Elçibəyin qardaşı qızı: “Gördüm, gözlərindən yaş axır...” – Müsahibə

24-06-2018, 12:10           

“Pıçıltıyla soruşdu ki, Əbülfəz nə vaxt gəlir?”

Teleqraf.com mərhum Prezident Əbülfəz Elçibəyin qardaşı qızı Səadət Muradqızı ilə müsahibənin ikinci hissəsini təqdim edir:

Səadət Muradqızı “KQB”nin Mərkəzi Komitədə işləyən polkovniki Səlimzadə və universitetin kuratoru Kərim Kərimovun axtarış üçün qaldıqları Novella Cəfəroğlunun həyat yoldaşı Vilen Markeviçin evinə gəldiklərini xatırladır:

- Tez çarpayımdan qalxıb geyinməyə başladım. Maraqlı gəldi, görəsən, gələn kimdir? Bayirdan səs gəldi ki, kim var evdə? Seyfəddin də yerində uzanıb, hələ tam ayılmayıb. Gələnlər uca səslə dedilər ki, DTK-dan gəlmişik, evdə axtarış aparılacaq. Seyfəddin durdu, dedi ki, bacım da evdədir, yatıb. Dedilər, dursun, axtarışa başlayaq. Mən də çarpayının altındakı çemodanı açdım, əmimin gizli sənədləri yığdığı paketi yubkamın belinə qoydum, bayrağın da tutacağı uzun idi, qolumun altında gizlətdim, qolumu da dik saxlamışam ki, düşməsin.

Bir az yubandım deyə irad bildirdilər ki, tez çıx pərdənin arxasından. Mən də tonla qayıtdım ki, geyinməli deyiləm?! Gözlədilər. Qonşudan da şahid kimi adam çağırdılar, atamın iş yoldaşı Rəhimə dedilər, o gəldi. Otaqda çoxlu kitablar vardı, küncdə taxtadan düzəldilmiş rəf qoymuşduq, qabağında yazı stolu vardı. Bir-bir bütün kitabları vərəqlədilər. Birdən hansısa kitabın içindən topa ilə Atatürkün fotoları çıxdı, yerə qat-qat sərildi. Rəhim də özünü saxlaya bilmədi, sevinclə dedi ki, “hmm, Atatürk”. Onun gözünün parıltısını hələ də xatırlayıram. Soruşdular ki, evdə nə söhbətlər gedir? Tələşlandım, dedim, heç nə eşitməmişəm. Soruşdular ki, sizə filankəslər gəlir, nə barədə söhbət gedir?

- Kimlərin adını çəkdilər?
- Universitetin müəllimlərinin, o cümlədən Rafiq İsmayıl, Süleyman Əliyarlının adını çəkdilər. Aydın vardı, “Türk Aydın” deyirdilər, onu soruşdular. Seyfəddinlə dedik ki, bu mövzuda heç nədən xəbərimiz yoxdur. Nə isə, yazdılar-pozdular, Səlimzadə ağır, təmkinli kişi idi. DTK-nın universitet üzrə kuratoru isə özünü böyük iş görmüş qəhrəman kimi aparırdı. Qonşuya da qol çəkdirdilər. Əmimin harada olduğunu və nə vaxt qayıdacağını soruşdular, halbuki çox gözəl bilirdilər. Eyni vaxtda, eyni saatda Kələkidəki evə gediblər. O evdə Almurad əmim nənəmlə qalırdı. Bakıdan bir nümayəndə və Ordubadın “KQB”si gəlibmiş, nənəm çox ağıllı qadın idi, deyib neyləyək, Əbülfəz də qurban olsun, o qədər tutub aparmısınız,.

Gələnlər deyib, ay nənə, bizə icazə vermirlər, amma istəyirik, çayınızdan içək. Nənəm də çay verib. Növbəti gün səhər tezdən qapı döyüldü, Almurad əmim bizə gəlmişdi. Atam da Goranboyda Qazanbulaq qəsəbəsində Geoloji Kəşfiyyat İdarəsində işləyirdi, olanlardan xəbəri yox idi. İnanın Almurad əmimin gün boyu çəkdiyi siqaret kötüklərini tərəziyə qoysaydıq, bəlkə də bir kiloqram olardı. Masanın üstündə böyük külqabımız vardı. Əmim ara vermədən siqareti-siqaretə caladı. Səhəri birtəhər açdıq. Xəbər yaydıq, Rafiq İsmayıl ailəsi ilə gəldi, könüllü tələbələr yığışdı bizə. Çox qəribədir ki, hər gün evimizə gələnlər heç qapımızı açmadılar. Rafiq İsmayıl ailəsi ilə bizə çox mənəvi dayaq oldu, dayım Aydın Qasımov gəldi. Uşaq idim, mənəvi cəhətdən çökə, ürəyim partlaya bilərdi, çox şeyi başa düşmürdüm, əmimə çox bağlı idim. Məni evlərinə aparıb ürək-dirək verdilər. O biri gün Əbülfəz əmim gəldi. Dedi, şərəfsizlər, mən olmayanda gəlib axtarış aparıblar.

