Günayı “Bandotdel”ə verən sponsoru: Mənə 225 min borcu var

24-06-2018, 08:44           

Bir neçə gündür ki, mediada müğənni Günay İbrahimlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması barədə məlumat yayılıb.

teref.az oxu.az-a istinadla müğənnini 225 min manat pulunu mənimsəməkdə ittiham edən keçmiş sponsoru Nuriyyə Əhmədovanın müsahibəsini təqdim edir:

- Günayla nə vaxt tanış olmusunuz və necə oldu ki, ona pul ayırmaq qərarına gəldiniz?

- 2009-cu ilin yanvar ayında tanış olmuşuq. 2008-ci ildən bəri sponsorluq etmək üçün müğənni axtarırdım. Səidə Sultan, Xuraman Şuşalı ilə görüşdüm. Ülviyyə Alovlu, Nərminə Qafarlıya mənə müğənni tapması üçün müraciət də etdim. May ayında modelyer Zümrüd Mirzəliyevanın vasitəsilə prodüser Təranə Səmədovaya müraciət etdim. Zümrüd də modelyer olmaq istəyirdi, inşallah olar. Biz böyük tədbirlər təşkil edirdik. Fikirləşdik ki, bizə müğənni lazımdır. Ona görə də Günayla tanış olub işləməyə başladıq.

- Bəs necə oldu ki, ayrılmaq qərarı verdiniz?

- Bizim razılaşmamız belə idi ki, Günay normal pul qazanmağa başlayanda pullarımı qaytaracaq. Vaxt gəlib çatanda Günay telefonlara cavab vermirdi. Bir gün var idi, bir gün yox idi. Sevincə (Günay İbrahimlinin köməkçisi - red), Təranəyə bir ləkə yaxdı ki, bunlar pisdir, işləmək istəmirəm. Toma xanımla (Prodüser Tamilla Hüseynəliyeva (Elton Hüseynəliyevin həyat yoldaşı) - red) işləyəndə oturub söhbət etdik ki, pulları qaytarmaq lazımdır. Günay da dedi ki, bilmirəm nə qədər pul xərclənib.

Dedim ki, dəftər, hesab-kitab var, hər şey yazılıb. Sən bilmirsən ki, sənə nə qədər pul xərclənib? Tomaya dedim ki, bir müğənnini ərsəyə gətirmək üçün nə qədər pul xərcləmək lazımdır? Toma normal iki yüz min manat xərclənəcəyini söylədi. Əlavə etdi ki, Günayın "qiymət"ini qaldırmışam, kampaniya yaxşı gedir. Sentyabr ayından yaxşı ödənişlər edəcəyik. Ondan sonra Günay Tomadan da ayrıldı, sonra yoxa çıxdı.

- Demisiniz ki, əlinizdə müqavilələr olub...

- Müqavilələr olub, ancaq nə qədər pul xərclədiyimiz qeyd olunmayıb. Hansı bəstəkara, rejissora verdiyin pula görə çek alırsan? Başqa cür işləyən var ki?

- Bəs məsələ "Bandotdel"ə necə gedib çıxdı?

- Mən bir il gözlədim. Xəbər çıxmadı. Götürüb rəsmi müraciət etdim. Qadınam, nə etməliyəm ki?

- Demisiniz ki, 225 min borcu var. O puldan heç ödəniş etməyib?

- Bircə dəfə Günay özü 2 min pul gətirib, lap 5 min pul ödəyib. Amma ortada bu qədər məbləğ var axı...

- Bəs ödəməmək üçün nə bəhanə gətirirdi?

- Heç bir bəhanə gətirmirdi. Sadəcə yoxa çıxırdı. Biz BMCMİ-də üzləşmişik. Dedi ki, 20 min pul qoymusan. Təkcə İsmayıl Əsədovun mahnısını alanda bu qədər xərc çıxmışdı. 20 min absurd rəqəmdir. 100 min desə dərd yarıdır. Biz elə-belə bəstəkarlardan mahnı almamışıq. Hərəsinə 5 min, 7 min pul çıxırdı. Rejissor Ülviyyə Könüllə şəxsən özüm görüşmüşdüm. Onu danışdıra bilərsiniz. Ona indi hansısa geyim firması barter və reklam üçün müraciət edir. Onda Günaya heç kim paltar vermirdi. Elşad Xoseyə qonorar vermişdik ki, Günayla oxumağa razılıq versin. TV-lərə, mediaya nə qədər pul ödəyirdik. Günay onda qazanmırdı axı...

