Uşaqlarda qida allergiyası

16-05-2018, 09:04           

Uşaqlarda qida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı olan allergik reaksiyadır.

Milli.Az bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının uşaq kardio-revmatologiya şöbəsinin həkim-rezidenti Səkinə Əzizli tədris ocağının mətbuat xidmətinə müsahibədə verdiyi məlumata görə, adətən zülallar, nadir hallarda isə piylər və karbohidratlar allergik reaksiyalara səbəb olur: "Əsl qida allergiyasına nadir hallarda rast gəlinir. Əksər hallarda isə bunun səbəbi irsiyyətlə bağlı olur. Allergen orqanizmə daxil olandan sonra 1-2 saat ərzində anafilaksiya, dəri səpgisi, astmaya bənzər xışıltı, boğulma, mədə-bağırsaq pozğunluğu, qusma, ishal, qanlı selikli nəcis, reflüks, nadir hallarda qəbizlik və s. ortaya çıxır. Ən geci 72 saat sonra atopik dermatit meydana gəlir, körpələrdə əsasən inək südü və yumurta zülalına qarşı allergik reaksiya yaranır. İnək südü allergiyası körpə 4-8 həftəlik ikən (sensibilizasiya olduqdan sonra) başlayır, 15-18-ci aylarda keçib gedir. Qusma yoxdursa, qanlı selikli ishal 8-9-cu aylarda keçir".

O, allergiyalı uşaqların dərisinə xüsusi qulluq lazım olduğunu söyləyir: "Allergiyalı uşaqlarda dərinin nəmlənməsini təmin edən zülal defisiti olduğuna görə onlarda dəri quruluğu müşahidə edilir. Buna görə də dəriyə mütəmadi olaraq, nəmləndirici kremlərlə xüsusi qulluq olunmalıdır. Bunlardan əlavə, gec çəki artıran, başında çox kəpəklənməsi və köpüyü olan uşaqlarda da allergiyadan şübhələnmək olar. Yumurta və inək südündən əlavə dəniz məhsulları, qoz, fındıq, badam, yer fındığı, alma, armud, şaftalı, ərik, pomidor, ispanaq, kivi və başqa qidalar, xüsusilə pomidor və çiyələyin tərkibində olan histamin allergiyaya səbəb olur. Meyvə-tərəvəzə allergiyası olan uşaqlarda çarpaz olaraq, bitki tozlarına qarşı da allergiya yaranır".

Həkim-rezident allergiya zamanı diqqət yetirilməli bir sıra məsələlərə toxunaraq deyib: "Körpənin ilk altı ayında yalnız ana südü ilə qidalanması mütləqdir. Əlavə qidalara keçid zamanı ehtiyatlı olmaq lazımdır. Hər yeni qida 3 gün verilərək yoxlanılmalı, allergiyaya səbəb olmadığı halda onun verilməsini davam etdirmək olar. İnək südünə qarşı allergiyası olan uşaqlarda ananın menyusundan süd məhsulları çıxarılmalıdır. Lakin həmin məhsulları çıxarandan sonra da qanlı selikli nəcis keçmirsə, bu zaman yumurta allergiyasından şübhələnmək lazımdır".

Səkinə Əzizli qeyd edib ki, allergiya uşaqların 60 faizində 2, 80-85 faizində 3, 5 faizində isə 6 yaşda keçib gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.