Kənan MM-dən qalmaqallı sözlər: “… biz orta barmaq göstərdik, fahişə dedik hamı etiraz etdi”
3-02-2018, 00:46
Kinoteatrlar gəlirin 60 faizini səndən alır, bu rejissorun, prodüserin qanını içmək deməkdir”
Hər klip rejissorunun kinoya gəlişi uğurlu olmur.
Klip estetikasından kənarlaşa bilmək, məhsulun uzun musiqi klipi deyil, film olmasını təmin etmək bir qədər qəliz məsələdir.
Klipmeykerlikdən kino rejissorluğuna adlayan Kənan Mahmudov (Kənan MM) haqqında isə bunu demək olmaz, çünki Kənan MM onsuz da, video kliplərin çəkilişində də o qədər uğur qazana bilməmişdi.
Kənan MM “Qayıdış”, “Gecə qonağı”, “Dəmir qazan” kimi filmlərlə özünü kino rejissoru olaraq da sınadı. “Gecə Qonağı – 1” filmi ATV telekanalında efirə getdiyi gün çox ciddi tənqidlərə məruz qaldı. Rejissor isə, tənqidləri normal qiymətləndirir:
“Rəylərə əsasən, anladım ki, mən bundan sonra nə ciddi film çəksəm baxacaqlar. Tənqid varsa, ortada iş var, başqa filmlərə yoxdur, guya? Heç kimə zorla izlətmirlər, hamı gedir kinoteatra pulunu verib baxır. Mən də bu işlə məşğulam, nə çəkəni nə də baxanı qınamaq olmur. Mənim bir filmimə 10-15 min adam baxsa, sevinərəm. Sovetin vaxtında qəbul edilməyən filmləri, indi bizə nümunə kimi göstərirlər. “Təhminə”də “Tələsmə Zaur” deyəndə, q…bə sözünü işlədəndə, normal idi, amma mənim “Gecə qonaq”ımda orta barmaq göstərdik, q…bə dedik hamı etiraz etdi. Nələr deyilsə də, mən yolumdan dönməyəcəyəm, davam edəcəyəm”.
İlk çəkdiyi “Qayıdış” filmində rejissor hər kəsi ağlatmağı qarşısına məqsəd qoymuşdu. Ssenarinin bayağılığı, aktyor işinin zəifliyi isə tamaşaçıları ən yaxşı halda Azərbaycan film sənayesinin bərbad durumuna görə ağlada bilərdi.
Ancaq rejissor, filmin çox böyük uğur qazandığını deyir: “Alanya film festivalında “Qayıdış” filmim 30 ölkə içərisində 1-ci yeri tutub. Heç bir sayt bundan yazmadı, amma söyüşlü bir şeir, status yazsaydım hamısı xəbər edərdi. “Gecə qonağı 2” 50 min Türk lirəsinə Türkiyə kanallarına satılıb. Orda Kənan MM-i tanımırlar, sizləri tanıyırlar”.
“Gecə qonağı 2” filminin finalında isə rejissor müəyyən qədər öz ağlatmaq istəyinə çata bilib. Son səhnədə Ədalət və Zaranın görüşüb ayrılmaq səhnəsi Ramiz Mirişlinin “Bir könül sındırmışam” mahnısının sayəsində təsirləndirə bilir.
Ancaq bu səhnənin emosional gücünü aktyor oyunu, rejissor və operator işinin əməkdaşlığı deyil, yalnız musiqi daşıyır. Həmçinin, bu səhnə türkiyəli rejissor Çağan İrmağın “İssız Adam” filminin finalını xatırladır.
Rejissor komediya filmlərində də özünü sınayıb. 7 dekabrda nümayiş olunmağa başlanan komediya janrındakı “Dəmir qazan” filmi, tez bir zamanda – 23 yanvarda “Youtube”a yerləşdirilib. Filmin belə tez bir zamanda “Youtube”a yüklənməsi, kinoteatrda uğur qazana bilmədiyindən xəbər verə bilər. Ancaq rejissor Kənan MM filmin lazımi gəliri gətirdiyini qeyd edib:
“Film pulunu çıxarıbsa “Youtube”a düşməyi normaldı, niyə olmasın ki? Film “Park Cinema”nın istehsalıdır, filmin sahibi mən deyiləm, mən sadəcə rejissoram. Film kinoteatrın özünə məxsus olduğu üçün, xərcləri tez bir zamanda çıxarmaq mümkün oldu”. Ən çox komediya janrında film çəkilməsi məni üzür. Bu filmləri Azərbaycanı təmsil etmək üçün kənara çıxmarmaq olmur. Mənə belə kommersiya filmləri çəkməyi öyrətməyiblər. Mənim yumor anlayışım başqadı, insanların nəyə güldüyünü anlamıram. Komediyanı ancaq lazım olanda çəkirəm, mənim də 2 uşağım var”.
Kənan MM “İnstagram” sosial şəbəkəsində şərh bölümünü izləyiciləri üçün bağlasa da, “Youtube” eyni əməliyyatı yerinə yetirmək yadından çıxıb. Şərh bölümündə istifadəçilərin çoxu filmin şit, bayağı və mənasız olduğunu qeyd edirlər.
Düzü, rejissorun özü də komediya filmlərinin gələcəyi olmadığını söyləyir: “Dramların milliyəti, dini olmur, içi mən çəkdiyim komediya filmi də qarışıq elə jarqonlar var ki, yalnız Azərbaycan tamaşaçısı başa düşə bilər. Ola bilsin, 2-3 ildən sonra komediya kinolarındakı söhbətləri başa düşməsinlər, çünki gündəmdən düşəcək. Bir zamanlar dəbdə olan “Açıldı” sözünün yumor yükü 10 ildən sonra heç kim tərəfindən anlaşılmayacaq. Zamanımızda pul qazanmaq üçün belə sözlər işlədilir, bu da film deyil də, bir fənddir”.
“Kinoteatrlaar gəlirin 60 faizini səndən alır, bu rejissorun, prodüserin qanını içmək deməkdir”
Kənan MM filmlərindən yaxşı gəlir qazanmadığını da etiraf edir: “Azərbaycanda bir film istehsal edən insanın pul qazanması mümkün deyil. Bilirsiniz niyə? Kinoteatrlar gəlirin 60 faizini səndən alır, bu rejissorun, prodüserin qanını içmək deməkdir. 3 dənə lampa yandırır, 60 faiz istəyir, hələ pulu da bankla göndərir, 4 faiz də oradan tuturlar. Əgər bir ölkədə rejissora, aktyora 100 manatdan 36 manat pul qalırsa, o ölkədə film heç vaxt inkişaf edə bilməyəcək. Bu sonun başlanğıcı deməkdir. Kinoteatr şəbəkələri bir-birləri ilə danışmır. “Park Cinema”a verirsən, “Cinema plus” götürmür. Bu filmi tort kimi bölüb hərəsinə bir pay verə bilmərəm. “Gecə qonağı 2”ni çıxmaq şərti ilə heç bir filmim öz xərcini ödəməyib”.
Damla