Tələbə adını qazanmış çoban ifaçı: “Gözləmədiyim zamanda möcüzə baş verdi... “ -Videomüsahibə
20-08-2018, 08:41
“Şou-biznesdə olmaq üçün gərək heç nədən çəknməyəsən, utanmayasan”
Məlum olduğu kimi, bu günlərdə bir çox abituriyentlər tələbə adını qazandı. Çox sevindiricidir ki, onların arasında ötən il sosial şəbəkələrdə çobanlıq edərkən ifa etdiyi mahnılardan sonra məşhurlaşan, daha sonra “O səs Türkiyə” yarışmasına qatılan, burada da uğurlara imza atan Pərvin Səfərov da var. Ötən il musiqi kollecinə daxil ola bilməyən çoban ifaçı yenidən imtahanlara hazırlaşıb və israrla öz üzərində çalışaraq Milli Konservatoriyanın vokal bölümünə qəbul olunub.
Əməkdaşlarımız bu günlərdə Pərvin Səfərovla görüşərək, söhbətləşib. Maraqlı müsahibəni təqdim edirik:
- Nəhayət, konservatoriyaya daxil ola bildiniz. Bu münasibət ilə sizi təbrik edirik.
- Bəli, nəhayət ki, neçə illik musiqi təhsili ilə bağlı həsrətim sona yetdi. İllərlə mən buna cəhd edirdim. Lakin istədiyim alınmırdı, çox məyus olurdum. Buna görə də musiqi təhsili mənim üçün uzaq, əlçatmaz bir arzu olmuşdu.
- Ali məktəbə qəbul olunduğunuzu ilk necə öyrəndiniz?
- İmtahan nəticələri açıqlandığı gün mən kənddə idim, həmişəki kimi qoyunları otarırdım. Bilirdim ki, həmin gün nəticələr açıqlanacaq, ona görə də düşünürdüm ki, evə tez gəlib, internetdən xəbəri öyrənim. Evə çatmağıma az qalmış, mənə zəng gəldi ki, artıq konservatoriyaya daxil olmuşam, təbrik etdilər.
- İmtahanlara hazırlaşmışdınız? İmtahan prosesi necə keçmişdi?
- Əlbəttə, hazırlaşmışdım. Ötən il hazırlaşmamışdım, ona görə də bir nəticəsi olmadı, lazımi bal toplaya bilməmişdim. Onda çox məyus olmuşdum, bütün ümidlərim qırılmışdı, düşünürdüm ki, daha oxuya bilmərəm. Lakin ətrafımdakı dostlarım təklif etdi ki, geri çəkilməyim, yenidən hazırlaşım və imtahan verim. Beləliklə yenidən ilin əvvəlindən hazırlaşdım və nəticə çox yaxşı oldu. Doğrudur, imtahanlarımda kəsirlərim də oldu. Belə ki, test imtahanımdan bir balım çatmırdı, ərizə ilə Dövlət İmtahan Mərkəzinə müraciət etdim, ərizəmi qəbul etdilər, mənə güzəştə gedildi və qabiliyyət imtahanına buraxıldım.
- Vokal ya xanəndəlik bölümündə oxuyacaqsız?
- Vokal bülümündə. Mənə təklif olunmuşdu ki, sənədlərimi vokal bölümünə verim. Qeyd edim ki, ötən il musiqi kollecinə sənəd vermişdimsə, bu il konservatoriyaya sənədlərimi verdim və çox şükür ki, tələbə adını qazandım.
- Bildiyim qədər təhsiliniz ödənişlidir. Təhsil haqqını ödəməyə necə, imkanınız çatacaqmı?
- Bəli, maksimum balı toplaya bilmədiyim üçün ödənişli əsaslarla oxuyacam. Çalışacam ki, təhsil haqqını toplaya bilim. Alınmasa, dövlətimizə müraciət edəcəm. Çox təşəkkür edirəm ki, bu günə qədər mənə çox güzəşt olunub, inanıram ki, bu çətinliyimdə də mənə güzəşt edəcəklər.
- Dostlarınızdan heç deyən oldu ki, 33 yaşında oxumağı neynirsən, diplom, təhsil önəmli deyil və sairə. Niyə təhsil üçün bu qədər israr etdiniz?
- Yox, heç kim bu formada fikir bildirmədi. Əksinə, həmişə dəstək olub deyirdilər ki, sən düzgün yoldasan. Hətta onlar israr edirdilər ki, imtahanlara hazırlaşım. Çünki arada düşünürdüm ki, məndə heç nə alınmayacaq, bu yoldan dönüm. Amma bu sənətdə olanlar, dostlarım hər zaman bildirdilər ki, təhsil almaq önəmlidir.
