Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etd
21-05-2024, 12:17
“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov suallarımızı cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı ilkin addımlar atılıb. Sözsüz ki, üç mühüm sənədə (1991-ci Almatı razılaşması, 1976 və 1979-cu il keçmiş sovet dövrünün hərbi xəritələri) istinadən yerdə iş aparılıb. Sərhədin ayrı-ayrı hissələrinə aid başqa hansı sənədlərə istinad edilə bilər?
– Delimitasiya və demarkasiya uzun bir prosesdir. Ermənistanın baş naziri Nikol Paşinyan 1970-ci il xəritələrinə istinad edir. Amma rəsmi şəkildə bu, Azərbaycan tərəfindən təsdiqlənməyib. Azərbaycan üçün əsas məsələ sərhədin hissə-hissə dəqiqləşdirilməsinə nail olmaq və iki ölkə arasında olan ziddiyyətləri həll etməkdən ibarətdir. Bu istiqamətdə də ardıcıl olaraq işlər aparılır. Ermənistan tərəfi anlamalıdır ki, hazırda əsas prioritet sülh müqaviləsinin bağlanmasıdır. Eyni zamanda erməni tərəfi üzərinə götürdüyü öhdəlikləri icra etməlidir.
– Sülh müqaviləsindən öncə delimitasiyanın başa çatması ehtimalı varmı? Sərhədlərin dəqiqləşməsinin mürəkkəb proses olduğunu nəzərə alsaq, bu, nə dərəcədə real görünür?
– Delimitasiya və demarkasiya prosesinin sülh müqaviləsindən əvvəl tam olaraq başa çatması istisna edilir. Gözlənilən odur ki, Paşinyan ardıcıl olaraq öz qarşısında olan məsələləri həll etsin. Sözsüz ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələr də var. Bu proseslərə kənar müdaxilələrin olması da mümkündür. Ermənistan daxilində artıq Paşinyana qarşı müxalifət addımlar atmaq niyyətindədir.
– Yekun razılaşma üçün əsas menəə nədən ibarətdir? Ermənistanın mövcud normativ hüququ aktları, yəni Azərbaycana qarşı daxili qanunvericilikdə olan qeydlər bu prosesə necə təsir edəcək?
– Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh sənədinin imzalanması çox vacibdir. Belə bir sənədin olması üçün isə Ermənistanın normativ hüquqi aktlarında dəyişikliklər edilməlidir. İrəvan bununla yeni konsepsiyanı ortaya qoymalıdır. Ona görə də, Paşinyanın 1970-ci illərin xəritələri ilə bağlı xəyalları elə arzu olaraq qalacaq.
– Azərbaycanın sülh müqaviləsi ilə bağlı əsas şərtləri nədən ibarətdir?
– Rəsmi Bakıdan hansı illərə əsasən iki ölkə arasında sərhəd xəttinin müəyyənləşməsi ilə bağlı konkret ismarıclar verilməyib. Ermənistanda hakimiyyətə revanşistlər gələcəksə, erməni kilsəsi indiki yaramaz siyasətini davam etdirəcəksə, o zaman bu ölkənin gələcək sərhəd xəritəsinin erməni kilsəsinin ətrafında olması da istisna edilmir. Belə olan halda isə hər şey erməni xalqından asılı olacaq. Yaxşı olardı ki, erməni xalqı məsuliyyəti öz üzərinə götürsün. Çünki Ermənistandakı avantürist qüvvələr yenidən ölkəni idarə edəcəklərsə, bu yenidən iki ölkə arasında gərginliyə səbəb olacaq. Ona görə də, erməni xalqı özü qərar verməlidir. Onlar Azərbaycanla Paşinyanın apardığı sülh siyasətinə razıl olub-olmadıqlarını bəyan etməlidir.
– Ermənistan qanunvericiliyində Azərbaycana qarşı olan ərazi idiaları ilə bağlı müddəaların çıxarılmaması fonunda imzalanacaq sülh sənədinin effektivliyi ilə bağlı yanaşmalar necədir? Bu sənədin ölkə daxili qanunlara təsirini haqqında fərqli fikirlər var…
– Hər bir halda iki ölkə arasında imzalanacaq sənəd beynəlxalq statusa malikdir. Bu, eyni zamanda hər hansı qeyri-qanuni normativ hüquqi aktlardan üstündür. Eyni zamanda Azərbaycan tərəfi burada özünü sığortalamalıdır. Ona görə də, Ermənistan konstitusiyası, gerbi, normativ hüquqi aktlarını dəyişməlidir. Əgər Ermənistan Azərbaycanla sülhə gedirsə, onun hüquq normativ aktlarında Azərbaycana qarşı ərazi iddiası olmamalıdır.
– Bu iddiaların davam etməsi fonunda sülh danışıqlarında fasilələr yarana bilərmi?
– Azərbaycana qarşı bu iddialar davam edəcəksə, Bakının da İrəvana qarşı tutarlı tarixi iddiaları mövcuddur. Digər tərəfdən iki ölkə arasında imzalanacaq sənədi sülh və yaxud paraflanmış sənəd də adlandırmaq olar. Bunun münasibətləri normallaşdıracaq sənəd də adlanması mümkündür. Hazırda bu istiqamətdə işlər görülür. Əsas ifadələrlə bağlı o qədər də böyük problem yoxdur. Çünki Qarabağın dağlıq hissəsində artıq çağırışlar həll edildi. Qarabağın Azərbaycanın daxili hissəsi olduğunu Paşinyan Praqa sammitində və ondan sonrakı görüşdə etiraf edib. Belə olan halda yeganə problem Ermənistan konstitusiyası və onun parlamentinin ayrı-ayrı vaxtlarda qəbul etdiyi sənədlərdir./teleqraf.com