Üç Qərb ölkəsi Azərbaycana qarşı: Kissincerin planı işə düşdü

26-01-2024, 10:02           
Üç Qərb ölkəsi Azərbaycana qarşı: Kissincerin planı işə düşdü
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF onunla müsahibəni təqdim edir.

- Azərbaycan nümayəndə heyəti ölkəmizə qarşı qərəzli münasibəti və qərarlarına etiraz olaraq, AŞPA-dakı fəaliyyətini müvəqqəti dayandırdı. Avropa Birliyinin digər qurumlarının da Azərbaycana yanaşması fərqli deyil. Avropa Birliyi ilə əlaqələrimiz niyə belə korlandı? Bir ara hər şey yaxşıymış kimi görünürdü.

- Avropa ilə əlaqələrimizin korlandığını deməzdim. Burada əsas rolu oynayan Almaniya və Fransadır. Almaniyanı bu işə qoşulmağa ABŞ məcbur edib. Kissincerin fikri vardı ki, Almaniya siyasətə qarışmayana qədər ABŞ Avropada maraqlarını təmin edə bilməyəcək. Buna görə də nə Helmut Kol, nə də Angela Merkelin dövründə maraqlarını həyata keçirə bildilər. Olaf Şolzu gətirdilər, onun da babası Hitlerin “sağ əl”i idi, SS-in üzvüydü. Yəni Holokostun müəlliflərindən biriydi. Nəvə babadan artıq olmayacaq ki!

ABŞ-nin məqsədi iqtisadi maraqlarına çatmaqdır, bu məqsədlə də Almaniya və Fransadan təkcə Rusiya yox, Avropa Birliyinə qarşı da istifadə edir. Bu, bizim üçün qəribə olmamalıdır. Ermənistan mətbuatına baxın: hər gün İlham Əliyevlə bağlı ən azı 3-5 iri-kiçik materiallar verilir, eləcə də sosial şəbəkələr, xüsusən də Yutub kanallarında şərhlər verilir. Bir ara ermənilərdə Türkofobiya yaranmışdısa, indi bunu İlham Əliyevə yönəldiblər. İlham Əliyev nə vaxt danışırsa, bunlar havalanırlar. İlham Əliyevin son üç ildə həyata keçirdiyi uğurlu siyasət onlarda bu sindromun yaranmasına səbəb olub. Ermənilər Fransanın üzərindən bunu Avropaya transfer etməyi bacardılar.

AŞPA-nın mövqeyi qarşıdan gələn seçkilərlə bağlıdır. Fevralın 7-dən sonra bunların çoxu yaddan çıxacaq. Baxın, AŞPA-da alman deputatın təklifi ilə Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmədilər. Eyni zamanda, Almaniya nümayəndə heyəti ilə bağlı məsələ qoyulub ki, qoyulan tələbləri pozub. Əgər tələbləri pozublarsa, niyə Almaniya nümayəndəsinin təklifi əsas götürülür? Əslində, bu baş verməliydi. Çünki İlham Əliyev ustalıqla onların Cənubi Qafqaza girişinin qarşısını aldı. Eyni zamanda, İlham Əliyev Azərbaycana qarşı addımlara cavab olaraq, Fransanın müstəmləkələrini Parisin üzərinə qaldırdı. Fransa Afrikada təsir dairəsində olan 14 dövləti itirib, eləcə də Mikroneziya, Polineziya və Mərkəzi Amerikada itkilərə məruz qaldı. Fransa ortada tək qalıb.

Fransa indi Almaniyanı da özünə qoşub. Avropada onsuz da Türkofobiya və İslamofobiya vardı, qitənin yalnız bu iki ölkəsində Azərbaycanofobiya var. Bunu digər ölkələrə də transfer edirlər, amma Şərqi Avropaya yox. Serbiya Prezidenti Vuçiç İlham Əliyevin Avropada siyasi liderə çevrildiyini dedikdən sonra bu, onları havalandırdı. Avropada Macarıstan-Azərbaycan-Türkiyə üçlüyünü də nəzərə almaq lazımdır.

Görünən budur ki, öz ağılları ilə İlham Əliyevin seçilməsinə mane olmaq istəyirlər. Amma bu baş tutan deyil. Ümumiyyətlə, Avropa Şurasının qərarları imperativ deyil, tövsiyə xarakterlidir. Yasda mollanın dedikləri kimi bir şeydir. Yəni istəyirsən, qulaq as, istəmirsən, asma. AŞPA-nın hansı hüquqi mexanizmi var ki, Azərbaycana maneə yarada bilsin. Maneə yarada bilməyəcəklər. Avropa içüzünü açdı, buna “çoxüzlü” də demək olmur, simasızdı, qlobus kimidir – hara fırlasan, eyni şeydi. Ona görə də, atdığı addımlar bizim üçün göstərici olmamalıdır. Biz birlikdə güclüyük, bizə heç kimin gücü çatmaz.

- Sanksiyaların tətbiqi nə qədər mümkündür?