Söhbətimizin bu yerində Pərvin Səfərovun dostu, gözdən əlil olsa da mahir sintezator ifaçısı olan Seyid də bizə qoşulur:
- Pərvinin ali təhsil alması daha gözəldir, mən ona uğurlar arzulayıram. Təbii ki, hansı peşədə olursansa ol, onun ali zirvəsinə çatmaq çox gözəldir. Pərvinin yaxşı xüsusiyyətləri çoxdur. Mənim xoşuma gələn daha çox onun səmimi olmasıdır. Doğrudur, çox səmimi olmaq bəzən yaxşıdır, bəzən yox. Lakin onda bu cür xüsusiyyət olduğuna görə mənim üçün çox dəyərlidir.
- Pərvin, bəs gələcəkdə şou-biznesə qatılmağı düşünürsünüzmü?
- Hələ ki, bilmirəm. Sözün düzü mən çox çəkingən, utancağam. Şou-biznesdə olmaq üçün isə gərək heç nədən çəknməyəsən, utanmayasan. Bəlkə də ola bilərəm. Bildiyiniz kimi, hazırda Azərbaycanda daha çox toy biznesidir, qazanc demək olar ki, toylardan əldə olunur. Yəni, bir sənətçi üçün toydan başqa gəlirli bir sahə yoxdur. Ona görə də çalışacam ki, məni istəyən məclislərdə iştirak edim. Həm də təhsil haqqını bu cür qazanıb, ödəyə bilərəm.
- Hazırda kifayət qədər toy dəvətləri alırsınızmı?
- Hazırda xeyr, o qədər də toy təklifləri olmur. Dost-tanışlardan kimsə ürəyi istəyəndə məni dəvət edir, hansı ki, onlar da mənim kimi imkansız insanlardır. Mən də toy qiyməti danışmıram, gedib iştirak edirəm.
- Bu gün də “çoban ifaçı” deyə təqdim olunursunuz? Bu cür təqdimat sizi incitmir?
- Yox, mən həmişə çobanlıq sənətinə, peşəsinə müqəddəs baxmışam. Çünki hər peşənin öz çətinliyi var, amma çobanlığın daha böyük çətinlikləri var. Çoban olmaq üçün həm baytar olmalısan, həm də heyvanların yemini vaxtlı-vaxtında verməlisən və sairə.
- Özünüzü yaxşı çoban hesab edirsiniz?
- Bilmirəm. Bacardığım qədər çalışırdım ki, qoyunlarım məni sevsin (gülür).
- (zarafatlatla) Bəs indi o qoyunları kimə tapşırıb gəlmisiniz?
- Hal-hazırda onlara anam baxır. Mənim bir qardaşım var idi, vəfat edib. Atam da texniki maşın sürür. Beləliklə, qoyunları anam bəsləməli olur. Kəndə gedəndə yenə özüm baxıram. Lakin bildiyiniz kimi mən əyani təhsil alacam, bunun üçün də kəndə (qeyd edək ki, P.Səfərov Neftçala rayonunun Qaçaqkənd sakindir) çox az hallarda gedib-gələ biləcəm.
- Ata-ananız onları tək qoyub, Bakıya gəldiyiniz üçün sizdən incimədilər?
- Əksinə, anam çox sevinir. Anam həmişə deyirdi ki, çalış kənddən kənara çıx, sənətini davam et, irəli get. Hər iki valideynim mənim uğuruma çox sevinir. Mənim onların yanında olmamağım çətinlik yaratsa da, kənardan uğurlarıma baxıb sevinəcəklər.
- Bir müddət öncə məşhur “O səs Türkiyə”yarışmasında iştirak etdiniz, uğurlu nəticələriniz oldu. Yenidən həmin yarışmaya qatılmağı düşünürsünüzmü?
- Bəli. “O səs Türkiyə” yarışması böyük layihədir. Çox arzuladığım bir layihə idi və mənim üçün böyük uğur oldu ki, həmin layihəyə qatıldım. Bildiyiniz kimi, üçüncü pilləyə qədər gedib çıxa bilmişdim, bunun özü də bir uğur idi. Onu da qeyd edim ki, orada çox böyük sevgi, isti münasibət ilə qarşılandım, gözəl dostlarım oldu. Yenidən həmin kollektivdə iştirak etmək istəyərəm.
