Həbsdəki sabiq deputat ev dustaqlığına buraxılmasını istəyir: “Sonra istəsəniz, yenidən tutarsınız”

11-06-2024, 08:54           
Həbsdəki sabiq deputat ev dustaqlığına buraxılmasını istəyir:
Həbsdə olan keçmiş deputat və iş adamı, iqtisadçı Nazim Bəydəmirlinin işi üzrə məhkəmə prosesi iyunun 10-da davam etdirilib.
Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında Nazim Bəydəmirlinin vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Vəkil Aqil Layıc vəsatətini əsaslandırarkən bildirib ki, Nazim Bəydəmirlinin cinayət törətdiyini təsdiqləyən mötəbər sübut-dəlil yoxdur. Hüquqlarını müdafiə etdiyi şəxsin əsassız həbsdə saxlandığını deyən vəkil əlavə edib ki, Nazim Bəydəmirli ev dustaqlığına buraxılsa belə, məhkəmədən yayınmayacaq, onun yaşayış yeri də məlumdur.

Vəkil qeyd edib ki, bu işə baxan hakimlər heyəti məzuniyyətə gedir: “Bu isə o deməkdir ki, Nazim Bəydəmirli daha ay yarım-iki ay əsassız həbsdə qalacaq”.

Təqsirləndirilən iqtisadçı da vəkilinin vəsatətini müdafiə edib. O bildirib ki, səhhətində ciddi problemlər var, ev dustaqlığına buraxılarsa, müalicə oluna bilər:

“Mən cinayət törətməmişəm, bir yalnış məlumat üzərindən həbs olunmuşam. Hesab edirəm ki, həbsdə saxlanmağım antihumanist addımdır. Övladlarım narahat olmasın deyə, səhhətimlə bağlı problemləri ictimailəşdirmirəm. Səhhətimlə əlaqədar çox əziyyət çəkirəm. Buraxın, müalicə olunum, səhhətimi bərpa eləyim, sonra istəsəniz, yenə də tutun. Oğlum Koç Universitetinin doktorantıdır. Amerikada təhlükəsizlik idarəsində işə qəbul olunub və bu gün yola düşür. Həmişə övladlarıma demişəm ki, harada olursunuzsa olun, Azərbaycanın mövqeyini üstün tutun”.

Prokuror Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılmasına etiraz edib. Hakimlər də bu barədə vəsatəti təmin etməyib. Hakim Fərid Namazov qərarı elan edərkən deyib ki, Nazim Bəydəmirli həbsdən buraxıldığı halda, onun şahidlərə təsir göstərmək ehtimalı var.

Sabiq deputatın işi üzrə məhkəmə prosesi iyulun 29-da davam edəcək.

Nazim Bəydəmirli 2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat olub.

Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb. O, özünün də səhmdar olduğu “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək, 2023-cü ildə ondan 10 min manat pul almaqda ittiham olunur. Ona qarşı daha bir ittiham budur ki, 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan spirtli içki biznesinə yatırdığı vəsaitdən imtina etməsini tələb edib və buna nail olub. Bundan əlavə, ondan 28 min dollar da pul alıb.

Nazim Bəydəmirli bu ittihamlarla razılaşmır. O, məhkəmədə ifadəsində deyib ki, özünü təqsirli bilmir. Keçmiş deputat 2023-cü il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində keçirilən etiraz aksiyalarına görə qurban seçildiyini iddia edir. Həmin etiraz aksiyasında Söyüdlü sakinləri qızıl zavodundan gölə zəhərli su axıdılmasına etiraz edirdilər.

Aytən, Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.