Qərbi Azərbaycan Xronikası: "Türklərin Qafqazdakı varlığını XI əsrdən götürmək utopiyadır" VİDEO

3-07-2024, 09:48           
Qərbi Azərbaycan Xronikası:
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Mamikonyanlar Qara Hunlardır və Fərqanə ərazisindən bura köçüblər" adlı veriliş efirə gedib.

Verilişdə araşdırmaçı Əkbər Nəcəf Alban, Oğuz və digər türk tayfaları haqqında danışıb, Xəzərlərin bütün etnik kimliyini Sabir türk tayfası təşkil etməsi ilə bağlı maraqlı faktları açıqlayıb.

Onun sözlərinə görə, türklərin Qafqazda var olmasının XI əsrdən hesab edilməsi utopiyadır:

"Yaxın Şərqdə qədimdə ordu və dövlətlə bağlı münasibətlər türk dilində icra edilib. Mamikonyanlar Qarahunlardır və Fərqanə ərazisindən bura köçüblər".

O deyib ki, Xəzərlərin bütün etnik kimliyini Sabir türk tayfası təşkil edib:

"Oğuz deyilən anlayış ittifaq deməkdir. Latın dilli mətnlərində Oğuz adı "Oqur" şəklində keçir. Qıpçaqlar, peçeneqlər Oğuz kimliyi içində yer alıb. Oğuzlar təkcə Qafqaz deyil, eyni zamanda, Balkanlarda, Karpatlarda mövcud olublar".

Süjetdə həmçinin Albanlardan da söz açılıb və bildirilib ki, onlar əslində Massaget-Skifləridirlər:

"Albanları bir dövlətdə birləşdirən türk tayfası olub. Albanların adı Çin mənbələrində qeyd olunub".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.