AzTV-dən buna görə çıxdım – Vüqar Əhməd
12-03-2024, 09:37
Kult.az şair Vüqar Əhmədlə müsahibəni təqdim edir
- Deyirlər, professor olmaq üçün AzTV-dən ayrılmısınız. Dəqiq səbəb budur?
- Mən əvvəl üç yerdə işləyirdim. İyirmi ilə yaxın AzTV-də rəhbər vəzifədə olmuşam. Sonra redaksiyamız “Ədəbi Dram”la birləşdi. Yarımştat Elmlər Akademiyasında, yarımştat da Müəllimlər İnstitutunda işləyirdim. Filologiya elmlər doktoru idim. Rektorumuz dedi, mən səni professor keçirdə bilmərəm, gərək, bütöv ştata keçəsən. Ərizəmi yazıb, AzTV-dən çıxdım. Rektor isə yaxşı mənada məni aldatdı. Sən demə, olarmış işləmək, amma mənim kimi kadrı tam ştat istəyirmiş. Elə AzTV-dən çıxmaq da ürəyimdən idi. Rəhbərlik dəyişmişdi, mühit o deyildi.
- Bəs indi necə, peşmansınız?
- Peşmanlıq deməzdim. Artıq yaşım keçib, cavan olsaydım, hazırki komanda ilə işləyərdim AzTV-də.
- Üç işdə işləmək çətin deyildi bir şair üçün?
- Şair işləməmişəm ki! Hərəsində öz işim olub. Onda uşaqlar da balaca idi, üç yerdən bir yerin maaşını alırdım, çatmırdı. Yenə yaxşıydı ki, dərsliklərim, kitablarım satılırdı, oradan da bir az gəlir gəlirdi. Rəsulzadə haqda romanımdan yaxşı pul qazandım. Ordan-burdan qonorarla da birtəhər dolanırdım.
- Vüqar müəllim, indiyə qədər nə qədər şeir yazmış olarsınız? Sizin haqqınızda sosial şəbəkədə bəziləri yazır ki, hər gün şeir yazır…
- Mən çox şeir yazmamışam axı. Deyirlər də. Bəlkə 500 sözümə mahnım var. Bizim elə xalq şairlərimiz var ki, onların on cild şeiri var. Bir söz var e, “az yazıram, saz yazıram”. Dəqiq bilmirəm, bəlkə, 800-1000 şeir olar.
- Düşünürsünüz ki, bir şair üçün min şeir azdır?
- Yox, siz nə danışırsız? Əvvəla, təqribi dedim. Oturub şeirlərimi sayım? Amma bir dəfə sizin xətrinizə sayaram. Camaatın on min, iyirmi min şeiri var. Bəlkə də 600 şeirim olar - 40 illik yaradıcılıq üçün çox azdır. Daim elmi fəaliyyətlə də məşğul olmuşam. Ən məhsuldar dövrüm müğənni, bəstəkarla işləyəndə olub. Təbi gələndə yazıram da. Sözlərimə oxunan mahnıları eşitməmisiniz? Bütün toylarda “Balaların xətrinə” oxunur, “Şuşanın dağları, başı vüqarlı” - Şuşada belə oxundu. “Azərbaycan” şeirimi hamı Səməd Vurğunun şeirindən sonra ən yaxşı şeir kimi qiymətləndirir.
- Sizə “nəğməkar şair” deyirlər. Hiss edirsiniz ki, “nəğməkar şair”i alçaltmaq, zəif göstərmək üçün deyirlər?
- Mən “nəğməkar şair” adından imtina eləmişəm. Bu adı mənə illər öncə Əlibaba Məmmədov vermişdi. Yaşar Nuri də yaradıcılıq gecəmdə çıxış edib, o cür təqdim elədi. O vaxt üçün bu ad çox yaxşı idi. Sonra gördüm ki, tədbirə çağırırlar, iki şeirinə mahnı oxunanı da nəğməkar şair kimi təqdim edirlər. Ümumiyyətlə, şair şairdi də. Vəssalam. Daha mənə belə demirlər. İndi olur, bir də görürsən, rayondan gələn saf adamdı, görüşür, öpür, deyir, nəğməkar şairimiz, sənin nəğməli ürəyindən öpürəm. Amma alimlər, ziyalılar bilirlər ki, kiməm, nəyə qadirəm.