- Gizlətdiyiniz sənədlərdən yəqin danışdınız.
- Hə, danışdım ki, əmi, bax belə gizlətdim. Mənə baxıb gülümsədi. Dedi, onu bərk saxla, qoru.

- Bəs o paketin içindəkilər nə idi?
- İnanın, təzəlikcə bilmişəm. Özəl bir şey olduğu üçün açıb baxmaq ağlıma belə gəlməmişdi. Bayraq bilirdim ki, Müsavatın bayrağıdır. Ancaq sənədlərdən bixəbər idim. Sən demə, Müsavatın məramnaməsi, proqramıymış. Malik Mahmudov xarici ölkələrdə arxivdə olanda əlinə keçib, Elçibəyə xəbər verib. O da deyib nə yolla olur- olsun, sən onu gətir.

- Azərbaycan Xalq Cümhuriyyəti dövründən qalma sənəd imiş?
- Bəli.

- Çox qəribədir ki, Elçibəyin məhkəmədə üzünə duran şəxslərin çoxunun həmin çemodanda şəkilləri varmış. Bəs Malik Mahmudov sonadək Bəyə sadiq qaldı?
- Malik Mahmudov əmimin məhkəməsində yazmışdı ki, mən dəfələrlə Əbülfəzə demişəm ki, bu işlərdən əl çək. Halbuki onu, Rafiq İsmayıl və Abbas Musayevi əmimin ən sadiq dostu sayırdıq. Rafiq İsmayılovun hətta tutulmaq təhlükəsi olmuşdu, Abbas müəllim də əmimin əleyhinə nə isə danışmamışdı. Fərhad Vahabov adlı gənc vardı, çox gəlib-gedirdi, sonra o da yoxa çıxmışdı, məhkəmədə üzə duranlardan idi. Bir neçə il əvvələ qədər keçmiş MTN-də vəzifəli şəxs idi.

- Bəs Əbülfəz bəy necə saxlanıldı?
- Əmim qayıtdı gəldi, səhəri gün imtahanı vardı. Mərkəzi Komitənin katibi Daniel Quliyevin qızının imtahanı imiş. Əmimə zəng elədilər, dedi, imtahandan çıxıb gələrəm. İmtahandan sonra çağırılan yerə getdi, bir daha qayıtmadı. Yanvarın 17-si idi. Bizə zəng gəldi ki, Əbülfəz Əliyevi həbs etmişik, gəlməyəcək. Məni saxlamaq olardımı? Almurad əmim də Kələkiyə qayıtmışdı, Seyfəddinlə ikimiz qalmışdıq. Mənim dadıma Rafiq İsmayıl xanımı ilə çatdı. Onların yaxşılığını heç vaxt unutmaram. May ayında məhkəməsi başladı, onda da atamgilə, Geologiya İdarəsinin əməkdaşlarına ev verirdilər.

Dedilər, bunun qardaşı anti-Sovet təbliğatına görə tutulub, ona necə ev verilir? Almurad əmim də geologiya sahəsində işləmişdi, ona da, atama da verirdilər. Ancaq bizə mane oldular. Allah yaxşı adamlara rəhmət eləsin, müdiri Nazif Abdullayev atamın adını ev siyahısına saldırmışdı, əmimə də ataları müharibədə şəhid olmuşdu deyə 40 illik münasibətilə ev verildi. Eyni binada atam Murada 5, Almurad əmimə 4 otaqlı ev düşdü, bloklarımız ayrı idi. Novella Cəfəroğlunun həyat yoldaşı Vilen Markeviçə də ev verdilər. Məhkəmə başa çatdı, il yarım iş kəsildi, əmim həbsxanaya göndərilməli idi. Rafiq İsmayıl da deyibmiş ki, Səadəti göndərin, imtahan ərəfəsidir yenidən sənədlərini versin. Mən də gəlmədim.

