Fatimə Abbasquliyeva: “Onun seks kölələrindən biri olmaq istəmədim”

17-03-2018, 14:11           

Rusiyanın xalq artisti Mark Rozovski tərəfindən təcavüzə uğradığını iddia edən azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva Sputnik Azərbaycan-a müsahibəsində zorlanma hadisəsinin təfərrüatlarını açıqlayıb.
— Fatimə, siz Azərbaycanda kifayət qədər populyar idiniz, amma qəfildən Rusiyaya getməyə qərar verdiniz. Niyə?
— Ona görə getdim ki, o vaxtlar Rusiyanın ən yaxşı teatr sənəti universiteti olan — QİTİS-ə (Rusiya Teatr Sənəti Universitetinə-red.) daxil olum. Bildiyim qədər, mən bu tədris müəssisəsində təhsil alan ilk azərbaycanlıyam.


Fatimə Abbasquliyeva



— Sizin Moskva həyatınız necə keçdi və məqsədlərinizə nail ola bildinizmi?
— Mənim orada öz həyatım, daşınar və daşınmaz əmlakım var. Düşünürəm ki, məqsədlər ardıcıl olmalıdır. Bəzən taleyin iradəsinə hökm edərək geri çəkilirsən, amma sonra özünün daimi həyatına geri dönməlisən.
— Fatimə, Andrey Malaxovun verilişinə çıxana və sensasiyalı bəyanatınızı verənə qədər xeyli müddət idi ki, sizdən bir xəbər yox idi. Niyə uzun müddət susduqdan sonra hər şeyi danışmaq qərarına gəldiniz?
— Susurdum, çünki bunu öz rüsvayçılığım hesab edirdim. Amma bu, mənim rüsvayçılığım deyildi, öz avtoritetindən sui-istifadə edərək sadəlövh insanları qandıran və onları öz maraqlarına qurban verən bir insanın rüsvayçılığı idi. Baxmayaraq ki, bu SSRİ dövründə bir çox ölkələrdə aktual idi, belə insanlar cəzasız qalırdılar. Çünki onların qurbanları qorxudan və ictimaiyyətin qınağından çəkindiklərindən başlarına gələnləri gizlədirdilər. Dözürdüm, çünki hesab edirdim ki, həyat artıq mənasızdır. Deməli, Moskvada məhz belə olur və bu, mənim rüsvayçılığımdır, bu barədə heç kəsə danışmaq olmaz. Düşündüm ki, bu, bir dəfə başıma gəlib və mənim daxilimdə qalacaq. Baxmayaraq ki, çox əzab çəkirdim. Elə bilirdim onun mənə rəhmi gələcək və mənə toxunmayacaq. Axı o, istədiyini almışdı. Amma o, mənə istehza edirdi, göz yaşları axıtmağıma səbəb olurdu və mənə qarşı təxribatlar təşkil edirdi.
Sonra isə teatrın qadın kollektivindən dəstək alaraq, mümkün qədər onların arxasında gizlənirdim. Teatrdan çıxmadım, çünki onlar məni təhqir edəndə, fikirləşirdim ki, bu, qısqanclıq və qorxu hissindən irəli gəlir. Mənə itaətkar və qurbanlıq olmağı öyrətmişdilər. Mən inanırdım. Truppa mənim üçün ailə olmuşdu. Amma artıq dərk edəndə ki, seks və ya rüsvayçılıqla rol oynacağam, başa düşdüm ki, artıq dözmək lazım deyil, artistlik karyerası da rədd olsun, çünki hər şey çox-çox çirkli və saxta idi.
İmtina etdikdən sonra adamların qarşısında alçaldılmışdım. Dözə bilmədiyim üçün qovuldum. Yalnız bu yaxınlarda özümə gəldim və başa düşdüm ki, dünyada düzgün insanlar çoxdur. Mən öz sənətimə qayıtmalıyam. Amma çirkin qaydalarla deyil. Bunun üçünsə sağlam cəmiyyət olmalıdır. Lakin əvvəlcə günahsız insanları xəbərdar etmək və borcdan çıxmaq lazımdır.


Fatimə Abbasquliyeva



— Sizin Mark Rozovski ilə ilk tanışlığınız necə baş verdi və onun sizə "marağı" necə əmələ gəldi?
— Mark Rozovski mənim əsas müəllimim olub. Mən təhsilimin üçüncü kursunda onun emalatxanasına keçmişəm. Bir dəfə teatrın koridorunda o təklikdə mənə dedi ki, mənimlə karyeram barədə ciddi danışmaq istəyir və ona görə də dərsdən sonra gəlməli olduğum evin ünvanını verdi. Mən danışılan vaxtda görüşə getdim. O isə gələndə mənə əli ilə ardınca gəlmək işarəsi verdi. Biz aşağı düşməyə başladıq. Biz zirzəmi ərazisinə düşdük. Sağa dönəndə bilyard masası olan otaq gördüm. Mən inana bilmirdim, çünki Mark Qriqoryeviç mənim üçün büt kimi idi. O əlimdən tutaraq mənə kompliment deməyə başladı. Mənə şərq gözəli dedi və bildirdi ki, "məni hiss etməlidir". Bunu yada salmaq çox çətindir, çünki bəzi məqamları yaddaşımdan silmişəm. Yadımdadır ki, mənim paltarım əynimdən çıxarıldı və məndən istifadə etdilər. Mən özümü çox pis hiss edirdim. O dedi ki, mən bunu hamıdan gizli saxlamalıyam və istəyən vaxt onunla görüşməliyəm.
— Demək Mark Rozovski yenə onunla görüşməyi təklif etdi?
— Bu görüşdən sonra onunla hər cür kontaktdan qaçmağa çalışırdım. Bir ildən sonra o yenidən mənə zəng elədi və yanıma gəldi. O görüşdə Mark Qriqoryeviç dedi ki, kurs rəfiqələrimdən istənilən birini də cəlb etmək yaxşı olardı. Bu mənim onunla ikinci və sonuncu görüşüm oldu. Mənə elə gəlirdi ki, əgər belə bir işi yaşlı adam, öz müəllimin edirsə, seksə məcbur edərək konkret ad çəkərək kurs yoldaşlarımla da olmaq istəyirsə, demək hər yerdə belədir, bəlkə də daha pisdir.

