“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”

21-05-2024, 07:34           
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”
“Əlbəttə, hamımız arzu edərdik ki, Ukraynada partizan hərəkatı daha da effektli olsun. Yəni tam olmamaqdansa, bu da yaxşıdır. Bu gün nəinki işğal edilmiş Ukrayna ərazilərində, eyni zamanda, Rusiyanın öz ərazisində, hətta bu ölkənin ən dərinliklərində belə partizan qrupları var. Müharibə başlayan iki ildən çox müddətdə zaman-zaman Rusiyanın mərkəzindən çox uzaq məkanlarda ölkənin hərbi obyektlərinə, yanacaq və dəmiryol infrastrukturlarına qarşı diversiyalar həyata keçirilir. Bunları törədənlər yalnız ukrayınlar, tatarlar deyil; onların arasında tanıdığım etnik ruslar da olur”.

Bunu Moderator.az-a açıqlamasında hazırda Ukraynada yaşayıb fəaliyyət göstərən hərbi ekspert, ehtiyatda olan polkovnik Elxan Nuriyev “Rusiyanın içərilərində Ukrayna partizan hərəkatının, o cümlədən əsasən Krım tatarlarından ibarət “Ateş” qruplaşmasının əməliyyatları nə dərəcədə effektivdir?” sualını cavablandırarkən ifadə edib.

“Ukraynaya xidmət edən partizan hərəkatı Rusiya ərazisində də fəaliyyət göstərir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyada bu tip hərəkatlara qarşı mübarizədə təcrübəsi olan əks-kəşfiyyat qurumları var. Ona görə də belə bir durumda partizanlıq etmək çətindir. Odur ki, mümkün olanı etməklə kifayətlənməyə məcburuq”, - deyə davamında ekspert bildirib.

“Ukraynada, xüsusən cəhbə xəttinə yaxın yerlərdə əhalinin əhval-ruhiyyəsi haqqında nə demək olar?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:

“Ukraynada savaş gedir və əhalinin əhval-ruhiyyəsi də buna uyğun formalaşır. Müharibə şəraitində illərlə yaşamaq, o əzab-əziyyətə duruş gətirmək çətindir. İnsanlar müxtəlifdir və bu durumu fərqli cür qarşılayırlar. Elə insanlar var, hətta hərbi komandanlıq, dövlət onları təhlükədə olduqlarını görür. Düşmənin artilleriya məsafəsində yerləşdikləri üçün evakuasiya olunmaları haqqında xəbərdar etsə də, onlar öz doğma yurdlarını tərk etmək istəmirlər... Bütün hallarda müharibə gedir və hamıdan fədakarlıq, cəsarət gözləmək doğru olmaz. Hamı müharibənin bitməsini, Ukrayna xalqının qələbəsini, ən azı, nəyinsə dəyişməsini gözləyir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.