- Ruhdan düşmüşdünüz?
- Hə, əmim həbs olunduğuna görə çox məyus idim. Əbülfəz əmimə deyiblər ki, hansı təcridxanada qalmaq istəyərsiz? Atamın Bəhram adında iş yoldaşı vardı, onun baldızının əri Qaradağ həbsxanasında karxananın rəhbəri idi. Orada dustaqları karxanada işlədirdilər. Biz də heç kəsi tanımırdıq, Bəhram kişi atama demişdi ki, ora razılıq versin, kömək edərik. Həmin həbsxananın şəraiti ağır idi, amma əmim ora - Qaradağa getdi.

Ev verildiyinə görə məni Bakıya göndərdilər ki, gəlim su, qaz çəkilişinə nəzarət edim. Əmimin, öz evimizin, Vilen müəllimgilin evlərinin açarlarını verdilər. Atam Qazanbulaqdan qayıtdı, evdə də şərait yox idi, Rafiq İsmayılgildə xeyli xörək, şirniyyat bişirib köhnə “Volqa”ya yığıb Qaradağa getdik. İndi iqlim dəyişib, külək yoxdur. O vaxtlar Bakıda həftənin dörd günü külək olurdu, vıyıltısından, toz-dumandan dayanmaq olmurdu. Həbsxanaya çatdıq, dedilər görüş verə bilmərik, birtəhər yeməkləri qəbul etmələrinə razı saldıq. Həmin vaxt uzaqdan dustaqları gördük, hamısının geyimi eyniydi, əmim hündürboy idi, tanıyan kimi tez qışqırdım, o da mənə tərəf baxdı. Bizi də danladılar ki, məhbuslarla danışmaq olmaz.

O səhnə gözümdən getmir. Atam, mən, Rafiq İsmayıl, yoldaşı Xanım kor-peşiman qayıtdıq gəldik. Gözümüzü də külək tozla doldurmuşdu. Dedilər, təzəlikcə təcridxanaya gətirilib, heç olmazsa bir ay keçməlidir, sonra görüş veriləcək. Ay tamam olanda yenə görüş üçün hazırlaşırdıq.

- Bakıda tək qalırdınız?
- Hə, hamı sentyabrda köçməli idi, mən evlərə qaz, suyun çəkilişinə nəzarət edirdim. Ayın tamamında yenə hazırlaşıb getdik, dedilər, sizdən qabaq xalası qızı gəlmişdi, biz də təəccübləndik ki, nə xalaqızı, heç kimimiz yoxdur. Atam əsəbiləşdi. Dedilər, yalnız bir görüşə icazə verilir, xalası qızı da gəlib gedib.

- Kim imiş?
- Əmimin tələbələrindən imiş, Nüşabə... Bütün məhkəmələrdə də iştirak etmişdi, xalaqızı adı ilə gedib görüşmüşdü deyə bizə görüş üçün icazə vermədilər. O qıza söyə-söyə evə qayıtdıq. Növbəti ay yenə atam alış-veriş edib gəlmişdi, o qədər adam ortalığa çıxdı ki, “biz də görmək istəyirik”. Ələsgər Siyabov vardı, əmimin ən sadiq tələbələrindən biri idi, məhkəmə ərəfəsində bütün institutlara kağızlar yapışdırmışdı, “Müəllimimizə azadlıq” şüarları paylayırdı. Tutulandan çıxana qədər bizə gəlib-getdi, dəstək oldu. Mənə neçə dəfə dedi ki, olar, sənin yerinə mən girim görüşə. Belə dedikcə də ona acığım tuturdu, dedim, yaxşı, gedək çataq, baxarıq.

Ara gün idi deyə məhbusların görüşünə gələnlər az idi. Atam rəisin yanına girdi, söhbət elədi, hamımıza görüş üçün icazə verildi. Mənə demişdi ki, gələndə Dədə Qorqud dastanını, ensiklopediyanın hansısa sayını gətir. Yolda Rafiq müəllimlə atam deyinirdi ki, ay rəhmətliyin oğlu, neyləyirsən həbsxanada Dədə Qorqudu, yenə başımıza iş açacaqsan. Xanım Xəlilova da qayıtdı ki, özünə yığılmır da. Sonra görüş vaxtlarını azaltdılar. Atam iş yoldaşının qohumu Orucla danışdı, o, Xırdalandan maşınla gəlirdi, “Qələbə” kinoteatrının qabağından keçirdi, sübh tezdən bişirdiyimiz yeməklərin qazanlarını və kitabları götürüb aparıb verdim. O külək də elə hey əsirdi. Gündəlik yemək göndərirdik. O vaxt da qazan-zad da tapa bilmirdik, özü də bir nəfərlik yox, xeyli yemək bişirirdik. Oruc hər gün aparırdı, deyəsən, şənbə-bazar günləri işə getmirdi. Bacımla, elə olurdu Seyfəddinlə aparıb təhvil verirdim. Əmim 6 ay KQB təcridxanasında, 1 il də Qaradağdakı həbsxanada qaldı. Çox sağ olsunlar, əmimə daş daşımağa imkan vermirdilər, Oruc da “naryad”ı yazırmış.

