Herisçinin bu fikirləri əsəbləri tarıma çəkəcək – Müsahibə

28-04-2017, 21:45           

"28 Apreldə özümə çay süzüb mənalı şəkildə içəcəyəm..."

Bu gün Azərbaycanın Rusiya tərəfindən işğalının 97 ili tamam olur. 28 Aprel tarixinə Azərbaycanda hələ də birmənalı yanaşma yoxdur. Böyük əksəriyyət bu tarixi ötən əsrin əvvəllərində Azərbaycanın müstəqilliyinə son qoyulan gün kimi xatırlayır. Amma fərqli düşünənlər də var.

Teleqraf.com publisist Həmid Herisçi ilə bu mövzuda müsahibəni təqdim edir.

- Həmid bəy, 28 aprel Azərbaycanını XI Qızıl ordu tərəfindən işğalı tarixidir. Sizin 28 Aprel tarixinə baxışınız necədir?

- Əvvəla, bu tarixlə bağlı sənədlər indiyə qədər açılıb göstərilməyib. Siz bilirsiniz ki, 28 Aprel tarixi ilə bağlı Atatürk, Lenin, Trotski və Nərimanov arasında ciddi yazışmalar olub. Bakıda olan türk qardaşlarımız bizi 1918-ci ildə daşnak qırğınlarından qurtarırdılar, amma onlar həm də 1920-ci ildə bolşeviklərin tərəfinə keçidlər. Bu sənədlər açıb göstərilmir, yalnız Mustafa Kamal Atatürkün məktubu göstərilir. Bu məktub isə balaca bir şeydir. Çünki daha ciddi sənədlər var. Bu sənədlərin toplusu romançı Yakov İliçevin “Türk karvanı” romanında var. Qeyd edim ki, bu roman 1986-cı ildə Azərbaycan dilinə tərcümə edilib. Başqa sözlə, Atatürk, Nərimanov, Lenin, Trotski, Frunze arasında 28 Aprellə bağlı baş verən gizli yazışmalar bu romanda var. İkincisi, daha bir romanı Firudin Ağayev yazıb. Bu roman Çingiz İldırım haqqındadır. Bu əsərdə də 28 Aprelin sirləri çoxdur. Məlum olur ki, əslində, 28 Aprel hadisəsinin baş qəhrəmanı məşhur inqilabçı Çingiz İldırımdır. O, həm də Müsavat hökumətində Xəzər Donanmasının rəhbəri olub. Əslində isə o, həm ingilislərin, həm də Moskvanın casusu olub.

Nəhayət, deyim ki, əslində, ingilislər də istəyirdi ki, aprelin 28-də Bakıda çevriliş etsinlər.

- İngilislərin marağı nədən ibarət idi?

- Həmin dövrdə parlament respublikası zəif idi. Əgər diktatura olsaydı, bolşeviklərə qarşı daha ciddi müqavimət göstərə, döyüşə bilərdi. Məsələn, Polşada Pilsudski diktaturası qurulmuşdu. Onlar bolşeviklərlə mübarizədə böyük uğurlar əldə etmişdi. Pilsudski 1920-ci il aprelin 28-də Kiyevi alanda Lenin də dərhal Bakını götürdü. Hadisələr bu cür baş verirdi. İngilislər də istəyirdi ki, 1920-ci ilin aprelində Bakda çevriliş edib parlament üsul-idarəsini ləğv etsin və Çingiz İldırım başda olmaqla diktaturanı hakimiyyətə gətirsinlər. Və beləcə Pilsudski ilə birləşsinlər. Bu barədə sənədlər var. 28 aprel hadisəsi tarixçilər tərəfindən yaxşı öyrənilməyib. SSRİ zamanı bu hadisələr bir cür azdırılıb, müstəqillikdən sonrakı dövrümüzdə də başqa cür.

- Sizə görə, 28 aprel Azərbaycanın işğal tarixidir, yoxsa qalibiyyət tarixi?

- O dövrdə dünyada mürəkkəb siyasi durum var idi. Açığı, Məhəmməd Əmin Rəsulzadə indiki dövrün siyasətçisi idi. O dövrün siyasətçisi isə Nərimanov idi. Nərimanov mümkün siyasi şəraitdə müstəqil olmasa da, Azərbaycan Sovet Sosialist Respublikasını yarada bildi, biz 70 il bu model altında müəyyən qədər müstəqil yaşadıq. Bizim müstəqilliyimiz həmin dövrdə Pakistanın, Əlcəzairin, hətta Hindistanın müstəqilliyindən daha yaxşı idi. Bizim Konservatoriyamız, Akademiyamız var idi, kütləvi savadlanma keçdik, pulsuz tibbi xidmət oldu. Yəni sosial sahələrdə böyük işlər getdi. Sumqayıtı, Mingəçeviri tikdik. Mən deyərdim ki, Azərbaycan sosialist dövrünü yaxşı yaşayıb. Və bunun nəticəsində artıq biz XX əsrin sonunda müstəqilliyə hazır idik. Yenə deyirəm, Məhəmməd Əmin öz dövrünün siyasətçisi deyildi, xəyalpərəst idi. Praqmatik siyasətçi Nərimanov idi və o da qalib gəldi.

