Almaz Əliqızı: “Elçibəy ilk maaşını alan kimi…” - Brifinq
24-06-2018, 22:43
Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Almaz Əliqızıdır. Onunla iyunun 24-də 80 yaşı tamam olan Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum Prezident Əbülfəz Elçibəylə bağlı danışmışıq.
Dedi, Almaz, səni bir yerə aparmaq istəyirəm, gedərsən?
Səxavət Həmid: – Almaz xanım, Əbülfəz Elçibəylə ilk tanışlığınızı necə xatırlayırsız?
– Belə bir söz var; hər təsadüfdə bir zərurət var. Bilmirəm, onu tanımağım Allahın işi idi, yaxud zərurətdən irəli gəlirdi. Xatırlayıram, 1960-cı illərdən sonra Novruz bayramı geniş qeyd olunmağa başlamışdı. Bu bayramın xalqa qaytarılması bildiyiniz kimi, Şıxəli Qurbanovun adı ilə bağlıdır. O rəhmətlik elə bunun da qurbanı oldu.
Mən ilk dəfə Əbülfəz bəyi 70-ci illərin ortalarında Novruz bayramı ilə əlaqədar tədbirdə gördüm. O, hələ “Elçibəy” deyildi və Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi, ərəb filologiyası üzrə çox yaxşı mütəxəssis idi. Ərəb dilini, ”Quran”ı çox yaxşı bilirdi. Universitetin həyətində tədbir keçirilirdi. Əbülfəz bəy ucaboy, xaki rəngində kostyum geyinmişdi, uzun qara buruq-buruq saçları var idi. Ətrafında da özü kimi 7-8 cavan oğlan var idi. Bir də gördük ki, adamlar arasında pıçapıç başladı. Soruşdum ki, nə olub? Dedilər ki, Əbülfəz Əliyevdir. İnanın ki, o gələn kimi bütün gənclik onun ətrafına yığıldı. Universitetin həyətinə at belində Bahar qızı gəlmişdi, təntənəli tədbir olacaqdı. Dərhal hamısını yığışdırdılar. Halbuki, Əbülfəz bəy adicə bayram tədbirinə gəlmişdi. O, xalqa, xalqın adət-ənənələrinə bağlı idi. Elə ona görə də sevincək olmuşdu, bayram tədbirini gəlib görmək istəyirdi. Ancaq tezliklə çıxıb getdi. Dedi ki, uşaqları mənə görə incidərlər. Mən Elçibəyi ilk dəfə o gün gördüm.
Ondan sonra mən onun haqqında maraqlandım. Çünki məndə hələ tələbəlik vaxtından çox güclü vətənpərvərlik hissi var idi. Biz Kamil Vəli Nərimanoğlu ilə bir yerdə oxumuşuq, dostuq, bacı-qardaş kimiyik. Günlərin bir günü Kamil Vəli dedi ki, Almaz, səni bir yerə aparmaq istəyirəm, gedərsən? Dedim, haradır? Dedi, orda çox gözəl insanlar olacaq, görəcəksən. Anam da məni çox ciddi saxlayırdı. Mən ictimai-siyasi proseslərə sonradan aktiv şəkildə qoşuldum. Anam bəy qızı, atam kommunist idi. Ancaq təmiz adam olub. Anam sistemi heç cür qəbul edə bilmirdi. Bu da ona öz anasından keçmişdi. Nənəm də sovet hökumətini qəbul etmirdi. O, bəy qızı idi və çar Rusiyası dövründə Brüsseldə mühəndislik oxuyub gəlmişdi. Mənim də genimdə, beynimdə sovet hökumətini qəbul etməmək var idi. Anam icazə Verdi və Kamillə vədələşdiyimiz yerdə görüşüb getdik.