- Türkologiya üzrə oxuya bilmədiniz?
- Əmim iyunda həbsdən çıxmalı idi. Rafiq İsmayıl dedi, nə olur olsun, əminə sürpiz edib sevindirməliyik. Sənədlərimi düzdülər-qoşdular, imtahanda iştirak elədim, o vaxt gərək iş təcrübən olaydı, atam əmək kitabçasını haradasa yazdırdı, Tarix fakültəsinə qəbul üçün imtahanlara girdim. Rafiq İsmayıl imtahan götürən müəllimlərə məni tapşırmışdı.

Heç yadımdan çıxmır, yazılı imtahanda Firudin Hüseynov adlı müəllim vardı, bizə də gəlib-gedirdi, mənə yaxınlaşıb soruşdu ki, qurtardın? Dedim, hə. Deyəsən “Mehman” povesti barədə sual düşmüşdü. Pıçıltıyla soruşdu ki, Əbülfəz nə vaxt gəlir? Çox qəribədir ki, tarixlə yanaşı qeyri-ixtiyari saatı da dedim, heç saatı bilmirdim. Gördüm, gözlərindən yaş axdı. Attestat balı yüksək tələb olunurdu, mənim də balım yaxşı idi, üst-üstə yığıldı ən yüksək balla girən tələbələrin siyahısında 4-cü yerdəydim. Anam dişinə görə xəstəxanada yatırdı, onun yanındaydım, Rafiq İsmayıl gedib öyrənib gəlib məlumat vermişdi. Gəldi ki, gəl, tələbə, gedək adına siyahıda özün bax. Gecə qəbulunda iştirak etmişdim, dedilər gündüz növbəyə salacağıq, o vaxt “Raykom”da çalışanların uşaqları Tarix fakültəsinə qəbul olardı, bizimkilərə yer yox idi.

- Əminizin həbsdən çıxdığı günü necə xatırlayırsınız?
- Yemək hazırlamışdıq, bizə dedilər, evdə oturun. Atam, Rafiq İsmayıl paltar aparıb getmişdi. Sənədləşmə ilə əlaqədar bir az yubanmışdılar, maşın həyətə çatanda 6 mərtəbənin pilləkənləri necə ildırım sürətilə düşdümsə, əmim maşından düşənədək aşağı çatdım. Möhkəm qucaqlayıb ağladım. Əmim gələn kimi o itib-batmışlar üzə çıxdı. Deyirdim, qovacam bunları. Əbülfəz Elçibəy onsuz da həbs olunacaqdı, bilirdik ki, bu quruluşda belə sözləri açıq demək qadağandır. Amma deyirdi və məlum idi ki, axırı nə ilə nəticələnək. Buna baxmayaraq, milli satqınlarımız, universitetin müəllimi Mübariz Əlizadə DTK-ya gedib yazıb ki, bir müəllim var, gəlin, tutun aparın, Sovet hökumətinin əleyhinə danışır, Azərbaycanı birləşdirmək istəyir, tələbələri zəhərləyir, belə müəllimi tələbələrin yanına buraxmaq olmaz. Həmin Mübariz dönə-dönə gedib, deyiblər, gəlib, əziyyət çəkmə, bilirik.

O Mübariz Əlizadənin övladları Zərdüşt, Araz fars agentləridir. Onlar bu millət, xalq üçün nə edəcəklər? Azərbaycanın, millətimizin “yazva”larıdır, fəaliyyətlərinə davam edirlər. Bir müəllim vardı, məclisdə olanda əmim vahid Azərbaycanın sağlığına tost demişdi, - təəssüf adını unutmuşam, - o müəllim də gedib xəbər çatdırmışdı. Məhkəmədə dindiriləndə elə vəziyyətə düşmüşdü ki, ölsəydi, ondan yaxşı olardı, heç xeyir də tapmadı.