- ABŞ bahalı qazını Avropaya satmaq istəyir, artıq bu məqsədlə İspaniyada paylayıcı mərkəz yaradıb. Şərqi Avropa bununla razılaşmadı. Ümumiyyətlə, Avropanın durumu yaxşı deyil. Rusiyanın ucuz resurslarından istifadə edə bilmədiyinə görə, Avropa iqtisadi cəhətdən çökür. Belə durumda Azərbaycana necə sanksiya tətbiq edə bilərlər? Şərqi Avropa ölkələrinin heç biri bunu qəbul etməyəcək. Azərbaycanın Avropa Birliyinə üzv olan iki dövlətlə strateji anlaşmaları var. Üç dövlətlə də enerji sahəsi üzrə danışıqlar gedir. Üstəgəl, Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Avropanın üçdə biri Azərbaycanladır.

Bizə qarşı hansı sanksiyanı tətbiq edəcəklər? Yunanıstan və İtaliya bunu qəbul etməyəcək, Şərqi Avropadan da bir təhdid yoxdur. Hansısa dövlət məmurlarına qarşı sanksiya tətbiq edə bilərlər ki, bu da heç nəyə təsir göstərməyəcək. Azərbaycanın Avropada elə də böyük biznesi yoxdur. ABŞ 44 ildir İrana sanksiya tətbiq edir, İran ayaqdadır. 2014-cü ildən bəri Rusiyaya tətbiq olunur. Bu dövrdə Rusiya daha yaxşı inkişaf edib, əvvəl edə bilmirdi, indi edir. Çinə sanksiyalar da bu ölkənin inkişafını sürətləndirdi. Bizə də tətbiq etsinlər, biz heç nə itirməyəcəyik.

Azərbaycanın iqtisadi durumu yaxşıdır. Maddi, iqtisadi, əmək və enerji resurslarımız var. İqtisadiyyatı saxlamaq və inkişaf etdirmək üçün bu resurslar lazımdır, onlar da bizdə mövcuddur. Bir də biznesi bilmək lazımdır, bu sahədə də problemimiz yoxdur. Xaricdə oxuyan uşaqlarımız var ki, buna təkan verə bilərlər, dünyanı yaxşı bilirlər. Avropa sanksiya tətbiq etmək istəyirsə, etsin, bu, bizə problem yaratmayacaq, bir narahatlıq görmürəm. Çünki tətbiq edə biləcəkləri sanksiyaların heç birinin imperativ gücü yoxdur.

- Sizcə, bu nöqtədən sonra Qərb Azərbaycan-Ermənistan sülh danışıqları üçün bir platforma olaraq gündəmdən çıxa bilərmi?

- Artıq Azərbaycan yavaş-yavaş gündəmdən çıxarır. Qərb sülh danışıqları istəmir, əsas məqsədi Cənubi Qafqaza girməkdir. İndi Ermənistan Avropa Birliyinin öz ərazisindəki müşahidəçilərinin sayını artırmaq istəyir, artırsın. Amma Ermənistan bir şeyi anlamır ki, onu dünyaya bir dövlət kimi gətirən Rusiyadır. Onu boğub öldürəcək dövlət də elə Rusiyadır. Yəni Ermənistan öz qəbrini qazanın yanındadır. Ermənistan heç vaxt dövlət olmayıb. Ermənilərin 1918-ci ilədək tarixdə bir dövləti də yoxdur. Erməniləri həmişə kilsə idarə edib, indi də belədir, buna görə də dövlətçilik ənənələri yoxdur.

Paşinyan Ermənistanı xilas etməyə çalışır, bu da Avropa və ABŞ-yə sərf eləmir, çalışırlar ki, öz maraqlarını həyata keçirsinlər. Amma nə qədər çalışsalar da, Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasına mane ola bilməyəcəklər.

İnanmıram ki, Azərbaycan bundan sonra Avropa platformasından istifadə edəcək. Bizim üçün Vaşinqton da var, ən güclüsü isə Moskva platformasıdır. Yəqin ki, məsələ belə də həll olunacaq. Artıq Rusiya Ukraynada qələbəsini yekunlaşdırır. Rusiya imkan verməz ki, Ermənistan başqa addım atsın. Rusiya Ermənistanı 12 saata bitirəcək. Ermənistan kimə güvənir? Zvartnos aeroportuna düşənlərin pasportlarına möhürü Rusiya hərbçiləri vurur, erməni əsgəri yox. Ermənilər bunun dərdini çəksinlər.

Avropa bu məsələni uduzub. Buna görə də, quyruğu yanmış tülkü kimi hər yerə burunlarını soxurlar, amma heç nə alınmayacaq.

- Ukrayna-Rusiya müharibəsinin mümkün nəticələri bölgəmizdəki duruma necə təsir edəcək?

- Rusiya məğlub olmayacaq, bu birmənalıdır. Artıq Amerika geri çəkilib. Görünən budur ki, Rusiya ilə ABŞ arasında gizli razılaşma var. Amerika qətiyyən istəmir ki, Rusiya məhv olsun, dağılsın. Çünki ortada bir Çin faktoru var. Həmin faktora görə Rusiyanı ayaqda saxlamağa çalışırlar.

Müəllif: Mənsur Rəğbətoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.