Ora Xudu Məmmədovun yeri idi. Laboratoriyaya bənzəyirdi. Təmiz, səliqəli, xudmani bir yer idi. Biz içəri daxil olanda hələ heç kim yox idi. Yalnız Əbülfəz bəylə Xudu Məmmədov idi. Əbülfəz bəy həddən artıq mədəni, nəzakətli insan idi. Qadın içəri daxil olan kimi ayağa qalxırdı. Həm o, həm də Xudu Məmmədov ayağa qalxdı. Əbülfəz bəy qabağa gəldi, amma etiket qaydasına uyğun olaraq əl uzatmadı. Mən özüm əlimi uzatdım. Əl verdi, Xudu Məmmədovla da görüşdüm. Kamil bizi tanış etdi, dedi ki, mənim tələbə yoldaşımdır. Bildirdi ki, o, düşüncəsi, baxışlarına görə “patok”da hamıdan seçilir. İndi bunlar oturmurlar. Kamil dedi, əyləşin. Əbülfəz bəy dedi ki, yox, əvvəl xanım əyləşsin, sonra biz oturaq. Mən tez keçib oturdum. Sonra 4-5 nəfər də gəldi. Çay gətirdilər. Mən də bunların yanında içə bilmirəm. Gördüm ki, mən içəndən sonra bunlar da içdilər. Xudu Məmmədovla Elçibəy bir-birinə çox yaxın idilər. Xudu müəllim, qayıdıb dedi ki, Əbülfəz bayaqdan gəlib, mənə dedi ki, Kamil bəy gələcək, özü ilə tələbə yoldaşı olan bir xanımı da gətirəcək. Dedim ki, çay içək, yodan gəlmisən, susuzsan. Dedi yox, qoy gəlsinlər, bir yerdə içək. Amma indi Əbülfəz çay içmir. Siz için ki, biz də içək. Yəni, hər ikisi son dərəcə etikalı insanlar idi. Sonra jurnal masasının ətrafında söhbət etməyə başladıq.
Hələ nə bayrağı tanıyırdıq, nə də himni bilirdik
– Söhbətin məğzi nədən ibarət idi?
– Burda Azərbaycanın taleyi, gələcəyi, onun gələcəkdə bütöv olması, milli azadlıq məsələləri kimi söhbətlər oldu. Elçibəy deyirdi ki, Azərbaycan gec-tez ayrılmalıdır. Biz Rusiyanın köləsi olaraq qala bilmərik. Amma Azərbaycan Rusiyadan ayrıldıqdan sonra güclü ola bilməlidir ki, Güneylə birləşə bilsin. Elçibəy nahaq yerə deməmişdi ki, “Qarabağın azadlığı Təbrizdən keçir”. Bizim içimizdə rus şovinizminə böyük nifrət var idi.
Bəxtiyar Vahabzadə gözümüzü açan söhbətlər edirdi
– Yəqin ki, Elçibəyin, Xudu Məmmədovun bu sözləri ilk vaxtlar Sizlərə bir qədər qəribə təsir bağışlayıb…
– Yox, mən sovetləri ilk gündən sevmirdim. Məni nənəm tamam başqa cür tərbiyə etmişdi. Bəxtiyar Vahabzadə III kursda bizə müasir Azərbaycan ədəbiyyatından dərs keçirdi. O, deyirdi ki, əşşi, müasir ədəbiyyatı özünüz də gedib oxuya bilərsiz. Mən sizə başqa şeylər danışacağam. Bizim gözümüzü açan söhbətlər edirdi.
Bir dəfə nəsə danışanda mən qəribə reaksiya verdim. Bəxtiyar müəllim bunu tutdu və dedi ki, qızım, tənəffüsdə kafedraya gələrsən. Getdim. Dedi ki, sən kimsən? Mən də çoxmənalı cavab verdim. Dedim, “adam”. Dedi, ya çoxbilmişsən, ya da sadəlövhsən. Necə yəni, adam? Sənin ata-anan, nəslin kimdir? Çünki mən vətəndan, köləlikdən danışanda sənin gözlərin parıldayır, hətta bir dəfə gözlərinin yaşardığını hiss etmişəm. Dedim, atam dövlət işində işləyir, kommunistdir, amma nəslim böyükdür, filankəslərdir. Dedi ki, “papaqlar altında qızlar gizlənir”. Allah ona rəhmət eləsin.
Ruslan Xəlil: – Milli-azadlıq hərəkatında iştirakınız necə baş verdi?
