“Çəkiliş zamanı “Göygöz Kosa”dan qorxurduq” – "Bir qalanın sirri"ndəki balaca "Hadı"/FOTO
3-03-2024, 11:14
“Bir qalanın sirri” filmində Hadı rolunu oynamış Telman Əliyev illər əvvəl show.az-a müsahibəsində filmlə bağı danışıb.
1945-ci ilin aprelində anadan olan Telman Əliyev Bakıda 26 saylı orta məktəbdə oxuyub.
“Bir qalanın sirri” tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılıb. “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt və Əli Zeynalov ifa edb.
– Hamı sizi Hadı kimi tanıyıb sevdi.
– Qismətimdən narazı deyiləm. Həmin filmdən sonra məktəbdə elə məni də, Fərhadı da “Hadı, Bıdı” deyə, çağırırdılar. Mən Fərhadla qardaş kimi idim. Biz paralel siniflərdə oxumaqla yanaşı həm də məhəllə uşaqları idik. Oxuduğumuz 26 saylı məktəb indiki Bülbül adına məktəbin binasında yerləşirdi. Məktəbimiz Ceyhun Mirzəyevə görə çox məşhur idi. Onda “Ögey ana” filmi çəkilmişdi artıq. Rejissor Əlisəttar Atakişiyev də çəkəcəyi “Bir qalanın sirri” filmi üçün də uşaq qəhrəmanlarını yenə də bizim məktəbdə axtarmaq qərarına gəlmişdi. Seçilənlər arasında mənimlə Fərhad da vardı. Yəqin bu da bir qismət idi ki, o qədər uşağın içindən bizi təsdiqlədilər. O vaxt Kinostudiyanın bir pavilyonu vardı: o da Azadlıq Meydanının arxasında yerləşirdi.
Filmin bircə kadrı orda çəkilmişdi; xəbər gəldi ki, bəs “Koroğlu” filminin sifarişi gəlib, pavilyonu boşaltmaq lazımdır. Onda məcburiyyət qarşısında qalan rejissor Əlisəttar müəllim Lenfilmlə müqavilə bağladı və biz filmi çəkmək üçün Leninqrada yola düşdük. Orada çox böyük bir pavilyon vardı: eyni zamanda dörd filmin dekorasiyası qurulmuşdu. Biz çəkilişləri axşamlar edirdik. Digər tərəfdə isə Rusiyanın ən məşhur aktyor və rejissoru olan Aleksey Batalov “İtlə gəzən qadın” filmini çəkirdi. Batalov bizim Mətanət bacıya vurulmuşdu. “itlə gəzən qadın” filminin qəhrəmanı olan aktrisa da Batalovu sevirdi. Yazıq kişi gizlicə məktub yazıb, Bıdıya verirdi ki, Mətanətə çatdırsın. Biz uşaq idik, amma başa düşürdük ki, onların arasında nəsə var.
– Uşaq olsanız da, bəxtiniz gətirmişdi: Azərbaycan kinosunun nəhəng sənətkarları ilə eyni filmdə rol almışdız.
– Sözün düzü, onda bunu o qədər də başa düşmürdük. Nə deyirdilər, onu da edirdik. Amma uşaq olsaq da, öz qürurumuz vardı… xüsusən də Fərhad… Ona söz demək olmurdu. Filmdə bir səhnə var: əlləri arxadan bağlı olan Hadı ilə Bıdı Elşənin içəri girdiyini görən kimi tez qalxıb, çiyinlərini Mətanət bacının ayağı altına verirlər. Mən bir az cəld idim, amma Fərhad kök idi deyə, yerindən qalxana kimi axşam olurdu. Mən durub qaçırdım, baxırdıq ki, o, hələ oturduğu yerdə vurnuxur. 5 dubl… 6 dubl… Əlisəttar müəllim gördü ki, bu, ləng tərpənir, hirsləndi, nə təhər gəlib şappıltı ilə Fərhadın üzünə bir şapalaq ilişdirdisə…. Fərhad əsəbindən əlindəki ipi qırdı, Əlisəttar müəllimi də itələyib, qaçdı küçəyə… Təsəvvür edin: Leninqradda gecələr süd kimi bəmbəyaz olur. İndi çıxmışam mən də bunun ardınca cağırıram… heç vecinə də deyil. Gecənin qaranlığında ayağında çarıq, əynində də çuxa… baş alıb gedir. Görənlər də mat-məəttəl baxır ki, gecənin bir aləmi bu uşaq hardan qaçıb belə?! Güclə qaytardım onu. Dedi, mən çəkilməyəcəm, vəssalam. Dedim, onda mən də çəkilmirəm.
Rəhmətlik Əli Zeynalov ( Simnar xan – red.) onu Əlisəttar müəllimlə güclə barışdırdı. Əli Zeynalov çox yaxşı adam idi. Məlahətli səsi vardı, pianoda gözəl ifa edirdi. Ümumiyyətlə, oradakı günlərimiz çox maraqlı keçirdi. Truppamız bir ailə kimi idi. Bir də görürdün ürəklərindən yeyib-içmək keçirdi. Başlayırdılar 100 manatdan yığmağa… O vaxtın 100 manatı da palaz boyda idi. Dəxli yox idi: biz uşağıq, ya yox… bizdən də pul alırdılar. O yeyib-içməyin nəticəsində bir də gördüm ki, əməlli-başlı kökəlmişəm. Təcili arıqlamaq lazım idi. Əlisəttar müəllim tapşırdı ki, mənə yemək verməsinlər: az qalırdım ağlayım. Elə bilirdim acından öləcəm. Bircə Fərhadın mənə yazığı gəlirdi: gizlicə kolbasa-çörək gətirirdi.
Filmdəki ev səhnələri Mərdəkanda çəkildi. Orada bir səhnə var: Hadı ilə Bıdı gəlirlər, qum da onların ayaqlarını yandırır. Əslində, oktyabr ayı idi… hava da elə şaxtalı idi ki, soyuqdan donurduq. O Göygöz kosanı qrimlə elə hala salırdılar ki, biz ondan, doğrudan da, qorxurduq. Amma çəkilişdən sonra yazıq kişi həmişə bizə mahnı oxuyurdu.
– Filmdən aldığınız qonorara özünüzə nə aldınız?
– Çox yaxşı pul verdilər bizə… O pula atam maşın aldı.
– Fərhadla dostluğunuz nə vaxta kimi davam etdi?
– Biz uzun illər dost olduq. Çox çalışqan idi Fərhad… O, şərqşünas, mən energetik oldum. Sonradan yollarımız ayrıldı: onu işləmək üçün xaricə göndərdilər. 2006-cı ildə isə Fərhadın ölüm xəbərini aldım. Düzü, inanmaq istəmədim.