Paşinyanı devirmək üçün son cəhdlər: Rusiya Baqrata açıq dəstəyə başladı
28-05-2024, 15:18
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Revanşist keşiş Baqrat Qalstanyan yenidən Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyasına başlayıb. Qalstanyan bu dəfəki cəhdinin həlledici olacağını bəyan etmişdi. Revanşistlərin hakimiyyəti ələ keçirmək şansları nə qədərdir?
- Əslində Ermənistan mediasını araşdıranda görürsən ki, bu, gülüş obyektinə çevrilib. Ciddi dalğa yarada bilmədilər. Düzdür, Paşinyandan narazı olanlar var, amma onlar bu hərəkatın Rusiyadan qaynaqlandığını və oradan dəstək aldığını, Köçəryan-Sərkisyan klanının prosesə ciddi maddi-siyasi dəstək verdiyini görürlər. Yəni Paşinyandan narazı olanlar belə, Köçəryan və Sərkisyandan on dəfə narazıdırlar. Orta statistik Ermənistan vətəndaşı düşünür ki, bu hərəkatın uğur qazanması Sərkisyan-Köçəryan klanının xeyrinə olacaq. Buna görə də, cəmiyyətdən hərəkata ciddi dəstək gəlmədi. Elan olunmuşdu ki, ilk mitinqlərdən daha çox adam gələcək, amma qat-qat az insan qatıldı. İrəvan şəhərində həyatı iflic edəcəklərini bəyan eləmişdilər, bu da alınmadı.
Ermənistanda maraqlı bir proses də başlayıb: uzun illər işğal altında saxladıqları Azərbaycan rayonları və şəhərlərinin “keçmiş merlər”i həbs edilir. Artıq Xankəndi, Əsgəran, Ağdərə şəhərlərinin “keçmiş merlər”i həbs olunub, digərlərinə də ölkədən çıxış qadağası qoyulub. Paşinyan xalqa o cür mesaj verir ki, bizə qarşı olan hərəkat erməni xalqına yox, kənar qüvvələrə xidmət edir və bunlar revanşistlərin “Qarabağ klanı”nın növbəti cəhdləridir.
Mənə elə gəlir ki, Ermənistanda baş verənlər növbəti dəfə uğursuzluqla nəticələnəcək. Paşinyan da artıq mesaj verib ki, məni udmaq istəyirsinizsə, 2026-cı il seçkilərini gözləyin. Üstəgəl, Ermənistanın bəzi bölgələrində sel fəlakətləri yaşanır. Xalqın təpkisi var ki, insanlar can çəkişirlər, keşişin dəstəsi İrəvanda hakimiyyət davası aparır. Düşünürəm ki, hərəkat artıq sönməyə doğru gedir, bir müddət sonra isə tam sıradan çıxacaq.
- Rusiya əvvəlki aksiyalarda səsssiz qalsa da, bu dəfə revanşistlərə informasiya dəstəyi verməyə başlayıb, Kremlə bağlı ekspertlər də danışırlar. Rusiya niyə səssizliyini pozdu?
- Rusiya anlayır ki, Ermənistan cəmiyyətinin 80-90 faizi ondan küsüb. Yəni ermənilər son müharibədə onlara kömək etmədiyinə görə Rusiyanı qınayırlar. Rusiya anlayır ki, bu narazılıq fonunda hərəkata dəstək versə, proses beşikdəcə boğulacaq. Buna görə də, gözləmə mövqeyi tutdular və altdan dəstək verdilər. Hərəkata Köçəryan vasitəsilə pul da ötürürdülər. İnsanlara eyni rəngdə paltarlar paylanılır, meydanda səhnə və işıqlandırma sistemi quraşdırılır, mikrofonlar və sair. Təkcə səhnənin quraşdırılması 20-25 min dollara başa gəlir. Bunların hamısını Köçəryanın partiyası maliyyələşdirir.
Rusiyaya gəlincə, dediyim kimi, cəmiyyətdəki narazılığı görüb, açıq dəstək verməklə qıcıq yaratmaq istəmədi. Amma indi də anlayır ki, dəstək olmasa, ümumiyyətlə, heç nəyə nail olmaq mümkün deyil. Buna görə də, yavaş-yavaş maskalar düşür, ən azı informasiya dəstəyi vermək qərarına gəliblər ki, bəlkə bu yolla hərəkatın arxasında kütləvilik yarada bildilər.
