Rusiya Ermənistana qarşı hərəkətə keçir - Bölgədə durum dəyişdi
10-04-2024, 17:47
Brüsseldə Avropa İttifaqı-Ermənistan və ABŞ arasında keçirilmiş görüşdən erməni tərəfinin xüsusi gözləntiləri var idi. Ermənistana iqtisadi, humanitar yardımdan əlavə digər məsələlərdə də dəstək nəzərdə tutulurdu. Amma görüşdə İrəvana daha çox vədlər verildi. Avropa ilə ticarət əlaqələrinin genişlənməsi, energetika, viza və qida təhlükəsizliyi ilə bağlı əməkdaşlıqdan danışıldı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
O qeyd edib ki, Ermənistana yardımlar söz olaraq ifadə olundu:
“Reallıqda elə də böyük olmayan maliyyə yardımının məbləği açıqlandı. 270 milyon avro bir ölkə üçün elə böyük pul deyil. Amerika 65 milyon dollar yardım edəcəyini bildirdi. 4 il üçün bu da elə böyük mahiyyət kəsb etmir”.
Millət vəkili hesab edir ki, Amerika bu pulu bir il verəcək:
“Konqres gələn ilin büdcəsini təsdiq edərkən bu məbləği azalda da bilər. ABŞ Administrasiyası vəd vermək iqtidarında deyil. Ona görə də, Nikol Paşinyanın Brüssel görüşündən razı qayıtdığını söyləmək olmaz. Çünki o, Rusiyanın ətəyini buraxmadan, ABŞ və Avropa Birliyindən Ermənistana köməklik istəyir”.
Rasim Musabəyov bildirib ki, Ermənistan Brüssel görüşündən havayı silah və digər imtiyazlar gözləyirdi:
“Rusiyanın müttəfiqi kimi Ermənistanın gözləntiləri doğrulmadı. Moskva görüşlə bağlı sərt bəyanat verdi. Sözdə sərt ritorika sərgilənsə də bunun arxasınca hansı addımın atılacağı maraqlıdır”.