— Bəzi yeni başlayan aktrisalar sənət üzrə irəli getmək üçün özləri teatrın direktoru və ya rejissoru ilə görüşmək istəyirlər. Bu barədə çox yazılıb və deyilib. Demək istəyirsiniz ki, sizin heç vaxt belə bir fikriniz olmayıb?
— Sənin mərhum nənəndən bir yaş böyük, evli, arvadı həmişə yanında olan, qızı isə həmin təhsil müəssisəsində oxuyan, kiçik oğlu isə aktrisa kimi sənin heyranın olan bir müəllimlə görüşmək? Əlbəttə, mənim heç vaxt belə bir fikrim olmayıb. Bu qoca yalnız yaşlı deyil, həm də qorxuncdur. O məni öz kölələrindən birinə çevirmək istəyirdi. Bu suala sakit cavab vermək çox çətindir.
— Necə bilirsiniz, Rusiya tamaşaçısı kimin tərəfindədir: sizin, yoxsa Rozovskinin?
— İstənilən adekvat tamaşaçı həqiqətin kimin tərəfində olduğunu görür. Burada iki düşərgə var: birincisi, mənə inanan tamaşaçılardır. İkincisi isə Rozovskinin dostları, həmkarları və qohumlarıdır.
— Niyə digər aktrisalar sizi dəstəkləmirlər?

— Teatrın aktrisaları dəstəkləyə bilməzlər, çünki təəssüf ki, asılıdırlar. Digər həmkarlarım isə sadəcə qorxu və paxıllıqdan bunu etmirlər.
— Çoxları hesab edirlər ki, siz Mark Rozovskinin adından istifadə edərək özünüzü reklam edirsiniz. Bu adamlara nə deyərdiniz?
— Belə qoca, murdar baba ilə reklam etməyə ehtiyac yoxdur. Onu biabır etmək lazımdır. Malaxovun verilişindəki yalan detektoru göstərdi ki, bu yoldançıxarma, psixoloji zorlama və seksual məcburetmə olub.
— Siz demisiz ki, həmin şəxsi cəzalandırmaq istəyirsiniz, amma necə?
— O artıq üzərində ömürlük rüsvayçılıq damğası olduğuna görə cəzalanıb. Mənim o teatrda 6 ildən çox işləyərək susmağım Rozovskinin qüdrətli olduğunu göstərmir. Əgər o, qadınlara belə münasibət bəsləyirsə, sizcə o vəzifəcə üstün adamların yanında hörmətlidir? Fikrimcə, yox! O küncə sıxılıb və öz çaqqalları ilə gizlənib. Amma mən əminəm ki, "U Nikitskix vorot" teatrında indi çoxları bu qisasa sevinirlər, sadəcə maaşa görə susurlar, lakin ürəklərində Tanrıya təşəkkür edirlər. Onun böyük əlaqələri yoxdur. Kim onu müdafiə edəcək? Böyük imkanları da yoxdur. Mənim imkanlarım əlbəttə onlarla dəfə ondan azdır, amma həqiqət, xalq və qoruyucu mələklərim mənimlədir. Mənə çox cəsarətli və prinsipial vəkil lazımdır. O mənə piar və pulun müqabilində yox, həqiqət naminə kömək etməlidir. Təhqiqat aparılsa, hər şey öz yerini tutacaq. Çünki əgər mən bu işin ardınca getməsəm, sadə insanlar neyləsinlər? Sonacan gedəcəm. Mən əminəm ki, əgər biz birləşsək, belə şey bir də təkrar olunmayacaq.

— Hazırda nə işlə məşğulsuz və bundan sonrakı həyatınızı necə qurmaq fikrindəsiz?
— Öz ixtisasım üzrə işləməyə davam edəcəyəm. Amma necə, bunu həyat göstərəcək.
Fatimə Abbasquliyeva Azərbaycanda doğulub. Erkən yaşlarından oxumağa başlayıb. On beş yaşında "Miss Azərbaycan" titulunun sahibi olub. 17 yaşında Azərbaycanın müstəqil musiqi mükafatı olan "Qızıl mikrofon"un iki nominasiyada qalibi olub. Onu vətənində "Azərbaycanın Lolitası" adlandırırlar. 19 yaşında o, vətənində hər şeyi buraxıb Moskvanı fəth etməyə gedib.
Moskvada Rusiya Teatr Sənəti Universitetinə daxil olub və Mark Rozovski ilə də orada tanış olub. Aktrisa bu günlərdə "Rossiya 1" telekanalının Andrey Malaxovun aparıcısı olduğu "Pryamoy efir" ("Birbaşa efir") verlişinin qonağı olub və orada 12 il əvvəl Rusiyanın Xalq artisti Mark Rozovski tərəfindən təcavüzə məruz qaldığını bildirib.
Mark Rozovski Rusiyanın məşhur teatr rejissoru, dramaturq, ssenari müəllifi, bəstəkar, yazıçı, şair və "U Nikitskix vorot" teatrının bədii rəhbəridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.