- Rusiya Ermənistandakı səfirini niyə geri çağırdı? Rusiyanın rəsmi media qurumları yazırlar ki, bu, Paşinyan KTMT və Moskva əleyhinə bəyanatları, eləcə də rus sərhədçilərini “Zvartnots”dan çıxarmaq qərarı ilə bağlıdır. Maraqlıdır ki, sərhədçilərin çıxarılması ilə bağlı Paşinyanla Putin arasında anlaşma olmuşdu, indi niyə bunu mübahisələndirirlər?
- Rusiya Xarici İşlər Nazirliyi ən azı rəsmi açıqlamasında bildirdi ki, məsləhətləşmələr üçün geri çağırılıb. Bunun da səbəbi odur ki, Paşinyan ad çəkmədən KTMT-nin iki ölkəsinin Azərbaycana ciddi kömək etdiyini demişdi. Görünür, səfirin geri çağırılması İrəvana mesaj idi ki, çox da irəli getməyin. Moskva Ermənistandan Rusiya ilə bağlı məlumat sızıntılarının olmasından ehtiyatlanır. Onsuz da Azərbaycanın atdığı addımlar, Türkiyənin bölgədə güclənməsi Rusiyanı Cənubi Qafqazda sıxışdırıb. Moskvanın bölgədəki mövqeləri kifayət qədər zəifləyib. İndi Ermənistanın bəzi faktları açıqlaması Rusiyanın bölgədəki nüfuzunu daha da zəiflədə bilər. Yəqin ki, bu, “Zavrtnots” və ya digər məsələlərlə əlaqəli deyil, bu anlaşma onsuz da olmuşdu. Anlaşmadan sonra səfiri geri çağırmazlar.
Dediyim kimi, bu, Paşinyan hökumətinə bir mesaj idi ki, çox da irəli gedib bəzi məlumatları ictimailəşdirməsin.
- Görünən budur ki, Paşinyanı etirazlar və ya küçə aksiyaları ilə devirmək mümkün olmayacaq, bəs bunu alternativ vasitələrlə etmək necə - mümkündürmü?
- Ermənistan artıq bu mərhələni keçib. Yəni cəmiyyətdən dəstək görməyən şəxsin kənar qüvvələr vasitəsilə hakimiyyətə gətirilməsi mümkün deyil. Erməni cəmiyyəti 2018-ci ildən bəri xeyli dəyişib. Artıq Ermənistan cəmiyyətində yeni mövzular açılıb. Yeddi-səkkiz il əvvəl “Böyük Ermənistan” xülyasını şübhə altında qoyanların Ermənistan cəmiyyətində yeri ola bilməzdi. O dönəmdə bu, ermənilərin ən sevimli mövzusu idi, çünki özlərini “qalib” sayırdılar. Amma indi Paşinyanın komandası və erməni intellektualları bu mövzunu açıblar. Paşinyan açıq şəkildə bildirir ki, ermənilər mifik Ermənistandan real Ermənistana keçid etməlidir, bu illər ərzində mifik Ermənistan erməni xalqına ziyan vurub.
Başqa sözlə, erməni cəmiyyətinin qəbul etmədiyi şəxsin hərbi çevriliş və ya başqa yolla hakimiyyətə gətirilməsi mümkün deyil. Moskva da anlayır ki, Paşinyan hakimiyyətdən getsə belə, cəmiyyətin tələbi daha çox anti-Rusiya siyasəti yürüdən şəxs ola bilər. Məsələn, Alen Simonyan kimi. Əslində Simonyan Rusiyaya qarşı mövqeyində Paşinyandan daha radikaldır. Bu gün Ermənistanda bu trendin təmsilçilərindən başqa hakimiyyətə gələ biləcək bir qüvvə yoxdur. Belə bir fonda ruslar bu işi zorla görsələr, erməni cəmiyyəti daxilində itirdikləri nüfuzları tamamilə darmadağın ola bilər. Bu addım Rusiyanın Ermənistandan çıxışını sürətləndirəcək. Yüz minlərlə insanın küçələrə çıxması Rusiyanın Ermənistandan qovulması ilə nəticələnə bilər. Bunu da anlayırlar.
Mənə elə gəlir ki, Paşinyanın mövqeləri zəiflədilməklə hakimiyyətdə qalması Moskvanın daha çox işinə yarayır, nəinki hansısa formada onu dəyişmək...