Əflatun Amaşov: “Mən tənqidə dözümlüyəm, ancaq..."
24-04-2017, 09:12
Brejnevin bir sözü var idi: ”Tənqid şokolad deyil ki, hamının xoşuna gəlsin““; Mətbuat Şurasının sədri “Yeni Müsavat”a bədahətən şeir dedi
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında iştirak edib. Aprelin 26-da Mətbuat Şurasının sədrinin 60 yaşı tamam olacaq, bir çoxları kimi, özü də inanmasa ...
Yubiley yaşından başlayan səmimi söhbətimizdə çox şeylərdən danışdıq. Onunla müsahibənin 3-cü hissəsini təqdim edirik:
(Əvvəli ötən saylarımızda)
Söhbət Əflatun bəyin nə zamansa şeirlər yazmasının üzərinə gəlir və bizim israrımız davam edir:
E.Paşasoy:
- Buyurun, Əflatun bəy, zəhmət olmasa yuxumuzu çin eləyin...
- (gülür) Mən elə bilirəm ki, hər bir azərbaycanlı nə vaxtsa şeir yazıb. Bəziləri hətta həbsxanaya düşəndə silsilə şeirlər yazıb.
Rauf bəyin replikası:
- Məni deyir... (gülürük)
- Bəziləri - bayaq adını çəkdik - şair iddiası ilə doğulub, baxıb ki, alınmır, yüngül publisistikaya keçib.
Bu dəfə Sevinc Telmanqızı gülərək:
- Zamini deyir e... Yüngül deyərkən, bəy?
R.Arifoğlu:
- Yüngülü xüsusi deyir. Bizimki ağır publisistikadır (yenə gülüşmə).
- Mən kiçik vaxtlarımda bir-iki şeir yazmışam. Mən elə bilirəm ki, şeir yazmaq dünyada ən asan peşədir. Məsələn, tutaq ki, biz burada oturmuşuq...
Və... ...Bədahətən şeir gəlir:
Elşad Paşasoy, arxada televizor...
Efirdə “no comment...”
Qarşısında pəncərə,
3 xətt, 3 sütun...
Beləcə yazırsan, deyirlər ki, 3 xətt, 3 sütun, burada şair nə demək istəyir? Burada nəsə var... Fransız yazıçısı var, El Larun, deyir ki, atlar gecəni gözləyir səbirsizliklə, ölmək üçün bir çuxur gözləyir ki, onların ölümünü heç kəs sezməsin...Bu da bir şeirdir.
“Özünüsenzura həmişə, hər bir insanda olmalıdır, o, jurnalist olmasa da”
E.Məmmədli:
- Bayaqkı şeiriniz çox gözəl idi.
Rauf bəy təkrar əzbərdən deyir Əflatun bəyin “qaynar-qaynar” yazdığı şeiri və “Amaşov bədahətən şeir yazdı” əlavəsini edir. (Gülüşmə)
Ə.Amaşov:
- Bir dəfə Londondaydım. Baxdım ki, Azərbaycan Yazıçılar Birliyi bir bəndlik şeir müsabiqəsi keçirir. Dedim bir bunları yoxlayım, amma öz adımdan yox. Bir bənd şeir yazdım, yolladım. Zamin Hacı ona koment yazmışdı.
Görən balaca quzular
Niyə belə gec qalxırlar?
Bilmirlərmi canavarlar
Onlar üçün darıxırlar?..
(Gülərək əlavə edir)
“Dünyanın heç yerində bu sayaq məsələlərə yol verilmir”
-Yazdım, nə bir xəbər gəldi. Nə dedilər ki, aldıq, ya almadıq.
S.Telmanqızı:
- Zamin yazmışdı ki, Mətbuat Şurasının sədri niyə canavarların quzuları yeməsini bu qədər israrla istəyir, məqsədi nədir? (gülüşmə)
Ə.Amaşov:
- Şeir yazmağım təqribən 7-8-ci siniflərə qədər davam etdi. Mən yazdığım şeirlər də “Azərbaycan pioneri” qəzetində, “Azərbaycan” jurnalında dərc olunurdu.