- Pul xərcləyirdiniz. Hansısa məclisə gedəndə qazandığı pulu geri verirdi?

- Haradasa aylıq 15 min gəliri olurdusa, onun üstünə də pul qoyub, yenidən Günaya xərcləyirdik.

- Günay açıqlama verib ki, mənə o qədər pul xərcləməyib. Bu məbləğ Azərbaycan reallığı üçün uyğun deyil.

- Hər şey qeyd olunub. İstintaq zamanı ortaya çıxacaq.

- Günay ilk öncə "Bandotdel"ə gəldiyini təkzib edib. Daha sonra açıqlamasında etiraf edib...

- Gəlmişdi. Etiraz da etməyib. Yanında atası və anası da olub.

- Açıqlamasında qeyd edib ki, siz evlərinə gedib Günayın atasını və anasını hədələmisiniz...

- Pulumu tələb etmişəm. Bunun adı hədədirsə, olsun belə.

- Bəs atası və anası nə dedi?

- Onlar dedi ki, qaytaracağıq. Daha sonra anası gəlib izahat verib ki, bizim ona borcumuz 17 min manatdır. Sual verdim ki, hansı pul xərclənəndə qızının yanında olmusan ki, 17 min pul xərclənib deyirsən?

- Deyib ki, siz ona kreditlə maşın almısınız. Daha sonra onun pulunu Günayın anası ödəyib. Sonra isə maşını sizə bağışlayıb...

- Maşının krediti və xərclərini "NBC Bank"a gələn gəlirdən ödəyirdilər. Yəni - yatırılan puldan. Günaya lazım olanda mənim "Range Rover"imi də sürürdü. Hansı maşını istəyirdi, həll edirdik, sürürdü. Daha sonra həmin maşını onun üçün aldıq ki, avtomobili olsun. Sonda isə şirkət sahibi olduğuma görə, maşınımı geri aldım. Anası o boyda pulu haradan alıb ödəyirdi? Əgər elə pulları var idisə, qızının ulduz olması üçün niyə sponsor axtarırdı?

Günayın "Eurovision"un seçim turunda yer tutması üçün nə qədər pul xərclənib. Axırda xəbərdar etdilər ki, Günay seçimdən keçməyəcək. Reklamlarına, bilbordlarına nə qədər pul xərclənib.

- Həmçinin bildirir ki, müqaviləniz Zümrüd Mirzəliyeva ilə olub...

- Komanda yaratmışdıq. Xəyallarım böyük idi. Dedim ki, Zümrüd də bizimlə çalışacaq. Ancaq pulun insana bu qədər təsir edəcəyini bilmirdim.

- Şikayətiniz nədən ibarətdir?

- Hesab edirəm ki, Günay dələduzdur. Pulunu qaytaracam deyib, qaytarmadı.

- Əlinizdə sübut olaraq səsyazma filan var?

- Hazırda səsyazma sübut hesab olunmur. Bu işin şahidləri bir-iki nəfər deyil. Kimlərin mahnılarını almışıqsa, bir-bir çağırsınlar. Əksəriyyətinə əlbə-əl pul vermişəm. Qanuna müraciət etmişəm. Əminəm qanun öz yerini tutacaq. O məbləğin hesablanması, ekspertizalar, şahidlər hamısı BMCMİ-nin öz işidir.

- Açıqlamanızda demisiniz ki, Rəşad (Günayın sevgilisi - red.) ona kömək edir...

- O vaxt xəbər yayıldı ki, nişanlanırlar, evlənəcəklər. Mən də Rəşadla görüşüb dedim ki, sənin həyatında olan xanımın mənə 200 mindən çox borcu var, vermir. O dedi ki, biz dostuq, Günay həyatımda deyil. Ciddi əlaqəmiz yoxdur. Ondan sonra Rəşadla heç bir işim yoxdur.

- Siz "Bandotdel"ə müraciət edəndən sonra Rəşad bu işə müdaxilə edib?

- Rəşadı orada görməmişəm. Amma eşitmişəm ki, Günayın arxasında o dayanır. Rəşaddan başqa heç kimin adı çəkilmir.