– 1988-ci ildə hələ hərəkat başlamamışdı, ancaq artıq yetişmişdi. Hələ biz nə üçrəngli bayraq tanıyırıq, nə də himni bilirik. Hardan bilə bilərdik? Bunlar bizə Ankaradakı Azərbaycan Kültür Dərnəyindən gəldi. Biz o vaxtadək “Koroğlu” üvertürası ilə başlayırdıq. Biz əvvəlcə öz çevrəmizdə bayrağı gördük, himnimizi əzəbərlədik. Sonra meydanda himnimizin səsləndirilməsinə başladıq.
Əlini cibinə salıb KQB-nin vəsiqəsini çıxardı
Əbülfəz bəy hərə üçün bir vəzifə müəyyənləşdirmişdi. Yeri gəlmişkən, onu deyim ki, mən 1981-ci ildən işləyirdim və mənə bayraqların hazırlanması tapşırılmışdı. Onu da deyim ki, məni universitetdə saxlayan da Mir Cəlal müəllim Paşayev oldu. Nüşabə Sadıxlını da universitetdə o, saxlayıb. Allah ona rəhmət eləsin.
Öz pulumla 3 rəngdən ibarət top parçalar alıb gətirdim. Qızlar tələbə yataqxanasında səhərədək yatmayıb bayraqları tikdilər. Noyabrın 17-Si, gecə saat 2-dək yataqxanada oldum. Qızlara sonuncu tapşırığımı verdim, dedim, səhər biz bu bayraqlarla universitetin qarşısından hərəkət edəcəyik. Həmin vaxt 5 il idi ailə qurmuşdum, qızım da balaca idi. Başım, proseslərə qarışmışdı, aparıb anamgilə qoymuşdum. Həmin gecə yoldaşım gəlib məni götürdü. Küçə ilə getdiyimiz vaxt hündür boylu, cavan bir adam bizə yaxınlaşdı. Yaxınlaşan ki, “Axşamınız xeyir, Almaz xanım” dedi. Yoldaşım mənə tərəf dönüb “Tanıyırsan?” deyə sual etdi. Dedim, yox. O saat qayıdıb dedi ki, üzr istəyirəm, Almaz xanımın yoldaşısız? Dedi, bəli. Əlini cibinə salıb Dövlət Təhlükəsizlik Komitəsinin vəsiqəsini çıxardı. Yoldaşım dedi ki, “Hə, lap yaxşı. Bizdən nə tələb olunur?”.
Dedi ki, “Almaz xanım, ehtiyatlı olun”. Mən bu zaman məəttəl qaldım. Yoldaşım dedi, bunu necə başa düşək? Dedi ki, mən də bu Vətənin övladıyam, mən də azərbaycanlıyam. Sizin qaldırdığınız tələbələri biz də anlayırıq, başa düşürük. Amma neyləyək, bax, bu paqonlarımız var. Mən bu zaman o qurumda necə milli adamların olduğunu gördüm. Ürəyimdə “halal olsun” dedim. Özümü saxlaya bilmədim, İslama (Almaz xanımın həyat yoldaşı-S.Həmid) tərəf dönüb dedim, bir kəlmə söz demək istəyirəm. Dedim, mənim xalqımın, hətta DTK-nın daxilində sizin kimi insanların olduğuna görə çox sevindim, demək bu xalqın arxası yerə gəlməz. Dedi, hər şeyi başa düşürəm. Ona görə də sizə “ehtiyatlı olun” deyirəm. Mən bunu sizə deməyi özümə borc bildim. O adam onu da dedi ki, sizin haqqınızda hər şeyi bilirik.
Milislər elə bilirdi ki, üçrəngli bayraq Xalq Cəbhəsinin bayrağıdır
Elçibəyin istəyi o idi ki, bir nəfərin də burnu qanamasın. Ancaq noyabrın 17-i günü milislər tökülüşdü, adamları vurmağa, dağıtmağa başladılar. Mən qabağa getdim, dedim ki, uşaqdırlar, bunlarla niyə belə rəftar edirsiz? Mənim qolumdan tutdular, onları gətirən avtobusu qapısını açıb məni içəri saldılar və qapını bağladılar. Birdən sanki zəlzələ oldu. Gördüm ki, avtobus qalxdı. Pəncərədən baxıb gördüm ki, oğlanlar avtobusu qaldırırlar. Polislər heyrət içində baxırdılar. Sonr oğlanlar avtobusa daxil olub məni çıxardılar. Milislər bizim üçrəngli bayrağımızı cırır, ayaqları altına atırdılar. Deyirlər ki, bu, Xalq Cəbhəsinin bayrağıdır. Başa düşmürdülər ki, bu bizim milli bayrağımızdır. Oğlanlara dedim ki, bir yer tapıb orda bayraqları bədəninizə sarıyın, üstündən köynəyinizi geyinin. Bu şeylərin çoxunu bizə illər ərzində Əbülfəz bəy öyrətmişdi.