R.Arifoğlu:
- “Azərbaycan pioneri”ndə mənim də materiallarım dərc olunub, orta məktəbdə...
Ə.Amaşov:
- Bir dəfə söhbət düşdü, dedim şeirlərim filan vaxt “Azərbaycan pioneri”ndə çap olunub. Deputat Hüseynbala Mirələmov dedi ki, o vaxt şeir şöbəsinin müdiri xəstə idi, redaktoru mən əvəz edirdim, o şeir elə mənim vaxtımda çap olunub...
Bayaqdan bəri telefonundakı israrlı zənglərə işarə edərək, “bəlkə də mənim seçicilərimdir” deyir və üzr istəyib telefonu açır, yerindən qalxıb kənarda telefonu cavablandırandan sonra söhbətimizi davam etdiririk.
R.Arifoğlu:
- Nisbət necədir, gündə neçə faiz jurnalistlər zəng vurur, neçə faiz seçicilər və onlar nə istəyirlər?
- Məsələn, bu gün biz tədbir keçirdik, siz də iştirak etdiniz, sonra iki komitənin birgə iştirakında iştirak və çıxış etdim, təkliflər verdim. Səhər iki jurnalist zəng edib fikir öyrənib, bir jurnalistlə də axşam görüş razılaşdırdıq. Həmçinin Türkiyədə keçiriləcək Qara Dəniz Əməkdaşlıq Təşkilatının tədbirini işıqlandırmaq üçün iki jurnalist xahiş ediblər, bu məsələni həll etmişəm. İranla bağlı bir məsələni də müzakirə etmişəm. Bundan əlavə, iki seçicim məişət məsələləri ilə bağlı zəng edib.
“Müharibə yalnız səngərlərdə, döyüş bölgəsində getmir, eyni zamanda informasiya müharibəsi gedir”
- Jurnalistlər heç məişət məsələləri ilə bağlı müraciət edirlərmi?
- Daha çox mənzil məsələləri ilə bağlı müraciətlər olur.
- Kömək edə bilirsinizmi?
- Hələlik müəyyən mərhələyə ehtiyac var, son bölgü meyarları müəyyənləşməyib. Ancaq buna baxmayaraq, hazırda Azərbaycan Mətbuat Şurasında evlə bağlı 200-ə yaxın müraciət var. Müxtəlif vaxtlarda toplanmış müraciətlərdir. Bunlar yalnız redaksiyalarda çalışan jurnalistlər deyil, müəyyən müddət çalışmış, indi təqaüddə olan, yaxud hansısa məqamlarda jurnalistika ilə təması olmuş insanlardır.
- Mənzillər sayı nə qədərdir?
- 250-yə yaxındır. Çox güman ki, əvvəlki prinsiplərin oxşarı müəyyən olunacaq, o prinsiplər əsasında ehtiyacı olan jurnalistlər mənzillə təmin olunacaq.
- İnşallah. Əflatun bəy, bir məsələni də işgüzar planda danışmaq istəyirik: cəbhə xəttində gedən savaşın işıqlandırılması problemi və jurnalistlərin o prosesdə iştirakı... Sizin Mətbuat Şurası olaraq Daxili İşlər Nazirliyi (DİN) ilə çox uğurlu bir layihənin oldu və neçə illərdir fəaliyyət göstərir. Yəni jurnalistlər qaynar xəbərlərlə işləyəndə, mitinqlərdə, küçə yürüşlərində onların xüsusi geyimləri, toxunulmazlığı olur, polis onlara mane olmur. İndi də Azərbaycanın əsas qaynar nöqtəsi düşmənlə təmas xəttidir. Aprel döyüşləri də onu göstərdi ki, bu döyüşlər təkrar oluna bilər, jurnalistlər də qaynar xəbərlə işləmək istəyirlər. Müdafiə Nazirliyi ilə bənzər əməkdaşlıq layihəsi mümkündürmü? Yaxud indiyə qədər əməkdaşlıq niyə olmayıb?
