti ilə münasibətlərimiz arasında böyük fərq var. Bu fərq isə Avropa Parlamentinin doğru yolda olmadığının göstəricisidir.
– Təcrübə beynəlxalq təşkilatların azad olunmasını tələb etdiyi bütün siyasi məhbusların sonradan Avropa Məhkəməsinin qərarları ilə onların qanunsuz həbs olunduğunu göstərib. Halbuki, bu cür şəxslərin də qurama ittihamla həbs edildiyini hökumət etiraf etmirdi və qanuni cəzalandırıldığını iddia edirdi. Nümunə kimi NİDA üzvlərinin, İlqar Məmmədovun, Anar Məmmədlinin və sair şəxslərin adını çəkmək olar…
– Əslində sualın qoyuluşu səhvdir. Çünki məhkəmələr müstəqildir və onun fəaliyyətinə təsir etmək cəhdi hüququn aliliyinə ziddir. Ona görə də tam əminliklə deyə bilərəm ki, hökumətin məhkəmə işi ilə bağlı nəyisə inkar və ya etiraf etmək kimi səlahiyyəti yoxdur. Məhkəmə işləri sırf hüquqi məsələlərdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan məhkəmələrinin Konstitusiyaya və insan hüquqları ilə bağlı tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə uyğun qərarlar çıxarmağı da hüquqi və prosedur məsələsidir. Burada təəcüblü heç nə yoxdur.
Əlbəttə məhkəmənin yekun qərarından sonra siyasi münasibət bildirmək və ya ictimai mövqe ifadə etmək təbiidir. Bunu da sonradan “inkar və ya etiraf” kimi kateqoriyalaşdırmaq qərəzdir.
– Avropa Parlamenti bəyan edir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı qadağan olunub. Bunu təkzib etmek üçün arqument varmı?
– Birincisi, Avropa Parlamentinin Qubad İbadoğlu ilə bağlı qəbul etdiyi qətnamədə “sərbəst toplaşmaq azadlığı qadağan olunub” deyə bir ifadə yoxdur. İstənilən halda qətnamə tamamilə əsassızdır və məhkəmələrin müstəqillik prinsipinə böyük hörmətsizlikdir.
Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında ” qanunun var. Bu qanuna uyğun olaraq sərbəst toplaşmaq azadlığı təmin olunur.
– Hökumət rəsmiləri, siz YAP- çı deputatlar illərdən bəri apardığınız təbliğatda Azərbaycanın dünyada, Avropada güclü mövqeyə malik olduğunu bəyan edirsiniz.
Belədirsə, nədən Avropa Parlamentinin hökuməti tənqid edən qətnaməsi böyük səsçoxluğu ilə qəbul edildi?
– Avropa Parlamenti və Avropa İttifaqı tamamilə fərqli səlahiyyətlərə malik qurumlardır. Avropa Parlamenti siyasi bir qurumdur. Avropa İttifaqına üzv dövlətlərin isə özlərinin müstəqil və fərqli siyasəti var.
Ona görə Avropa Parlamentinin kağız parçası kimi qiymətləndirdiyimiz qətnaməsini Azərbaycanın Avropadakı nüfuzu ilə müqayisə etmək ümumiyyətlə, düzgün müqayisə deyil.
Bu gün Azərbaycan avrasiyanın enerji xəritəsinə təsir edə bilən, real güc və söz sahibi olan ölkədir. Əksinə, bu gün Avropa İttifaqına üzv dövlətlərinin özləri Azərbaycanla münasibətləri dərinləşdirməyə çalışır. Bu əməkdaşlığımız isə qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanır. Biz Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalamışıq. Ona görə də bizim Avropa İttifaqına üzv ölkələr və Avropa Parlamenti ilə münasibətlərimiz arasında böyük fərq var.
Bu fərq isə Avropa Parlamentinin doğru yolda olmadığının göstəricisidir.
Pərviz Həşimli
Gununsesi.info