2000 manata salon, 3000 dollara otel açdı – Niderlandda turizm şirkəti olan azərbaycanlı

26-11-2023, 16:46           
2000 manata salon, 3000 dollara otel açdı –
Fərqli sahələrdə biznes qurub. Hamısında da əlində böyük məbləğlər olmayıb. Deyir ki, əslində, başlamaq üçün pul olmasını gözləməməliyik. Çünki böyük maliyyə və ağılsız planla pulu batıra bilərsən. Ağıllı plan və kiçik maliyyə ilə bizneslərə başlamağın və uğurlu olmağın mümkün olduğunu bildirir.

Müsahibimiz 5 ildir Niderlandda yaşayan, Amsterdamda “Jasmin” tur və tədbir təşkilatçılğı şirkəti quran azərbaycanlı Zərifə Quliyevadır.


- Zərifə xanım, ali təhsiliniz tibb üzrə olub. Həkim olmaq arzusu ilə bu sahəni seçmişdiniz?

- Mən Rusiyada doğulub-böyümüşəm. Ancaq radikal bir ailənin övladı olmuşam. Atam sırf Qafqaz kişisi idi. Məni də o tempdə böyütmüşdülər. Məktəb vaxtı Rusiyada idmanla məşğul olurdum, çox yaxşı göstəricilərim var idi. Atam peşəkar olaraq o sahədə davam etməyimi istəmədi. Qız nədir, idman nədir? – dedi. Daha sonra uzun zaman jurnalist olmaq istədim. Hətta atam da bu fikrimi dəstəklədi, mənə kamera da aldı. 15-16 yaşım var idi, Salatın Əsgərova kimi jurnalist olmağı arzulayırdım. Salatın Əsgərova öləndən sonra atam artıq narahat oldu, dedi jurnalistika sevdası bitdi. Ondan sonra tibb üzrə təhsil almaq qərarı verdim. Uşaq həkimliyi üzrə oxudum.

- Sonra həkim kimi çalışmamısınız.

- Orta məktəbi Rusiyada bitirsəm də, ali təhsilimi Bakıda aldım. Hardasa 3-cü kursdan başlayaraq Saray qəsəbəsində könüllü olaraq əlilliyi olan uşaqlara baxmağa başladım. 2 ilə yaxın könüllü olaraq bunu etdim. Sonra xeyriyyə ilə məşğul olmağa başladım, könüllü bir komanda yığılmışdı. 2005-ci ildə Birliyə Doğru İctimai Birliyini qeydiyyatdan keçirdik. Rəsmi olaraq artıq xeyriyyə təşkilatı kimi fəaliyyətə başladıq. 2014-cü ildə Birliyə Doğru Resurs Mərkəzini yaratdım və orada fəaliyyətə fokuslandım. Tibb təhsilimi bitirdim, amma o sahədə çalışmadım.

“Fərqli insana çevrildim, psixoloji olaraq bərkidim”


- Əlilliyi olan uşaqlarla işləmək tələbə qıza nə öyrətdi?

- Tamamilə fərqli insana çevrildim, psixoloji olaraq bərkidim, dəyişdim. Mən əlilliyi olan bir qızla evlərində məşğul olurdum. Mən onu götürəndə, tam hərəkətsiz idi, tərpənmirdi. Biz onunla işləməyə başlayanda, deyirdim ki, qaşığı mənə ver. Aramızda 1 saniyəlik məsafə var. Onun qaşığı götürüb mənə verməsi üçün 10 dəqiqə gözləyirdim. Çünki hərəkət qabiliyyəti yox kimi idi. Mən ondan qaşığı alardım, gözləməyə bilərdim, amma gözləyirdim. O gözləmə dövrü sənin xarakterini tamamilə dəyişir, daha güclü olmağa çalışırsan. Mən onu yavaş-yavaş qaldırdım, yazmağı, yemək yeməyi öyrəndi.

Yaxud əvvəl hər şeyə çox emosional yanaşırdım. Bir şey olan kimi gözüm yaşarırdı. O dövrdə başa düşdüm ki, emosionallığı kənara qoyub problemin həll yolları haqqında düşünməlisən. “Yazıq”, “Qurban olum”, “Qadan alım”la sən onlara fayda vermirsən, əksinə daha da passivləşdirirsən. Düşünməlisən ki, yazıq vəziyyətdən çıxması üçün nə edə bilərəm?

- Beləliklə, xeyriyyə təşkilatı yönündə davam etdiniz.