- Bu yarışma sizə nə verdi?
- Hər bir müğənni hansısa yarışlarda iştriak edir və titul, ad qazanır. Məni də daha çox bu layuhə ilə tanıdılar. Hətta təqdim edəndə “O səs Türkiyə” iştirkaçısı kimi təqdim olunuram. Bu, mənim üçün brenddir (gülümsəyir).
- Xatırlayıram ki, bizimlə ilk müsahibənizdə bildirmişdiz ki, Gürcüstanda bir azərbaycanlı qızı sevirsiz, onunla evlənmək istəyirsiz? Bu məsələnin axırı necə oldu?
- (gülür) Gəlin bu mövzuya girməyək (yenidən gülür).
- Ümumiyyətlə, evlənməyi düşünürsüzmü?
- İndi dostlarım, tanışlarım da deyir ki, artıq evlənməlisən, 33 yaşın var. Hərdən oturub mənim üçün hesablayırlar ki, sən indi evlənsən, oğlun sənin 50 yaşlarında əsgər gedəcək, yaşlanırsan.
- Namizəd varmı?
- Xeyr, hələ ki, yoxdur. Atam bu məsələyə qarışmır. Anam isə deyir ki, bəyəndiyin, sevdiyin biri varsa, gedib alıb, gətirək. Amma hazırda konservatoriyaya daxil olmuşam. Yəni, namizəd varsa da məni 4 il gözləməlidir (gülür). Bəlkə də irəlidəki illərdə vəziyyətim yaxşı olar, ailə qurmaq məsələsini də düşünərəm. Əslində isə ailə qurmağı çox istəyərdim. İnsan yaşlandıqca ailəsi olmasını istəyir.
- Bura qədər hər kəsin, bizlərin də gözü qarşısında çox böyük çətinliklərdən keçdiniz, böyük iradə və əzminizlə istədiyinizə nail oldunuz, əlçatmaz görünəni əlçatan etdiniz. Hətta xatırayıram, bir ara Bakıda qalıb yaşamağınızla bağlı böyük problemləriniz var idi. Bəs bundan sonra həyatdan nə istəyirsiniz? Hazırda sizə əlçatmaz görünən hansı arzularınız var?
- Bu barədə heç vaxt, heç yerdə danışmamışam. Bəzən insanlar bura qədər gəlib çatmağımı sıradan görür. Mən heç vaxt Allah-təaladan var-dövlət, mal-mülk istəməmişəm. Buna qədər çox ağır işlərdə də çalışmışam, inşaat-tikinti işlərində fəhləlik etmişəm və sairə. Bu qədər əziyyətdən sonra axşam evə yorğun dönəndə öz-özümə deyirdim ki, ya Allahım, sən mənə bu istedadı vermisən, mənə elə bir şans yarat ki, böyük səhnələrə çıxım, təhsil alım, səsimi kütləyə çatdırım. Yəni, tanrıdan yalnız istedadımla bağlı nəsə istəmişəm. Əgər istedadım varsa, bu, Allahdan mənə verilən ruzidir. Heç vaxt da bu sənətdə gəlir, qazanc güdməmişəm. İstəmişəm ki, mənə 5 nəfər də qulaq assa, onlar ifamdan zövq alaraq dinləsinlər.
- Sizcə, həyatda uğur qazanmaq üçün daha çox aruzlamaq, istəmək, həyatla mübarizə aparmaq, təhsil almaq, yoxsa yaxşı bəxtə sahib olmaq gərəkir?
- Hər şeyin öz vaxtı, zamanı var. Məsələn, mən ən böyük arzuma 33 yaşımda çatdım. Halbuki daha çox gənclik illərində oxumaq istəyirdim, lakin alınmırdı. Hətta bu sənətdən bir qədər də soyumuşdum. Lakin gözləmədiyim bir zamanda möcüzə baş verdi və mənim səsimi sevməyə, zövq almağa başladılar. Ötən il kollecə qəbul oluna bilmədim. Lakin səbr, israr etdim, bu il isə kollecə deyil, artıq konservatoriyaya, yəni ondan daha yüksək, ali məktəbə daxil oldum. Düşünürəm ki, həyatda istədiyinə çatmaq üçün cəhd, səbr etmək lazımdır, yəqin ki, şans da Allahın verdiyi zamanda baş tutacaq.
Xalidə Gəray
Fotolar və video Elçin Əkbərovundur
Musavat.com