Sapı özümüzdən olan baltalar indi də var, olub, olacaq da. Buna baxmayaraq, haqq-ədalət öz yerini tapır. Bizim çətin günümüzdə Rafiq İsmayıl ailəsi ilə həmişə yanımızda olub. Heç vaxt bunu itirmərəm. Təəssüf edirəm ki, onların Elçibəyə, bizim ailəyə qarşı bu münasibəti axıradək davam eləmədi. Hələ Fəzail Ağamalıdan danışmadım...Qardaşım “Cocu” onun cavabını çox yaxşı verib. Bilirsiniz də, qardaşım Ədalətin adı necə “Cocu” olub.

- Kələkiyə gedənlərə zarafatla deyirdilər ki, burada qalmaq üçün ən gözəl məkan “Cocu otel”dir.
- Qardaşım uca boylu, sarıbəniz, hündürdən danışandır. Bir dəfə əmim ona deyib ki, nə Con Meycor kimi ucadan danışırsan. Ona görə Ədaləti ona bənzədərdi. Con Meycor Britaniyanın keçmiş baş naziri olub. Kənd camaatı da “Con Meycor”u “Cocu”ediblər. Əmimlə bağlı xatirələrim o qədər çoxdur, bilmirəm nələrdən danışım. Həmişə bizi operaya, tamaşalara aparardı. Bir dəfə Rübabə Muradovanın konsertinə getmişdik.

Rübabə oxudu ki, Təbrizlə Bakının arasındayam, tikanlı məftillər sinəmə batır. Onda əmim çox duyğulandı. Onun qardaşına əmim dərs demişdi. Hətta əmimin toyu vaxtı deyirdilər, bəlkə Rübabəni gətirək toya, amma əmim razı olmamışdı. Toy kənddə olmuşdu, ancaq yasında Rübabə Muradovanın qızı apardı məclisi. Molla Səfa deyirlər, o da gəlmişdi, necə ağılar deyirdi, adam dayana bilmirdi.

- Ailə qurana qədər Bakıda əminizlə bir yerdə yaşadınız?
- Bəli. Əvvəllər xörək bişirə bilmirdim, çox duzlu hazırlayırdım, yeyirdi, deyirdi çox dadlıdır, heç vaxt deməzdi, duzludur. Maş şorbasını çox sevirdi, lobyaya bizdə maş deyirlər, ət qovurması ilə bişirilir. Vasim Məmmədəliyevin də sevimli yeməyi idi. Əmim deyirdi ki, axı ananın qoyun ətindən dadlı kələm dolmasını qoyub nə gözünü dikmisən tələbələrin maş şorbasına. O da qayıdırdı ki, yox ey, maşın yeri ayrıdır. Əmim gün ərzində cəmi bir dəfə yemək yeyirdi, gecə saat 2-də. Məndən soruşurdu ki, dünyada ən pis şey nədir? Başlayırdım saymağa, deyirdi yox, ən pisi üz qırxmaq, təraş eləməkdi. Axı müəllim idi, gərək hər gün təraş olunardı. Sonra qayıdırdı dünyada ən yaxşı şey nədir? Yenə sadalayırdım, deyirdi, yox, yatmaq...

Axı sən heç yatmırdın, ay əmi. Nənəmin də xatirələrində var, quru tutla uzanıb yerdə lampa işığında gecə səhərə qədər oxuyub yazırdı. Lapma işığında o qədər oxudu, amma gözünün nuru getmədi, eynək taxmırdı, genləri çox sağlam idi. Deyirdi, genimizdə təzyiqdən sifət əyilir, sonra düzəlir, heç o da olmadı. Əmim kəndə gələn kimi bütün ağsaqqallar, ağbirçəklər yığışardı, onda hələ tələbəydi. Gözü, könlü tox idi, onun insanlığı sözlə ifadə oluna bilməz.

Təbriz həsrəti, Qarabağ həsrəti ilə bu dünyadan getdi. Onun dərdi millətin bütövlüyü, birləşməsi idi. Böyük türkçü idi. Əli bəy Hüseynzadənin kim olduğunu bilmirdim, son illər arxivlər açılıb, hamı bilir ki, kimdir. Əli bəyi oxuyanda deyirəm, ay aman, bu insan əmim Əbülfəzdir. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnu oxuyanda deyirəm, vay, bu şəxsiyyət necə Elçibəyə bənzəyir. Bu şəxslər haqda oxuyanda deyirəm, elə bil bu həyatı əmim yaşayıb. Ruhu şad olsun..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.