- Azərbaycanda xeyriyyə ilə məşğul olan ilk təşkilat idik. Çox dəyişikliklər etdik. Fandreyzinq nədir, onu gətirdik. Çoxlu məşğuliyyət tədbirləri edirdik. Şirkətlərin korporativ sosial məsuliyyəti və şəxsi əlaqələrimizlə çox yaxşı işlər gördük. Ölkədə təşkilatımızı tanımayan az adam olardı. Bu gün bəzi dövlər qurumlarında və özəl şirkətlərdə yüksək pozisiyalarda olan şəxslərin bir qismi bizim könüllümüz olublar. Çox intensiv və doğru işləyirdik. Dürüstlük və nəticə var idi. Sonra resurs mərkəzi vasitəsilə aktiv işlədik, uşaqlara pulsuz kurslar keçirdik. 2013-cü ildə isə paraleldə salon biznesinə başladım.

“Salonun adı brendə çevrilmişdi və mənə normal pul gətirirdi”


- Salon biznesi niyə?

- 2013-cü ildə bir layihəyə imza atdım. Layihə qızların və oğlanların peşə kurslarına cəlb edilməsi idi. 10 qızı gözəllik salonuna cəlb etdik, saç ustalığı öyrətdik, 10 oğlanı isə aşpazlığa. Oğlanlar iş tapa bildilər, hətta indi bəziləri lüks otellərdə işləyirlər. Qızların isə bir qismi iş tapa bilmədilər. Salon işində yeni idilər, müştəriləri olmadığı üçün salona onları götürmürdülər. Ağlıma gəldi ki, özüm gözəllik salonu açım. 2 usta götürdüm, 5 tələbəmiz isə usta köməkçisi kimi başladı. Salon çox dəbdəbəli deyildi, çünki o cür etmək üçün böyük məbləğim yox idi. Amma mərkəzdə - Tarqovının düz mərkəzində idi.

- Yəni uğurlu biznes oldu?

- Tatu ustamız var idi, onun yanına fərqli stildə insanlar gəlirdi. Bir dəfə onun müştərilərindən biri söhbət zamanı dedi ki, saçımı rəngləməyə, pirsinq etməyə yer tapmıram və s. Dedim bu da ideya (Gülür). Planım bu idi ki, salonun istiqamətini tamamilə dəyişib “Unformal” adlı salon edim, bizə qeyri-standart istəkləri olan müştərilər gəlsin. Etməmişdən öncə bazarı yoxlamaq qərarı verdim. “Unformal show” etdik. Maraqlı saç şousu filan hazırladıq. 800-ə yaxın adam gəldi. Hamısı çox fərqli. Gördüm ki, auditoriya var. Salonun adı “Sürmə” idi, dəyişib “Unformal” etdik. 2013-ü ildə açdıq, 2015-ci ilə qədər işlədik. İşlər yaxşı gedirdi, qızların müştəriləri var idi. Salonun adı brendə çevrilmişdi və mənə normal pul gətirirdi. Təşkilatın da fəaliyyəti davam edirdi. Sonra təşkilatın fəqliyyəti dayandı, mən də ölkədən getməli oldum.

- Gürcüstana getdiniz?

- Əslində, Türkiyəyə getdim, sonra Gürcüstana.

- Gürcüstanda hostel açmaqla başladınız?

- Bəli, sıfırdan hostel qurdum. Uğurlu alındı. Sonra isə otel açdım.

7000 dollarla hostel qururlar


- O biznesləri hansı maliyyələrlə qurdunuz?

- O işləri minimal büdcə ilə reallaşdırdım. Hosteli açanda hesabımda 3 min dollarım var idi. Rəfiqəmlə bir yerdə açdıq, 7 min dollar pul qoyduq. Oteli isə 3 min dollara açdım.

- O işlərin müqabilində dediyiniz məbləğ az görünür...

- Mən Bakıdakı gözəllik salonunu 2000 manata açmışdım. Sadəcə avadanlıq aldım, dekor etdik, özümüz rənglədik. VİP salon açırsansa, başqa məsələ. Biznes belədir ki, əlindəki maliyyəni analiz etməli və onunla hansı seqment üçün iş qurduğuna baxmalısan. Yuxarı seqment üçün iş qurursansa, sənə yaxşı maliyyə lazımdır. Çünki gələn varlı adam sənin mərmərinə, divarına və s. baxır. Amma orta seqment bilir ki, orta qiymət verir və lüks xidmət tələb edə bilməz. Mən başa düşdüm ki, maliyyə olaraq yuxarı seqment üçün uyğun iş qura bilmərəm. Eyni zamanda, Gürcüstan kasıb ölkə olduğuna görə, orta seqment daha yaxşıdır, nəinki yuxarı seqment. Orta seqmenti hədəf olaraq götürdüm. Gürcüstanda Azərbaycan evi olmağı planladıq və elə də oldu. Gürcüstana gələndə, hosteldə qalmaq istəyən Azərbaycan gəncləri bizə gəlirdilər.