- Deyirlər ki, sizi "qızışdıran" Təranə Səmədovadır. O deyib ki, bu işi qaldır, Günaydan pulu alaq, yarı bölək.

- Özümü tanıyandan işləyirəm. Üç ali məktəb bitirmişəm. Bir adam qolumdan tutub qaldırmayıb. Allahdan, valideynlərimdən başqa heç kimə mənəvi borcum yoxdur. Haqqımı heç kimdə qoymaram. Təranə məndən ağıllı deyil ki, mənə yol göstərsin.

- Həbs olunmasını istəyirsiniz yoxsa pulunuzu?

- Mən pulumu istəyirəm, əgər ödəmək iqtidarında deyilsə, məcəllədə nə yazılıbsa, o da yerinə yetirilməlidir.

- Hansısa bir razılaşma yolu seçə bilərsiniz?

- Xərclədiyim pulu qəpiyinə kimi qaytarmalıdır. Başqa yolu yoxdur.

- Günay deyir ki, mahnıların çoxu mənə hədiyyə olunub...

- Altı ildə hədiyyə mahnı görməmişəm. Əksinə, kiminsə tanışıdır, efirə çıxışı var deyə, pis mahnı olsa da, məcbur qalıb almışıq. Bütün hallarda onun üçün TV-yə, radiolara pul xərclənib. Onun üçün vokal müəllimlər tutmuşdum. Günay gələndə müğənni idi ki? Üç il öncə də çıxışımda demişəm ki, Günaydan yaxşı ifaçılar var.

- Bildirir ki, əlində bəzi sənədlər var. Onları ortaya çıxaracaq...

- Çıxartsın, burada nə problem var ki? Günaya çox güvənmişdim. Bu işdə ehtiyazsızlıqdan çox səhvlər var. Amma hər bir halda BMCMİ bu işi araşdıracaq. Şahidlər nə üçün danışdırılır?

- Sizi ata və anasını hədələdiyinizə görə, məhkəməyə verəcəyini deyir...

- Problem yoxdur. Hara istəyir müraciət etsin. Hamısının qarşısındayam. Çox təəssüf edirəm ki, Günayı indiyədək döyməmişəm.

- Vəkil tutmusunuz?

- Özüm orta hesabla hüquqşünasam. Ancaq həmişə vəkillə işləmişəm. Peşmanam ki, ona güvənmişəm. Günay üçün kor-koranə iş görülməyib. Onun üçün hər şey edirdik. Bugünkü fikirlərimə görə, Günay yaxşı aktrisadır. Çox güclü qabiliyyəti var imiş. Kaş müğənniliyə yox, aktrisalığa qəbul olaydı.

- Kimlər gəlib izahat verib?

- Bir neçə nəfər qorxdu. Ceyhun Qalaya dedim. Dedi ki, arada Rəşad var, gələ bilmərəm. Toma dedi gələcəm, sonra gəlmədi. Elşad Xose də onun kimi... İnformasiyanı da mediaya mən verməmişəm. Zəng vurdular dedim ki, təzə məlumat deyil.

- Deyir ki, şou proqramlarda gedib oxuyub, pulları siz götürmüsünüz...

- Hansısa formada özünə haqq qazandırmalıdır da. Onun dediklərində nə var ki? Mən restoranlara gedib pul almamışam. O səviyyənin adamı deyiləm.

- Qeyd edir ki, 400 min manata qədər pul edir...

- Restoran sahiblərindən xahiş edirdim ki, orada səhnəyə çıxsın. Tanınmadığı üçün onu qəbul etmirdilər. Hətta 30 manata görə mən restoran rəhbərlərindən xahiş edirdim... Deyirdim, gəlsin oxusun siz də 30 manat verin. Kiməsə nəsə hədiyyə bağışlayırdım, kiməsə pulsuz nəsə edirdim ki, Günayı qabağa çəkək. Bütün dəftərlər qalır. Ekspertiziya göndərəndə dəftərdəki yazının neçənci ildə yazıldığını göstərir. Alınan, verilən, xərclənən pullar hamısı ondadır.

O, sponsor sözü ilə səhmdarı qarışdırmasın. Mən sponsor deyiləm. Səhmdaram, pul qoydum ki, qazanım. Anası da, özü də üzləşmədə dedi ki, bəli, qaytarmalıyıq. Axırda deyiblər ki, 17-20 min borcumuz var. Atasının da xəbəri var. Hansı pullarla gəzməklərə gedir? Bu kişi hansı, kimin pulunun hesabına gəzməyə gedir? İnsan hansı qürurla, fəxrlə valideynlərinin gəzmək fotosunu paylaşır? Bir düşün ki, bunu hansı yolla qazandığın pulla edirsən.