- Siz solçu olduğunuz üçün 28 Apreli möhtəşəm tarix hesab edirsiniz?

- Bəli. Mən hesab edirəm ki, Azərbaycan 28 apreldə baş verənlər nəticəsində heç nə uduzmayıb. Biz o dövrdə müstəqil qala bilməzdik. Müstəqil Azərbaycanı həmin dövrdə kamalçı Türkiyə istəmirdi. Üstəlik Moskva da istəmirdi. Beləcə, iki tərəfdən dəyirman daşı altında qalan Azərbaycan Müsavatı məhv oldu. 1920-ci ilin 28 aprelində Bakını alan rus ordusu bir damcı da qan tökmədi. Amma 1990-c ilin 20 Yanvarında Bakıya girən rus ordusu yüzlərlə insanı qətlə yetirdi. Səbəb bilirsiniz nədən ibarət idi? Çünki orada siyasətçi Lenin idi, burada isə Qorbaçov.

- Ancaq Azərbaycanın ən görkəmli tarixçiləri faktlarla göstərir ki, 28 apreldə Azərbaycan faktiki olaraq bolşeviklər tərəfindən işğal edilib və dövlət müstəqilliyinə son qoyulub...

- Boş şeylərdir. Azərbaycan işğal edilməyib. 28 aprelin müəllifləri Bakıda olan türk zabitləridir. Daha dəqiq desək, 28 aprelin müəllifləri həmin dövrdə Bakıda Mustafa Sübhi başda olmaqla türk zabitləri, eləcə də Çingiz İldırım. Əsas qəhrəmanlar bunlardır. Bizim tərəfdən Çingiz İldırım, Türkiyə tərəfindən isə Mustafa Sübhi.

- Bəs ruslar, bolşeviklər?

- Əsas işi adlarını çəkdiklərim qurublar. Rusların hərbi əməliyyatı isə Levandovskinin rəhbərliyi altında həyata keçirilib.

- Lenini mədh edərək deyirsiniz ki, guya 28 apreldə Qızıl ordu Azərbaycana soxularkən 1 nəfəri də öldürməyib. Ancaq unudursunuz ki, təkcə Yalama sərhədi boyunca Azərbaycanın 300-dən çox süvarisi müqavimət göstərdiyinə görə öldürülüb...

- Məncə, bu fakt deyil. Yalan söhbətlərdir. Belə bir şey olmayıb. Bunu sonradan uydurublar. Sizin iddianız tarixi faktlarla təsdiq edilmir.

- Məncə, siz Vikipediyaya baxmalısınız ki, bu faktı görüb qəbul edəsiniz...

- Bəli, Vikpediyada yazılıb, amma sadəcə yazılıb. Bunu qondarıblar. Hanı onun ilkin mənbəyi?

- Mümkündür ki, tərif etdiyiniz rus ordusu təkcə müstəqil Azərbaycanın əsgərlərini deyil, həm də tarixi sənədləri, faktları məhv edib...

- Yox, belə hadisə olsaydı, inanın ki, bilinərdi. Bu hadisə SSRİ-nin özünə əlverişli idi. Heç olmasa göstərib deyərdi ki, döyüş olub.

- Siz adətən, Leninin doğum günündə, SSRİ ilə bağlı digər əlamətdar günlərdə Nəriman Nərimanovun heykəlini ziyarət edirsiz. Nədənsə son vaxtlar fəal deyilsiniz. Bunu onu göstərir ki, siz solçuluqdan dinə keçid etmisiz?

- Yox. Əvvəla, mənim başım qarışıqdır. Həm də mən siz deyən ictimai-siyasi fəaliyyətlə məşğul olmuram. Mən yazıçıyam, daha çox qələmlə işləyirəm. Başqa sözlə, meydanlar mənlik deyil.

- Sizə görə 28 Aprel tarixi qeyd edilməlidirmi?

- Mən, adətən ad günlərimi, bayramları tək qeyd edirəm. Özümə bir stəkan çay süzürəm və onu da çox mənalı içirəm.

- Yəni bu gün“bayram”ın şərəfinə süzdüyünüz çayı çox mənalı şəkildə içəcəksiniz?

- Tarixi hadisədir. Mənim üçün nə bayram, nə də matəm günləri var. Mənimçün tarixi hadisə və ona baxış var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.