Rektor dedi, mənim kollektivim ölümə gedir…
Həmin vaxt universitetin rektoru Yəhya Məmmədov idi. O, məcbur olub qabağımıza düşdü. Dedi, mənim uşaqlarım, universitetin kollektivi ölümə gedir. Rəngi ağappaq olmuşdu. Nə qədər inad etsə də, heç kim geri qayıtmadı. Bir də onu görüdm ki, mitinqə getməyə hazırlaşan oğlanlar milis kordonunu yardılar. Politexnik İnstitutunun qapısı taybatay açıldı. İki ali məktəbin tələbələri birləşdi. Üzüaşağı düşməyə başladıq. Bayraqlar ilk dəfə o zaman dalğalandı. Yol boyu xalq bizə qoşuldu. ”Azadlıq” meydanında Elçibəy çıxış etdi.
Elçibəy mənə təhsil naziri postunu təklif etdi
R.Xəlil: – Elçibəy hakimiyyətə gələndən sonra Siz onunla yenə də əlaqə saxlayırdınızmı?
– Elçibəy hakimiyyətə gələndən sonra iki dəfə mənim evimə zəng oldu. Birinci dəfə o, özü zəng etmişdi. Mənə təhsil naziri olmağı təklif etdi. Dedi ki, mən sənin vətənpərvər, təmiz adam olduğunu bilirəm. Mən sənin işinə qarışmayacam. O nazirliyi təmizlə. Gəlib evdə yoldaşıma dedim. Dedi ki, ömründə olmaz. Dedi, orda 35-40 ildir oturan qurdlar var. Dedim, hamısını işdən çıxaracam, cavan, vətənpərvər, təmiz kadrları yığacam ora. Dedi ki, səni böyrüüstə qoyarlar, ləkə atarlar. Sonra Firudin Cəlilov getdi o posta.
Prezidentin masasına qoymağa konfet yox idi
İkinci dəfə dövlət katibi olarkən, Əli Kərimli zəng etdi. Dedi ki, Almaz xanım, Əbülfəz bəy sizinlə görüşmək istəyir. Getdim Prezident Aparatına. Elçibəy məni qəbul etdi. Çox maraqlı idi, çay gətirdilər. Ancaq bir qənddan qənd gətirdilər. Çay və adi qənd. Dedi ki, Almaz xanım, nə istəyirsiz? Dedim ki, heç nə istəmirəm, yalnız Sizin sağlığınızı istəyirəm. Dedi, yox. İstəyirəm, sənə dövlətdə bir iş verim. Bilirəm ki, sən bacarıqlı və təmiz adamsan. Sənin qarşına milyonu töksələr də, ona gözünün ucu ilə də baxmazsan. Dedi, mən sənin haqqında bir şey fikirləşmişəm. Qayıtdı ki, səni Prezident Aparatında bütün icra başçılarını seçəcək şöbəyə müdir təyin etmək istəyirəm. Dedim ki, mən onu necə edəcəm? Dedi, sən bildiyin, tanıdığın ən təmiz, nəcib insanları gətir gəl. Dedim, vallah bilmirəm, gedib fikirləşərəm. Gəldim evə, yoldaşıma dedim. O da dedi ki, əşşi nə bilim, bax gör də. Birdən səni “podvodit” edərlər. Biri gedib rüşvət alar, sən qoymusan onu vəzifəyə, belə etmisən və sair. Elçibəyin inamını sındırmamaq lazım idi. Dedim, yaxşı, qoy bir az da keçsin. Elə bir az keçmiş Surət Hüseynov qiyam qaldırdı. Hökumət devrildi, mən də heç yerə gedəsi olmadım.