- Günaydan sonra hansısa müğənni ilə çalışmısınız?

- Günayla eyni ərəfədə Xalid və Pərviz Mahmudovla işləyəcəkdik. Amma nəsə oldu, alınmadı. Günaya xərclənən pulun bir qəpiyi batmayacaq, çünki halal yolla qazanılıb. Allahın köməkliyi ilə pulu alacam. Amma ondan sonra da ona halallıq verməyəcəm. Şərt rəqəmlərdə deyil. Ona xərclədiyim pulları 4 uşağımın boğazından kəsdim. Heç bir halda ona pulu keçməyəcəm. Mənim ona şər atmağa şansım yoxdur. Şahidlərim var.

- Təranə Səmədovadan sonra da Günayla işiniz davam etdi?

- Təranə Sevinci köməkçi gətirdi. Sonra onun beynini yedi və Təranəni uzaqlaşdırdılar. Sonra Sevinci də oğru etdi. Çünki Sevinc məndən çəkinirdi. Onu çağırıb deyirdim pullar hanı, hesabat verin. Onu uzaqlaşdırdı. Sonra Tomayla işlədi, onu da uzaqlaşdırdı. Təranəyə zəng vurdum ki, indi bildim bu qız sizi niyə bir-bir uzaqlaşdırır. Düşünmürdüm Günay pula bu qədər hərisdir. Beləsini görmədim. Mənim yaxınlarımdan biri Günayı toya çağırıb, 500 manat behi mənə göndərmişdi. Günay mənim tanışımın toyuna gedib, dirəşib ki, 500 manatı verin sonra oxuyum. O, bu qədər səviyyəsizdir. Çəkinmədən bu sözü deyirəm. Getsin məhkəməyə versin. Pula görə hər şeyindən keçər. Günay düşündü ki, toy tuturam, pulu Nuriyyə götürür. İlk məclisin behi bizim ofisə gələndən sonra Günay yoxa çıxdı, nömrəsini dəyişdi.

- Deyirsiz qaçdı. Eyni şəhərdə yaşayırsız, hər gün efirdədi. Necə qaçdı?

- İki dəfə evlərinə getdim. Anası dedi ki, evə gəlmir, burada yaşamır. Həmin o vaxtı anası deyir ki, gəlib evimizə bizi hədələdi. Təbii ki, gedib gülə-gülə deməyəcəkdim ki...

Onun ata-anası ona zamin durmuşdu. Adamın vicdanı ola ki, gəzməyə gedəndə, yaxşı geyinəndə pul hardan gəlir. Yaxşı, Günay pul hərisidir. O boyda kişi və qadının vicdanı yoxdu ki, desin nəyin hesabınadı bu?

- Hətta dediniz ki, konsertlərə onu salmaq üçün pul verirdiniz...

- Təşkilatçılara, Heydər Əliyev Sarayındakı konsertlərə belə pul verirdim ki, bunu da salsınlar. Adam özünü brend etmək üçün pul ödəyir. Mən də etdim. İllər əvvəl "Zərif qəhrəman" proqramında müsahibə verəndə dedim ki, bu, mənim üçün bir məhsuldur. Biznes üçün etdim. Niyə onda Günay etiraz etmədi? Yaşıl Teatrda konsertdə dedi ki, hər şeyimi Nuriyyə Əhmədovaya borcluyam. İndi istismarçı oldum? Günay studiyada oxuyanda gedib yanında durub, baxırdım ki, səhv getməsin. Günay fransızca "Je taime" oxuyanda elə-belə idi? Onu öyrətdim, müəllim tutdum. Elə-belə layihə deyildi. İndiyənə kimi heç bir müğənniyə Günaya edilən edilməyib: qolundan tutub müəllim yanına aparan olmayıb. Əvvəl hər yerə gedirdim, yanında olurdum. Sonra iş yoluna düşdü getmədim. Gəlirdilər ancaq pul aparırdılar. Günay deyir 400 min qazanıb. Onda onun mənə 400 min borcu var. İndi mən o iddianı qaldırmalıyam.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.