124 min peyğəmbərdən 7-si qadın olub? - Elşad Miridən SENSASİON AÇIQLAMA
15-05-2024, 11:50
Günümüzdə olduqca az insanın bildiyi və qaranlıq qalan məqamlardan biri də qadın peyğəmbərlə bağlıdır. Çox insanın fikrincə, dinlərdə qadın peyğəmbərlər olmayıb, sadəcə kişi peyğəmbərlər yer alıb.
Bəs gəlin görək, bu, həqiqətənmi belədir?
İlahiyyatçı Elşad Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, din anlayışı sadəcə kişilərə məxsus deyil:
“Quranda qadın peyğəmbərlər haqqında məlumat yoxdursa, Allah qadın peyğəmbərlərin adını çəkmirsə, bu, o demək deyil ki, qadın peyğəmbər yoxdur.
Yəhudilərin özləri 124 min yox, 55 peyğəmbər qəbul ediblər və onların 7-sinin qadın olduğunu bildiriblər. Bəzi İslam alimləri İsa Məsihinin anası Məryəmin peyğəmbər olduğunu bildirirlər. Tövratın 15-ci çıxış bölümünün 20-21-ci fəslində bu haqda məlumat var. İncildə 2-ci fəslin 36-38-ci bölümünə baxsaq, yenə rast gələ bilərik.
Quranda “Yusuf” surəsi, 12/109, “Nəhl” surəsi, 16/ 43-44, “Ənbiya” surəsi, 21/7-ci ayələrdə də buna rast gəlirik. Bu ayələrdə “rical” sözü işlənir. Bu sözə tərcümələrin hamısında kişi mənası verilib. Bu gün bizim bəzi din xadimləri Qurandakı həmin ayədə olan cümləni “adam”, “insan” mənasını yox, kişi mənasını verirlər.
Buna görə də fikirləşirlər ki, 124 min peyğəmbərin hamısı kişi olub. Mən bu gün bu cahilliyin səbəbini insanlarda yox, dini onlara təbliğ edən şəxslərdə görürəm. “Rical” sözü təkdə yox, cəmdə işlənir. Bu sözün yeganə mənası “kişi” demək deyil. Bu sözün Azərbaycan dilində qarşılığı “adam”dır, “kişi” yox.
Məsələn, “Əraf” surəsi, 7/46-cı ayədə eyni söz istifadə olunur, amma tərcüməsində yazılır ki, “hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaq ki, onlar Cənnət əhlini səsləyib:
“Sizə salam olsun!” deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər”.
Diqqət edin, burada “kişi” yox, “insanlar” mənasında istifadə edilib. Niyə başqa yerdə “kişilər”, burada “insanlar” oldu? Çünki yaxşı bilirlər ki, bu ayədə “kişilər” sözündən istifadə etsələr, sözün mənası, məğzi tamamilə dəyişəcək. Cənnətə gedən şəxslər təkcə kişilər olsaydı, məntiqsizlik olardı. Bu ayələrin heç birində insan cinsi qeyd edilmir. Qeyd edilən söz sadəcə “insan”dır. Allah “kişi və ya qadın peyğəmbər” deyə bir fərq qoymur”.