Onun bu sözləri qarşısında tutulub qaldım
Əbülfəz bəy Kələkidən qayıtdıqdan sonra AXCP-nin qərargahında məni gördü, ayaq saxladı və dedi: “Almaz xanım, mənim ən böyük arzu və istəyim bu dövləti ziyalılar, əsl alimlərlə idarə etmək idi. Amma mənə imkan vermədilər. Bax, biri siz. Gəlmədiniz. O anda mənim əlimin altında o qədər təsadüfi adamlar fırlanırdılar ki… Sizin kimilər isə kənara çəkildi”. Çox pis oldum və heç bir cavab verə bilmədim. Onun o sözləri heç qulağımdan getmir. Nəhayət, dedim ki, biz ideya üçün getmişdik, vəzifə üçün getməmişdik. Dedi, yox, mənə kömək etmək lazım idi. Mən sonradan başa düşdüm ki, biz çox böyük səhv etdik. Gedib Əbülfəz bəyə kömək etməli idik.
Elçibəy ilk maaşı alan kimi inauqurasiya xərcini qaytardı
Hətta, bir iş adamı vardı, gəldi dedi ki, biz istəyirik Elçibəy prezident kimi andiçmə günü yaxşı geyinsin, nimdaş paltarda görünməsin, amma o, heç kimi yaxına buraxmır. Həmin adam bizim ailəyə yaxın adam idi və bu söhbətlər bizim evdə olub. Ancaq Elçibəy mənim bu işin içində olduğumu, yəni məsələdən xəbərdar olduğumu bilmirdi. Bilsəydi, heç bir halda bunu özünə sığışdırmaz, qəbul etməzdi. Elçibəy deyib, yaxşı, ancaq bir şərtim var; prezident kimi ilk maaşımı alan kimi çəkdiyin xərci götürəcəksən. O adam da bununla razılaşmadıqda deyib ki, mən həyatım boyu halal çörək yemişəm, kasıb tələbələri oxutdurmuşam. Dedim, əgər Elçibəy razılıq veribsə, sən o pulu ondan götür. Götürməsən, o, xəstəlik də tapa bilər. O adam gedib Elçibəy üçün hər şeyi təşkil etdi. Kostyumu, köynəyi, qol düymələrini, bir sözlə, hər bir məsələni həll etdi. Demək, Elçibəy prezident kimi ilk maaşını alandan sonra xəbər edib ki, filankəsi çağırın. Gətirib Prezident Aparatına, onu otağında qəbul edib. Konvertdə pulu qoyub qabağına, deyib prezident kimi ilk maaşımı almışam, buyur, bu sənin çəkdiyin xərc. Həmin adam danışırdı ki, məni tər basıb, silirəm, konverti götürmək istəmirəm. Deyir, Bəy qayıdıb mənə dedi ki, sənin mənə ən böyük yaxşılığın onu götürməkdir. Sən onu götürməsən, mən bilmirəm neyləyərəm. Kişinin sözü bir olar. Beləliklə, o adam konverti götürməli olub.
Prezidentin xanımı utana-utana deyib ki…
Bir dəfə isə Zağulbadakı dövlət iqamətgahında yaşayan vaxt bacım gedib onun evinə. Elçibəyin oğlu Ərturqut xəstə olub, böyük bacım da pediatrdır. Zəng vururlar ki, bəs, uşaq xəstələnib, gəlin. Təsəvvür edin, prezidentdir, özlərinin xüsusi həkimi də yoxdur. Zağulbaya bacımı göndərirlər. Bacım gəlib danışırdı ki, dəhşətə gəldim. Getdim, uşağa baxdım, dava-dərman yazdım. Elçibəyin yoldaşı utana-utana gəldi qabağıma, çay gətirdi, qəndin üstündə iki ədəd karamel var idi. Dedi ki, olanımız budur, həkim, siz Allah, bizi bağışlayın. Qayıdıb dedim ki, yox, niyə narahat olursuz, mənin bacım da Elçibəyin əsgəridir. Deyir, gördüm ki, qadının ürəyi açıldı. Bax, Elçibəy belə bir prezident idi. Saf idi. O, onu tərifləmələrini istəmirdi, ətrafındakıların təriflənməsini, onların ucalmasını istəyirdi. Mən belə insan görməmişdim. Daha doğrusu, görməmişdim, gördüm və fəxr edirəm. Fəxr edirəm ki, onu görmüşəm. Fəxr edirəm ki, bəzi yerlərdə onun yanında olmuşam.