Ətraflı
Ümumilikdə, biznesə başlamaq üçün ciddi pula ehtiyac yoxdur. Yaxşı marketinq, təşkilatçılıq, əmək olmalıdır. Maliyyə təbii ki yaxşıdır, amma böyük maliyyə və ağılsız planla heç nə etmək olmaz.

“Resurs mərkəzi açanda, ora 1 qəpik pul qoymadım”


- Yəni biznesdə puldan önəmli məqamlar var?

- Azərbaycandan danışsaq, salona başlayanda, mənim netvörkinqim geniş idi. Təbii ki ətrafındakı çoxlu adamlar sənə gətirib pul vermir, amma biri məsləhət, biri resurs verir, biri harasa yönləndirir və s. Resurs mərkəzi açanda, ora 1 qəpik pul qoymadım, amma orada 200 uşaq pulsuz təhsil aldı. Kompüterləri bir şirkət, mebeli başqa şirkət, kitablara çox adam köməklik etdi. Düzgün netvörkinq qurduğumuza görə hamısı toplandı və ortaya iş çıxdı. Düzgün qurulan netvörk maliyyədən daha üstündür.

Konsept məsələsi çox önəmlidir. Konsept düzgün qurulsa, uğurlu ola bilirsən. Hosteldə tədbirlər edirdim. Azərbaycanda teatrlar var, hosteldə gəlib tamaşa göstərdilər. Gürcüstanda yaşayan bəzi yazarlar var idi, onlar gəlib bizdə hansısa yeməyi hazırlayırdılar, qonaqlar o yeməkləri yeyirdilər. Hosteldə yemək bişirəndə, yeməyi heç vaxt tək özümüzə bişirmirdim. 10-15 azərbaycanlı olurdu, hamısına bişirirdim. O səmimi mühiti yaratmışdıq. Fərqli konseptlərlə pulun olmadığını gizlətmək olur. Bu, biznesə başlayanda çox vacibdir.

- Hostel, otel işi necə idi?

- Hostel ağır iş idi. 24 saat açıq olurdu və bütün gün işləyirdin. Otel isə mənə daha rahat gəldi. Butik otel idi, cəmi 6 otağı var idi. O otel mənə daha çox gəlir gətirirdi, iş cəhətdən daha rahat idi və daha az resurs sərf edirdik. Sadəcə mən Gürcüstandan gedəsi oldum və Niderlanda gəldim.

- Niderlandda necə başladınız?

- Gürcüstanda hostellə başlamışdım deyə, burda da elə bir başlanğıc etmək ideyası yarandı. Çünki bu ölkəyə milyonlarla turist gəlir. Hostel açmağa cəhd etdim, amma gördüm ki, çox baha başa gəlir. Belə istədiyin biznesi rahatlıqla aça bilirsən, amma işin qurulması üçün çox maliyyə lazım oldu. Ona görə Amsterdamda tur bələdçisi kimi başladım.

“1 il tur etmək üçün Amsterdama gedib-gəlirdim”


- Amsterdamı bələdçi olacaq qədər tanıyırdınız?

- Mən Amsterdamdan 3 saatlıq məsafədə yaşayırdım. Bir dəfə gördüm ki, Amsterdamda rusdilli bələdçi axtarırlar. Rus dilini yaxşı bilirdim deyə, düşündüm ki, bu işi görə bilərəm. Getdim görüşdüm, amma sonra elə oldu ki, o xanımdan cavab gəlmədi. Hər gün 3 saat yol gedib-gələcəkdim. Bəlkə də ona görə ehtiyat etdi, ya necə, o xanımdan cavab gəlmədi. Sonra fikirləşdim ki qadını neynirəm? Özüm həll edim. “Google maps”i qarşıma qoydum və özümə bələdçi olaraq bir marşrut cızdım. Amsterdamda bir dəfə olmuşdum. Turuma daxil olan yerləri seçdikdən sonra onlar haqqında detallı oxudum, informasiya topladım ki, turistlərə rahat məlumat verim. Marşrutumu cızandan sonra bir günlük Amsterdama getdim və oranı tam gəzdim. Bir dəfə ilə həll olunmur, amma ən azı onu etməli idim. Sonra bələdçilər olan saytlardan qeydiyyatdan keçdim. Amsterdama gələn rusdillilər üçün bələdçi kimi başladım və uğurla davamı gəldi.

- Amsterdamı tanımamağınız problem yaratmadı?

