Vulkanmı, təxribatmı - Qaz İxrac İdarəsi məsələyə aydınlıq gətirdi

9-02-2017, 09:37           
Vulkanmı, təxribatmı - Qaz İxrac İdarəsi məsələyə aydınlıq gətirdi
Nazim Səmədzadə: “Səngəçal terminalı ilə püskürmə baş verən dağın arasında azı 2 kilometr məsafə var”

Xəbər verdiyimiz kimi, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində Otman-Bozdağ palçıq vulkanında partlayışla müşayiət olunan püskürmə baş verib. Bəzi xəbər saytlarında partlayışın vulkan püskürməsi deyil, ərazidən keçən qaz kəmərlərində baş verən partlayış kimi təqdim olunub.

Qeyd edək ki, Otman-Bozdağ palçıq vulkanında baş verən püskürmə haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yaymışdı. Məlumatda çatların 3-4 kilometr məsafəyə qədər uzandığı qeyd edilirdi. Bildirilirdi ki, vulkan püskürməsi zamanı xaric olunan sülb tullantılarının həcmi ümumilikdə 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə, uzunluğu isə 350 metrə çatıb. Nazirlik palçıq vulkanının təhlükəli olmadığını da qeyd edib.

“Vulkanın yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da vardır ki, onların da aktivləşmə ehtimalı artıb”, - nazirlik qeyd edir.

Palçıq vulkanının püskürdüyü ərazinin yaxınlığından ölkəmizin əsas qaz ixrac boru kəməri keçib. Son 2 ay ərzində həmin qaz ixrac borularında bir-birinin ardınca 3 partlayış baş verib. SOCAR-ın yaydığı məlumatlarda həmin partlayışların qaz ixrac kəmərlərində sürüşmə zamanı əmələ gələn çatlarda yaranan qığılcımdan meydana çıxdığı bildirilirdi.

Partlayışlardan əvvəl isə İŞİD-çi olduğu şübhə doğurmayan şəxsin videosu yayılmışdı. Həmin şəxs ölkəmizdəki həmfikirlərini qanlı cinayətlər törətməyə səsləyirdi.

Vulkan püskürməsindən 1 gün əvvəl də oxşar hədələrlə zəngin daha bir videomüraciət yayılmışdı. Bu baxımdan, bəzi saytların ərazidə baş verən vulkan püskürməsini qaz kəmərində baş verən partlayış kimi təqdim etmələri də anlaşılandır.

Digər tərəfdən, son 4 ayda Azərbaycanda 10-a yaxın terrorçu məhv edilib, Türkiyədə keçirilən 2 günlük antiterror əməliyyatı nəticəsində Bursa əyalətində də terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən çoxlu adam saxlanılıb. Tutulanlar arasında 3 Azərbaycan vətəndaşı da var.

SOCAR-ın Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə “Yeni Müsavat”a açıqlamasında terror versiyasını istisna edib. Bildirib ki, kəmərlərin keçdiyi ərazidən 2 kilometr aralıqda vulkan püskürüb, püskürmə baş verərkən o da ərazidə olub:

- Gurultu səsi gəldi, vulkan püskürdü, alov qalxdı. Az sonra da söndü. Əgər qaz kəmərində partlayış olsa idi, belə tezliklə sönməzdi.

- Bəzi saytlar belə məlumat yayıb ki, əslində ərazidə qaz kəməri partlayıb, sadəcə, ictimaiyyətə məlumat vulkan püskürməsi kimi təqdim olunub.

- Telekanallarda da vulkan püskürməsini göstərdilər. Hadisə baş verəndə mən orada idim. 2 dəqiqənin içində püskürmə oldu, alov qalxdı və söndü. Qaz kəmərində partlayış 2 dəqiqəyə sönməzdi. Həmin partlayışın neft-qaz kəmərlərinə aidiyyəti yoxdur. Səngəçal terminalı ilə püskürmə baş verən dağın arasında azı 2 kilometr məsafə var.

- Ötən il dekabrın 27-də və yanvarın 2-də partlayan magistral qaz kəmərlərində təmir işləri yekunlaşıb?

- Kəmərlər bərpa olunub. Birinci partlayış zamanı kəmərdə müəyyən nöqsanlar aşkar edildi. Kəmər rentgen olundu, zəif yerləri bərpa edildi. İkinci partlayışdan sonra kəmər bərpa olundu, hazırda işləyir.

- Problem tam aradan qalxıb?

- Hazırda heç bir problem yoxdur.

- Baş vermiş partlayışlar zamanı dəyən ziyan hesablandı?

- Orada hazırda bütün stıklar yoxlanılır, ehtiyac olan yerlərdə təmir gedir. Ona görə ziyanı müəyyən etmək hələlik qeyri-mümkündür.

- Həmin boruların əvəzlənməsi, yenilənməsi nəzərdə tutulur?

- Xeyr, borular yaxşı vəziyyətdədir, işləkdir.

- İlkin partlayışlardan sonra yayılan məlumatdan belə aydın oldu ki, kəmərlər aktiv sürüşmə zonasından keçir. Artıq orada vulkan püskürməsi də baş verib. Həmin kəmərlərin digər ərazidən yenidən çəkilməsi planlaşdırılırmı?

- Kəmərlərin digər ərazidən keçirilməsi mümkün deyil. Sağ tərəfə çəkilsə gedib Təzəkəndin, sola çəkilsə Səngəçalın üzərinə çıxır. Həmin dəhliz 1959-cu ildə seçilib və kəmərlər çəkilib. İlk qaz boru kəməri həmin il Gürcüstana çəkilib. Həmin kəmərləri digər ərazilərə sürüşdürüb aparmaq istəsək, əhalinin yaşayış məskənlərinə gedib çıxacağıq.

- Kəmərlərin təhlükəsizliyi hansı səviyyədə təmin edilir?

- Kəmərlərdəki partlayışlar texnologiya ilə bağlı partlayışlar deyil. Biz kəmərlərə 60 faiz təzyiqlə işləyirdik. İlk partlayış boruda olan deffektə görə meydana çıxıb. Borunun deffektli hissəsini kəsib prokurorluğa təqdim etmişik. Hazırda müvafiq ekspertiza keçirilir. Bundan sonra qərar veriləcək. Sonrakı iki partlayış birbaşa qaynaqdan olan uyğunsuzluğa görədir. Qaynaq lazımi səviyyədə olmayıb. Həmin hissələri də kəsib prokurorluğa təqdim etmişik, müayinələr aparılır. Kimin nə səhvi var, bilinəcək, ölçü götürüləcək. Hazırda cinayət işinin istintaqı davam edir. Biz də bütün lazım olan fraqmentləri təhvil vermişik.

- Cinayət işi boruların qəsdən partladılması, yoxsa texniki təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə başlanıb?

- Söhbət təxribatdan getmir. Burada heç bir kənar müdaxilə yoxdur. Boruda deffekt olub, 2-ci, 3-cü dəfələrdə qaynaq işləri lazımi səviyyədə aparılmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.