S.Həmid: – Elçibəy, Kələkidə olarkən onunla görüşmüsünüzmü?
– Bir dəfə getdik, bizi aeroportdan geri qaytardılar. Heç təyyarədən düşməyə qoymadılar. Novella Cəfəroğlugil naxçıvanlıdır, onlar getdilər. Yəni ki, yerli adamıq, evimiz, qohumlarımız var, gəlmişik. Mənim kimim var? Novella xanım danışırdı ki, dağlarla, dolanbac yollarla getdik. Ayaqlarımız parça-parça oldu.
Bizi bağa sanki, vidalaşmağa çağırmışdı…
R.Xəlil: – Elçibəyə yaxın ətrafının ona xəyanət etdiyinə dair fikirlər var. Kimlər ona xəyanət etdi?
– Siyasətdə elə şeylər var ki, onları söyləmək üçün zamana ehtiyac var. Əbülfəz bəyin sözü idi, deyirdi hər şeyin zamana ehtiyacı var. O, özü ilə çox sirlər apardı. Hətta, bəy ağır xəstə olanda – Türkiyəyə gedişi ərəfəsində siyahı vermişdi ki, ən yaxın adamlar gəlsinlər bağa, onlarla görüşmək istəyirəm. O siyahıda mənim də adım var idi. Biz heç birimiz bu gedişin onun son gedişi olduğuna inanmırdıq. Sanki, vidalaşırdı. Bizimlə xeyli söhbət etdi. Səhəri gün yola düşürdü. Hamımız hava limanında idik. Sən demə, bu onun son gedişi idi…
Amma mən o, Türkiyədə olanda onunla telefonla danışdım. Onun səsində ilk dəfə həmin danışıq zamanı inamsızlıq gördüm. Həmişə inamla danışırdı. Dedim, Bəy Sizi gözləyirik, tezliklə gəlin. “Allah bilir”, – dedi. O söz məni çox qorxutdu. Çünki bu adam ən çətin məqamlarda inamlı idi. Bizi də inamlı olmağa səsləyirdi. Amma telefonda danışanda… Mən ona deyəndə “Bəy, necəsiz”. Dedi, sağ olun, sizlər necəsiz? Dedim ki, “Bəy, sizsiz bizim üçün çox pisdir, çətindir…”
– Elə Elçibəydən sonra düşərgə də dağıldı…
– Dağıldı, bəli. O, siyasət aləmində yeganə birləşdirici insan idi. Beynəlxalq Mətbuat Mərkəzində bəyin 80 illiyi ilə bağlı keçirilən tədbirə hamı qatılmışdı. Çoxu Elçibəyi dövlət xadimi – prezident kimi tanıyır. Ancaq Elçibəydə olan inqilabçılıq heç bir siyasətçimizdə yoxdur. O, inqilabçı idi. Çıxış edirdi, az qalırdın əlinə silah alıb döyüşə gedəsən. Milləti ayağa qaldırmağı bacarırdı. Başqa siyasətçilərdə bu yoxdur. Heç bir ambisiyası olmayan adam idi.
Elçibəy hər şeydən əvvəl bir türk millətçisi idi
S.Həmid: – Elçibəy Sizin üçün kim idi?
– Elçibəy mənim üçün hər şeydən əvvəl bir türk milliyyətçisi idi. O, türk millətini o qədər sevirdi ki… Elçibəyin ideoloji prinsiplərinin çoxu Məmməd Əmin Rəsulzadədən gəlir. Elçibəyin əlavələri var idi. Əlavəsi də nə idi? Bütöv Azərbaycan. “Bizim yolumuz Rəsulzadə yoludur” deyən Elçibəy xalqın ruhunda, sənət əsərlərində, nəğmə və bədii ədəbiyyatında yaşayan bütövlük həsrətini, bütöv Azərbaycan ideyasını siyasi gündəmə çıxaran ilk siyasi liderdir. Həm də bütövlük ideyasının nəzəri əsaslarını elmi şəkildə işləyib millətinə bəxş edən ilk alim-tədqiqatçı idi.
