“Bu hallar deputatın bütün müstəqilliyini əlindən alır” –Fazil Mustafadan yeni qanuna etiraz

23-04-2017, 09:09           

Milli Məclisdə hazırlanmış "Deputatın etik davranış qaydaları haqqında” qanun layihəsinə millət vəkillərinin etirazları davam edir.

Qanun layihəsində deputat qarşısında bir sıra məsələlərin şərt kimi qoyulması parlamentarilərin narazılığına səbəb olub.

Müəyyən güzəştlərdən və imtiyazlardan imtina edilməsi, deputatın hədiyyə qəbul etməməsi kimi məsələlər də bu qanunda öz əksini tapıb.

Qeyd edək ki, 13 maddədən ibarət olan qanun layihəsi elə Milli Məclis üzvləri tərəfindən hazırlanıb.

Milli Məclisin deputatı Fazil Mustafa qanun layihəsində əks olunan məsələlərlə bağlı Modern.az-a danışıb.

O, bildirib ki, qanun layihəsində millət vəkilliyinə zidd məsələlər var.

""Deputatın etik davranış qaydaları haqqında” qanun layihəsinin referendumdan sonra qəbul olunması heç də doğru addım deyil. Deputatın etik qaydaları haqqında daxili nizamnamə var. Prosedur pozuntusu ilə bağlı həm deputatın statusu haqqında qanunda, həm də daxili nizamnamədə deputata hər hansı iradın bildirilməsi qaydaları mövcuddur. Digər tərəfdən, deputat seçkili orqanın təmsilçisi olduğunundan etik qaydaların müəyyən edilməsi cəmiyyətlə əlaqələndirilməlidir. Bizdə bu qanun layihəsi daha çox başqa məsələlərlə yadda qalır. Parlamentdə filan qədər çıxış etməklə, sərt söz deməklə, kobud ifadə işlətməklə bir növ etikanı pozmuş hesab olunursan. Halbuki, bunların parlamentin daxili proseduruna aidiyyatı olmamalıdır. Ayrıca qanunla tənzimlənməməlidir”.

Fazil Mustafanın sözlərinə görə, qanun layihəsində olan bəzi müddəalar problem deputatlara yaradır:

"Əvvəla, burada söhbət birbaşa seçici, xalq və vətəndaşla olan münasibətdən gedir. Onlara qarşı hər hansı sayqısızlıq olursa, vətəndaş səs vermir və həmin şəxs deputat seçilmir. Bu, xaricdə də belədir. Cinayət törədilibsə, hüquqi yolla həbs-qəti -imkan tədbiri seçilə, mandatdan məhrum edilə bilir. Nə qədər süni çalarlar olsa da, Konstitusiyadan irəli gəldiyinə görə bunun qəbul olunmasına normal yanaşırıq.

Sadəcə, qanun layihəsində elə müddəalar var ki, bir qədər çətinliklər, problemlər yaradır. Xüsusilə deputat öz çıxışlarını mütləq gündəliyə uyğun etməlidir. Bu, nə deməkdir?!

Deputat gündəlikdə olan məsələdən danışmaq istəmir. Deputatın 5 dəqiqə danışmaq hüququ varsa, onu düşündürən istənilən mövzu haqqında danışa bilər. Deputat olaraq, qanun layihəsinin digər müddəsından da narazıyam. Deputat hədiyyə ala bilməz. Tutaq ki, bir tədbirdə hansısa qurumun marağına uyğun çıxış edirəm. Buna görə kimsə hansısa formada mənə mükafat verir. Mükafatı alıb-almamağımla bağlı mütləq İntizam Komissiyasının rəyini soruşamlıyam?! Belə hallar deputatın bütün müstəqilliyini əlindən almış kimi görünür”.

Deputat, bəzi müddəlarla razı olduğunu da deyib:

"Düşünürəm ki, bu məsələlərdə daha fərqli yanaşma ortaya qoyulmalıdır. Bir neçə müddəalar var ki, onunla razıyam. Məsələn, başqasının yerinə səs verməmək, kommersiya ilə məşğul olmamaqq kimi məsələləri qəbul edirik.

Qaldı ki etika və hüquq məsələsinə, bunlar ayrı-ayrı sahələrdir. Etika mənəvi məsələdirsə, prosedur pozuntusu hüquqi məsələdir. Hüquq çərçivəsində həll olunmalıdır. Deputatın filan sözü işlətməsini kobud ifadə kimi qəbul etmək doğru deyil. Deputat olaraq seçicinin ürəyindən keçən sözü parlamentin iclasında səsləndirirəm. Bu, niyə kobud ifadə kimi qəbul olunmalıdı?!

Məsələn, çıxışım zamanı hökumətin filan məsələdə məsuliyyətsizlik etdiyini deyirəm. Kimsə durub məni hökumətə qarşı kobudluq etməkdə günahlandırır. Halbuki, məsuliyyətsiz sözünü işlətmək kobudluq demək deyil! Düşünürəm ki, bu məsələlər nəzərə alınmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.