“Bir dəqiqə gec də olsa, dağı partlatdım ki, yolu bağlasın...” - MÜSAHİBƏ

4-09-2024, 07:34           
“Bir dəqiqə gec də olsa, dağı partlatdım ki, yolu bağlasın...” - MÜSAHİBƏ
Əlibala Məmmədov: “Özü səhv etsə, ayağı sınar, mən səhv etsəm, ölər...”

Hər şey onun ordu sıralarında xidmət etdiyi vaxtlar başlayıb. Bölgü aparılanda əsgər Əlibala Məmmədov pirotexnik bölməsinə düşüb. Bu sözün özünü belə ilk dəfə eşidən əsgər zabitdən soruşub ki, pirotexnik nə deməkdir? Zabit cavabında “ölümə məhkum olunmaq” deyir. Sonra da keçib əsgərlərin qarşısına əlavə edir ki, kim qorxur, bölüyü dəyişə bilər. Bizim sənətimiz risklidir, amma maraqlıdır və nüfuzludur. Bir sözlə, kişi sənətidir.

Əlibala Məmmədov növbəyə (naryada) az gedən, asudə vaxtı çox olan, şəhərə çıxmağa daha çox şansı olan pirotexnik bölüyünün ürəyincə olacağını düşünür: “Mən uşaqlıqdan yıxıb dağıtmağı, partlatmağı sevən idim. Nə rabitə bölümünə, nə də teleqrafa düşmək istəmirdim, dedim elə bura mənim yerimdir”.

Yalnız minaaxtaranlar deyil, istehkamçı-kəşfiyyatçılar da həyatlarında ancaq bir dəfə səhv edirlər, o da həyatları bahasına başa gəlir. Demək, bu sənət sahiblərinin səhv etməyə ixtiyarları yoxdur. Söhbətimizin qəhrəmanı istehkamçı-kəşfiyyatçı olub, 40 ildən artıqdır ki, “Azərbaycanfilm” kinostudiyasında pirotexnik işləyir. O da riskli sahədir. Əslində pirotexnik partlayış törətmir, onun imitasiyasını yaradır, amma birdən əlindəki texniki vasitələr həqiqi partlayışa səbəb olarsa...

Yaxşısı budur, qəhrəmanın özü danışsın. Pressklub.az-ın müsahibi əməkdar incəsənət xadimi, pirotexnik Əlibala Məmmədovdur.


- Kaskadyor, minaaxtaran, pirotexnik, istehkamçı-kəşfiyyatçı eyni peşələr sayılır. Pirotexnik həm də minaaxtarandır. Hər ikisi mənim hərbidəki sənətimdir. İş elə gətirdi ki, kinostudiyada pirotexnik kimi fəaliyyətə başladım.

- Əvvəlcə sizin o peşəyə necə yiyələnməyinizdən başlayaq. Deyəsən, elə orduda xidmət edərkən həm də onun məktəbini oxumuşunuz...

- Orduda xidmət edərkən göndərdilər Ukraynanın Xarkov şəhərinə, orada peşə məktəbində minaları, partlamamış mərmiləri zərərsizləşdirmək üzrə altı ay kurs keçdik. Onunla bərabər, bizə istismar müddəti başa çatmış, sökülmək planına düşmüş binaları partlatmağın da təlimini keçirdilər.

- Ordudan sonra istehkamçı-kəşfiyyatçı kimi hardasa işləmisiniz?

- Kinodan kənarda işləməmişəm. Moskvada hərbi xidmət keçən vaxt, “Mosfilm” kinostudiyasından hərbi hissəyə müraciət daxil oldu ki, çəkilişlərdə iştirak etmək üçün bizə minaaxtaranlar lazımdır. Göndərdilər, indi hansı film olduğunu xatırlamıram, bəlkə də heç o film ekranlara çıxmadı, amma ilk dəfə orda çəkildim. Müharibədən bəhs edən film idi. Müxtəlif partlayışlar yaradırdıq, tüstü verirdik və sair. Orda düşündüm ki, bu daha humanist işdir, yəni biri var, nəyisə həqiqətən partladasan, biri də var onu imitasiya edəsən. İkinci mənə daha maraqlı gəldi. Qardaşıma yazdım ki, öyrən gör, Bakıda kinostudiyada belə bir sənət var? Cavab gəldi ki, bəli, hətta belə bir işçiyə ehtiyac da var. Ordudan tərxis olunub Bakıya qayıdan kimi sənədlərimi götürüb, kinostudiyaya getdim. Baxdılar ixtisasıma, gördülər hətta filmdə işləmişəm, dedilər ki, səni işə götürürük.

- Sizə qədər “Azərbaycanfilm” kinostudiyasında azərbaycanlı pirotexnik olub?

- Mənə qədər bir azərbaycanlı olub, rəhmətə gedib, qalanları başqa millətlərdən idi.

- Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunda kurs keçməyiniz hansı zərurətdən idi, axı bu sənətin sertifikatını almışdınız?

- Hə, mən axı hərbi sistem üçün kurs keçmişdim, kinoda işləmək üçün ayrıca məktəb lazım idi, ona görə məni göndərdilər orda kinofilmlərdə pirotexnik işləmək üçün təlim keçdim. Hərbi mütəxəssislər gəlib birbaşa kinoda işləyəndə kinonu hiss etmirlər, imitasiya edə bilmirlər, işə hərbidə olduğu kimi yanaşırlar, o zaman da xəta qaçılmaz olur.

- Bir dəfə “Belarusfilm”də pirotexnikin partlayışından aktyor dünyasını dəyişmişdi.

- Bizdə də bir hadisə olub, amma çoxdan. Çəkiliş vaxtı qayığı partladıblar, qayıqdakılar hamısı həqiqətən yaralanıb.

- Hansı filmin çəkilişlərində olub o hadisə?

- O filmin heç bəxti də gətirmədi, çəkilib başa çatdıra bilmədilər. O barədə danışmaq lazım deyil, təfərrüatı da bilmirəm.

- Sizin MDKİ-da kurs keçməyiniz belə məqamlarda köməyinizə gəlir?

- Əlbəttə, kurs dövründə orda “Cəbhə arxasında cəbhə” filmində işlədim. Bir də bu işdə gərək kimyanı, fizikanı da biləsən. Rəssam kimi tablo yaratmalısan.

- Demək, pirotexnik bu sahələrin hamısından məlumatlı olmalıdır. Yalnız riskli sənət deyil, həm də dərin peşədir. Kimyanı, fizikanı, riyaziyyatı, hətta rəssamlığı bilməlisən.

- Hərtərəfli məlumatlı olmalısan. Üstəlik, rejissorun nə istədiyini, operatorun nə etmək istədiyini duymalısan. Bəzən nəinki kiminsə zərər görməməsinə çalışırsan, hətta elə etməlisən ki, otağın divarına ləkə düşməsin, amma otaqda partlayış olsun. Bunu etmək elmdir, pirotexnika elmi.

- Artıq 47 ildir kinodasınız. İşlədiyiniz ən məşhur film hansıdır?

- İşlədiyim ilk film “Şir evdən getdi” kinosu olub. 90-cı illərdə çəkilən bütün filmlərdə işləmişəm. Ona qədər “Həzi Aslanov”, “Babək” və sair.

- “Şir evdən getdfi” filmində yəqin tüstü, duman vermisiniz, orda müharibə səhnələri yoxdur...

- Tüfənglə, tüstü ilə işləmişik o filmdə. 90-cı ildən sonra kinostudiyanın vəziyyəti ilə əlaqədar işçilər xaricə axışdılar, qaldım tək. Ona görə də bütün filmlərdə tək işlədim. “Fəryad”da işim lap çox idi.

- Danışırlar ki, “Fəryad” filminin çəkilişlərində çox fövqəladə hallar olub.

- Çətin şəraitdə, təhlükəli vəziyyətdə çəkirdik. Bəzən haradansa məftil keçirdi aktyorun boğazına, az qalırdı başını üzsün. Bəzən, dərin xəndəyə düşürdük. Amma çoxunu şişirdib danışanlar da var, onlar əfsanə və rəvayətdir.

“Laçın dəhlizi” filminin çəkilişlərində dağı partlatmalı idim ki, yolu bağlasın. Məsafə uzaq idi, partlayış bir saniyə gecikdi, amma effektə təsir etmədi, istədiyimiz alındı. Onu çəkilişdən sonra şişirdib demişdilər ki, Alikin partlayışı müəyyən edilmiş vaxtdan sonra oldu. Yəni kinoçular bunu bacarır.

- Xarici filmlərdə də işləmisiniz?

- Mən getməmişəm, amma xaricilər burda film çəkəndə onlarla işləmişəm.

- Kaskadyor və pirotexnik peşələri nə qədər qohum sayılır?

- Kaskadyorun da həyatı bizdən asılıdır. Mən səhv etsəm, o sağ çıxmayacaq. Yanlış atlansa, ayağı sınacaq, amma mən yanlış partlatsam, o öləcək.

- Bu gün işiniz o qədər də çox deyil, çünki kino azdır. Pirotexniklərin vəziyyəti necədir?

- Tələbat çox azdır. İldə bir hərbi film ola, ya olmaya. Ona görə də heç kim bu sahəyə gəlmir, ardıcıl iş və məvacib yoxdur. Bəlkə bundan sonra olacaq, bilmirəm...

- Davamçınız var?

- Hazırladıqlarımız çıxıb getdilər. Dediyim kimi, hazırlayırıq, iş olmur, çıxıb gedirlər. Bundan sonra bir pirotexnikin yetişməsi üçün 20 il lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.