- Bəstəkarlardan pul almağı alver hesab elədiyinizi demişdiniz. Belə çıxır ki, alanlar alverçidir?
- Mən özüm heç vaxt almamışam, kim də alırsa, halal xoşu. Ruzini Allah verir, maaş alıram, şeir satmağı isə bacarmıram. Mən belə düşünürəm, sadəcə. Demirəm ki, etmək olmaz, amma mən etməmişəm, edə bilmirəm.
- Az qala bütün şairlər danışanda deyirlər ki, mənə paxıllıq edən çoxdur, ayağımı çəkirlər. Sizə necə, paxıllıq edirlərmi?
- Elə şey olar ki, etməsinlər? Amma mənə heç vaxt istedadlı adamlar paxıllıq etməyib. Ciddi adamlar həmişə dəstək verib, dost olmuşuq.
- Kimdir o ciddi adamlar?
- Ustad saydığım Bəxtiyar Vahabzadə, Nəbi Xəzri. Rəhmətlik Zəlimxan Yaqubla yaxşı münasibətimiz var idi. Şair Qabillə, Cabir Novruzla dost olmuşuq, alimlərimizdən İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Yaşar Qarayev, Bəkir Nəbiyev - hamısı haqqımda da yazıblar. Paxıllıq istedadsız adamların işidir. Hələ çoxdur, yadıma düşən bunlar oldu.
- İzzət Bağırova şeir yazdığınıza görə peşman deyilsiniz ki?
- Xeyr, niyə peşman olum? İzzət o vaxt ağır qəza keçirmişdi, könlü xoş olsun deyə yazmışdım.
- Xoş oldu?
- Əlbəttə. Kimə xoş olmaz ki? İki dəfə ağır əməliyyatdan sonra ayılıb ona həsr elədiyim şeiri oxuyanda sevindi. O, həm də uşaqlarımın dayısıdır. Amma bunun dəxli yoxdur, başqası da olsa, yazardım.
- Xeyli adama şeir həsr eləmisiniz. Bəs sizə də şeir həsr ediblərmi?
- Mənə heç bilirsiniz nə qədər şeir həsr olunub? Balakənli bir şair poema həsr edib. Şair Tofiq İmişli var, mənə on şeir həsr edib. Nizami Rəmzi qəzəl həsr eləmişdi, baş hərfləri də Vüqar Əhməd… Daha sonra Cabir Novruz, Nəbi Xəzri də həsr edib. Çoxdur. Özümün onları çap etməyim düzgün olmaz. Öləndən sonra övladlarım edərlər.
- Xanımlara da şeir həsr edirsiniz? Yoxsa ancaq kişi şairlərə?
- Xanımlara da şeir həsr eləmişəm. Sevgi mahnılarım var da.
- Xanımlara deyəndə, zaman-zaman sevdiklərinizi nəzərdə tuturam…
- Brilyant Dadaşova “mən gizlincə səninləyəm” oxumuşdu. Bir elmlər doktoru var, dedi, Vüqar, utanmırsan, evli adamsan, bu nədi? Dedim, bəlkə elə yoldaşıma yazmışam? İnanmadı, əsəbiləşib dedi ki, yoldaşla gizlincə görüşmürlər, sənin gəzdiyin var. Bilmədim nə deyim, bu da poeziyanı anlayan alimimiz…
- Müsahibənin sonunda mənə bir şeir həsr edə bilərsiniz? Son sözümüz o olsun…
- İndi yox, amma söz verirəm ki, sizə şeir həsr edəcəm.