-DİN-lə birgə layihəmiz davam edir. Son zamanlar biz yenə təqribən 250-yə yaxın gödəkcə tikdirdik və jurnalistlərə payladıq. İndi də Bakıda mitinqlər zamanı Mətbuat Şurasının “Qaynar xətt”i fəaliyyət göstərir, Monitorinq Qrupu hadisə yerində olur və çalışırıq ki, jurnalistlərin informasiya əldə etməsinə heç bir maneə olmasın. Hansısa problem yaranırsa, dərhal müvafiq qurumlarla əlaqə saxanılır və problemlər aradan qaldırılır. Apardığımız monitorinqin nəticələri onu göstərir ki, son illərdə jurnalistlər belə bir maneə ilə rastlaşmır. O ki qaldı döyüş bölgəsinə, biz Müdafiə Nazirliyi ilə bu məsələləri yaxından müzakirə edirik, birgə çalışırıq. Dəfələrlə görüşlər keçirmişik və jurnalistlərin döyüş bölgəsinə səfərlərini təşkil etmişik. Bəzi məqamlarda müəyyən problemlərlə də qarşılaşmışıq. Çünki müharibə gedir, bəzi məqamlarda media vasitəsilə ictimaiyyətə qeyri-dəqiq informasiyalar ötürülür, hansısa vətəndaş hansısa döyüş texnikasının yerdəyişməsini açıqlayır. Hərbi birləşmələrin yerləşməsi, yerdəyişməsi, canlı qüvvənin, hərbi texnikanın sayı, tərkibi ilə bağlı informasiyaların ictimailəşməsi qanunla qadağan olunur, bunlar dövlət sirridir. Müharibə yalnız səngərlərdə, döyüş bölgəsində getmir, eyni zamanda informasiya müharibəsi gedir...
- Peşəkar jurnalistlərin hazırlığını həyata keçirmək, kurs keçmiş mətbuat nümayəndələrinin cəbhə xəttindən reportajlar verməsi üçün alternativ layihələr varmı?
- Əlisafa Mehdiyevin rəhbərlik etdiyi “Dinc Dünya” Araşdırmalar Mərkəzi ötən il iki dəfə hərbi mövzuda yazan jurnalistlərlə əlaqədar təlimlər keçirib. Biz bu təlimlərin sayını çoxaldacağıq və Müdafiə Nazirliyi ilə birgə layihəmiz nəticəsində müharibə mövzusunda yazan jurnalistlərin nazirlikdə akkreditə olunmasını sürətləndirəcəyik. Eyni zamanda ali məktəb tələbələrinə müəyyən bilgilərin verilməsini də nəzərdə tuturuq. Əlbəttə, Müdafiə Nazirliyi də baş verən hadisələrlə bağlı informasiyaları tamamilə qapamır. Bəzi məqamlarda baş verən hadisə zamanı şəhidin olması, bu xəbərin ailəsinə çatmamasından əvvəl onun mətbuata sızması, ailənin bu xəbəri mediadan əldə etməsi müəyyən xoşagəlməz nüanslar yaradır. Əlbəttə, bu sahədə müəyyən boşluqlar var və dövrün tələblərinə cavab verə biləcək qədər həllə nail olmalıyıq.
E.Paşasoy:
- Əflatun bəy, deputatların etik davranış kodeksi hazırlanır. Reallıq budur ki, vaxtaşırı ayrı-ayrı həmkarlarınızın açıqlamaları, ehtiyatsız ifadələri günlərlə müzakirə mövzusuna çevrilir. Siz təmkinli deputatlardansınız, amma hər halda deputat necə olmalı, necə danışmalıdır, suallarına cavabınız necədir?