- 1 il tur etmək üçün Amsterdama gedib-gəlirdim. 6 saat gündəlik yola sərf edirdim. Sonra artıq bu şəhərə köçdüm. Şəhəri o qədər tanımırdım, ona görə öz cızdığım marşrutdan kənara çıxmamağa çalışırdım. Deyirdim ki, yolu azsam, müştəri yanında biabır olacam. Deyəcək bələdçi niyə yolu azdı? (Gülür) 1 ay sonra görürdüm ki, yavaş-yavaş öyrənirəm, kənarları da tanımağa başladım. İndi isə şəhəri tam tanıyıram. İnsan hər şeyə alışır. Başlayandan 1 il sonra bələdçilərlə bağlı saytlarda reytinqim yüksəldi, ilk yerlərə gəldim. Turlarımın qiymətini 2 dəfə qaldırdım.

- Turizim şirkətiniz var. Şirkətdə hələ ki təksiniz, ya necə?

- Qiymətləri artıranda bir az tərəddüdüm də var idi, düşündüm ki, birdən mənfi təsir edər, amma əksinə oldu. Daha az işləməyə və daha çox pul qazanmağa başladım. Turları, xidmətləri artırdım. Sonra qızımın adı ilə adlandırdığım “Jasmin” tur və tədbir təşkilatçılığı şirkətini qurdum. Rəfiqəmlə bir yerdə işləyirik. Kompleks xidmətlər göstəririk. İndi böyük qrup turları etmirəm, özəl və korporativ turlara fokuslanmışam. Məsələn, korporativ turist gəlir, onları otelə yerləşdirməkdən restoran rezervinə qədər hər xidmət göstəririk. 2 il sonra 10 nəfərlik qayıq aldım. Onunla da turlar edirəm. Növbəti mərhələdə işlərimizi daha da genişləndirməyi planlayırıq. Komanda formalaşsın, bütün işləri onlar etsin, mən isə menecer olaraq işləri yönəldim.

“Kosmopolit adamam, düşdüyüm yerə uyğunlaşıram”


- Hazırda sırf bu işə fokuslanmısınız?

- Paraleldə tədbir meneceri olaraq da fəaliyyət göstərirəm. Bir şirkətlə həftəlik 16 saatlıq iş müqaviləm var.

- Həm iş, həm gəlir cəhətdən Amsterdamda tur bələdçisi olmaq necədir?

- Əyləncəlidir, gəlirlidir. Bir şirkətdə ştatlı işçi olsan, maaşın saatına 12-15 avrodan başlayır. 9-6 işləsən, günə 100 avro qazanırsan. Ortalama qazancları deyirəm. Aylıq da 2000 avro olsun. Bələdçi olaraq 2 saatlıq turları 120 avroya edirəm. Saatına 60 avro düşür. Saatına daha çox qazanırsan. Yaxşı bələdçisənsə, müştərin davamlı olur. Amma sezonun önəmi çoxdur. Ümumilikdə isə, davamlı oxuyuram, podcast dinləyirəm, dərs alıram, özümü inkişaf etdirirəm. Mütləq inkişaf etməlisən. Üzərlərində işləyən şəxslər bu sahədə qazana bilirlər. Paralel işim var deyə, bu iş mənə rahatdır. Davamlı işim var. Bir gün evdə oturmuram.

- İş qurmaq üçün netvörkinqin əhəmiyyətindən danışdınız. Niderlandda netvörkinqiniz yox idi.

- Kosmopolit adamam, düşdüyüm yerə uyğunlaşıram. Mənə görə doğma yer yaşadığın yerdir. İndi burdayam və özümü çox yerimdə hiss edirəm. Bu cür hiss etməyin üçün də birinci netvörkinq qurmalı, insanlarla tanış olmalısan. Tədbirlərə çox gedirəm. Əhatəmi daim genişləndirməyə çalışırıram. Məsələn, burda yerli qadınlar var ki, rus dilində danışırlar. Ayda bir dəfə onlara pulsuz turlar edirəm. Gəzirik, sonra oturub kofe içirik. Amsterdamda yaxşı bələdçi axtaran postlarda ən azı iki nəfər məni qeyd edir. Birincisi, keyfiyyəti görürlər, ikincisi, düşünürlər ki, o bizə pulsuz tur edib, biz də ona belə “sağ ol” deyək. Belə şeylərdən çəkinmək lazım deyil.

Azərbaycanda mən ödənişli biznes görüşlərinə gedirdim. Həmişə pul ödəyib gedirdim. Ən böyük sponsorumu orda tapdım. 2 il bizim resurs mərkəzimizi maliyyələşdirdi. 20 manat ödəyib getdiyim görüşdə həyatımın ən böyük layihəsini adamdan aldım.

Aygün Asimqızı // VALYUTA.AZ
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.