Əbülfəz Elçibəy dövlət adamı, siyasətçi idi. Deyirdi ki, əgər kimsə xalqın işinə lazımdırsa və məni söyürsə, tənqid edirsə, qoy etsin. Ona filan işi tapşırın, o, bacarıqlıdır. Bax, belə bir insan idi. Rəsulzadə də elə bir insan olub.
Bundan başqa Elçibəy görkəmli tədqiqatçı alim idi. Elçibəy ərəb, fars, erməni, yeni dövrdə isə daha çox rus qaynaqlarına istinadən aparılan araşdırmalar zamanı xüsusilə diqqətli olmağı təklif edirdi. Amma bizim alimlərimiz gedib həmin mənbələrə baxırlar. Həmin mənbələrdə də aydın məsələdir ki, bizim tariximiz neqativ olacaq.
Deyirdi ki, heç bir xalq köləlikdən qadınlarsız azad ola bilməz
– Bir qədər də Bütöv Azərbaycan Biriliyindəki fəaliyyətiniz barədə danışmağınız istərdik…
– Biz hər həftənin ikinci günü Xaqani küçəsi, 33 ünvanında yığışıb Bütöv Azərbaycan Birliyinin proqramnı müzakirə edirdik. O istiqamətdə təxminən 1 il iş getdi. Elçibəy təşkilatın məramnaməsinin yazılmasına yalnız alimləri, ziyalıları dəvət etmişdi. Biz bəzən bir sözün üstündə bir neçə saat müzakirə aparırdıq. Günorta saat 2-də başlayan müzakirələr bəzən axşam saat 9-dək davam edirdi. Nəhayət, təşkilatın məramnaməsinin qəbul edilməsi üçün hamımız yığışdıq. Elçibəy həmin icalası aparmağı mənə həvalə etdi. Mən həm bunu gözləmirdim, həm də hazır deyildim. Ona görə imtina etdim. Elçibəy israr etd. Dedi ki, mən istəyirəm gələcəkdə bu barədə söhbət açılanda Bütüöv Azərbaycan Birliyinin proqramının qəbul edilməsi iclasına bir xanımın rəhbərlk etdiyi deyilsin. Görün, necə uzaqgörən insan idi. Mən iclası apardım, proqramı müzakirə etdik və sonda səs çoxluğu ilə qəbul olundu.
Hər həftə BAB-ın iclasları olurdu. Biz həmin günü səbirsizliklə gözləyirdik. Çünki Bəydən nəsə eşidəcəkdik. Bir dəfə iclasımız 8 Mart bayramı ərəfəsinə təsadüf etdi. Bəyin bir sözü vardı, deyirdi ki, heç bir xalq köləlikdən qadınlarsız azad ola bilməz. O, hərəmizə bir qızılgül bağışladı, dedi, məni bağışlayın, gücüm buna çatır. Mən söz aldım, çıxdım tribunaya dedim ki, sizin verdiyiniz o tək gül bizim üçün dünyanın ən qiymətli hədiyyəsidir. İkicisi də, o bir güldən də böyük hədiyyə siz özünüzsüz. Çünki Allah Sizi bu millətə lütf edibb. Zalda alqışlar kəsilmədi. Bir dəfə də Elçibəy mənə diyircəyi qızılı rəngli qələm bağışlayıb. Mən üçün ən qiymətli hədiyyə Əbüləz Elçibəy tərəfindən bağışlanan həmin o avtoqələmdir.
İran agentləri məni izləməyə başladı
Onu da deyim ki, mənim bu istiqamətdəki fəaliyyətim İranın diqqətini cəlb etmişdi. Onların agentləri məni izləyirdilər. Evdə bunu deyəndə yoldaşım dedi ki, bayıra tək çıxma. Bir müddət məni işdən yoldaşım gəlib götürürdü. Bizim o cür böyük mədəniyyəti, tarixi, keçmişi olan 30 milyon soydaışımız hüquqsuz vəziyyətdə yaşayır Farslar yerli xalq deyillər, gəlmədirlər. “Tehran” özü türk sözüdür. “Tehran” qədim türk yazılı abidələrində “çökək yer” kimi qeyd olunub.