- Bu, sırf insanın tərbiyə məsələsidir. Hansı ailədən çıxıb, hansı mühitdə formalaşıb, onun dünya baxışı necədir? İnsanlar rəngarəngdir, hər kəsdən eyni və yüksək davranışı tələb etmək də yersiz olardı. Ancaq hər insan çalışmalıdır ki, özünün, ailəsinin, işlədiyi qurumun nüfuzunu qorusun, daşıdığı missiyanı unutmasın. Bütün dünyada bu məsələlərə çox böyük önəm verilir. ABŞ, Böyük Britaniya, Almaniyada, Avropanın müxtəlif ölkələrində deputatların qarşısında davranış qaydaları ilə əlaqədar kifayət qədər sərt tələblər var. Hətta Böyük Britaniyada deputat iclası pozursa və gəlir deklorasiyasını düzgün təqdim etməyibsə, o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Yaxud Almaniyada, Polşada əgər deputat parlamentdəki çıxışında kimisə təhqir edirsə, kiminsə şərəf və ləyaqətini alçaldırsa, onunla bağlı cinayət məsuliyyəti ola bilər. Beynəlxalq təcrübədə parlamentin nüfuzunun qorunması, artırılması deputatların qarşısında duran əsas vəzifələrdəndir.
-Siz özünüz də “feysbuk” istifadəçisi olaraq həmkarınızın dediklərini necə qarşıladınız?
-Hər kəs özünün bütün hərəkətlərinə, dediklərinə cavabdehdir. Bəzi hallarda bu sayaq halların baş verməsində biz jurnalistlər də günahkarıq. Bəzən kiçik bir məqam olanda onu gündəmə gətirib geniş müzakirə edirik, baş verən olayın həcmini artırırıq, geniş diskussiyalar açırıq. Mən bunun da əleyhinəyəm.
- Yəni jurnalistikada özünüsenzura olmalıdır? Belə çıxır ki, hansısa deputat ehtiyatsız ifadə işlədibsə, onu yazmamaq doğrudur? Onu da deyim ki, bunu peşə prinsiplərinə xəyanət sayanlar da var...
- Özünüsenzura həmişə, hər bir insanda olmalıdır, jurnalist olmasa da. Mənim fikrim belədir ki, əgər kimsə millət vəkilidirsə, onun yükü ağırdır. O, evdən çıxanda geyiminə davranışlarına, insanlarla münasibətinə fikir verməlidir. Əgər o, avtomobil idarə edirsə, o zaman da tələblərə əməl etməlidir. Bütün dünyada belədir.
- Bəs, siz özünüz qırmızı işıqdan bilərəkdən keçmisiniz?
- Arada müəyyən qanun pozuntuları olur. Amma çalışıram ki, o sayaq pozuntulardan uzaq olum.
R.Arifoğlu:
- Əflatun bəy, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən düzəlişləri mediaya təhlükə hesab edənlər də var. Bəzi məlumatlara görə, həmin düzəlişlər əsasında bir neçə saytın, qəzetin yayımı dayandırılıb. Bu düzəlişlər gələcəkdə Azərbaycanda internet məkanından istifadə üçün məhdudiyyətlər yaradır, yoxsa yaratmır?
-Bəzi şəxslər yalançı ünvanlardan istifadə edib digərləri ilə bağlı yanlış informasiyalar verirlər, şəxsi həyata müdaxilələr edirlər. Dünyanın heç yerində bu sayaq məsələlərə yol verilmir, qarşısı alınır. Əslində KİV haqqında Qanunda olan bir sıra müddəalar internet mediasına da şamil olunur. Orada müəyyən detallar var. Əgər doğrudan da dövlətçiliklə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məqamlar pozulmuşsa, həmin informasiyanın yayılması məqsədəmüvafiq sayılır, əlaqədar quruma səlahiyyət verilir ki, bu sahədə addımlar atsın. Həmin məlumatın yayılması prosesi Azərbaycanda da həyata keçirilə bilər, dünyanın başqa ölkələrindən də. İnternet artıq yeni jurnalistikadır, bütün dünyada ictimai fikir əsasən internet üzərindən formalaşır. Əgər biz dərin təhlillər aparsaq, inkişaf etmiş ölkələrin özündə də, məsələn, ABŞ, Böyük Britaniya, Almaniya təcrübəsində bu məsələ ilə bağlı hazırda ciddi araşdırmalar gedir, orada da müəyyən məhdidiyyətlər var.
- Yəni analoji məhdudiyyətlərdir, yoxsa onlarda bizdən fərqlidir?
(Davamı növbəti sayımızda)
Elşad PAŞASOY
Məhəmməd TÜRKMƏN