Ceyhun Mirzəyevə sui-qəsd hazırlamaq, Şahmar Ələkbərovun son anda ölümdən xilası, Qazan xanın “goplaması”, aktyorun döyülməsi — ARAŞDIRMA

29-08-2018, 16:18           
Ceyhun Mirzəyevə sui-qəsd hazırlamaq, Şahmar Ələkbərovun son anda ölümdən xilası, Qazan xanın “goplaması”, aktyorun döyülməsi — ARAŞDIRMA
Bəzi aktyorlar deyirlər ki, filmlərin kadrarxası filmin özündən daha maraqlı olur. Əslində, bu fikirdə yetərincə böyük həqiqət var.
“Ölkə.Az” Azərbaycan filmlərinin kadrarxasında baş verən hadisələrlə bağlı yazının ikinci hissəsini təqdim edir.

1970-ci ildə Həsən Seyidbəylinin lentə aldığı “O qızı tapın” filmində Ramiz Məlik gözündən xəsarət alıbmış. Sənətkar 48 il öncə baş verənləri belə xatırlayır:

“Ziyanın döyülməsi səhnəsində mənə vurulan zərbə həqiqi idi. Zərbədən sonra gözümün altı qızardı. Rəhmətlik Həsən Seyidbəyli də düşdü zərbəni vuran adamın üstünə. Dedi ki, ay heyvan, sən bir səhnədə çəkilirsən, Ramizin səhnələri hələ qabaqdadır. Əminənin paltarlarını götürəndə üç nəfər mənim üstümə gəlmişdi. Həmin epizodda onun başına elə bir yumruq vurdum ki, yerə sərildi. O da mənə yaxınlaşıb deyir ki, qalsın qulluğunda. Tutulub zirzəmiyə salındığım epizodda məni vuran AzTV-nin mərhum rejissoru Arif Mədətov idi. Allah ona rəhmət eləsin”.

Ramiz Məlik

1974-cü ildə çəkilən “Qatır Məmməd” filmində isə Kamil adlı inzibatçı gözünün birini itirir. Əfsanəvi kinoaktyor, xalq artisti Rasim Balayev 44 il öncə baş vermiş hadisəni ilk dəfə danışır:

“Restoranda atışma səhnəmiz üçün kinostudiyada pavilyon qurulmuşdu. Orada gilizləri barıtla doldururlar, bəzən barıtı çox qoyanda silahın lüləsindən od da çıxır, sonra giliz də parçalanır. İndi danışacağım hadisədən sonra silahla çəkildiyim epizodlarda çox diqqətli olurdum. Atışma səhnəsi başladı, inzibatçı da kənarda dayanıb. Kiminsə atdığından gilizdən bir dənə tilişkə çıxıb düz Kamilin bəbəyinə sancıldı. Kamil qışqırdı ki, ay gözüm çıxdı. Tez onu göz institutuna apardılar. Məlum oldu ki, bəbəyi ciddi zədələnib. Həkimlər qərara gəldilər ki, göz çıxarılsın. Çıxarılmasa digər gözü də zədələnə bilərdi. Sonra Kamilin bir gözünü çıxarıb yerinə şüşə “göz” qoydular. Bəlkə də o hadisə bu gün olsaydı, müalicə etmək olardı. Otuz il əvvəl adamın ürəyi tuturdu, öldürdü. İndi aparıb ürəyə stend qoyurlar, damarları dəyişirlər, adam yaşayır.

Rasim Balayev

“Dədə qorqud” filmində Qaraca çobanla Qıpçaq Məlikin adamlarının döyüş səhnəsi zamanı isə bir neçə qoyun tələf olubmuş:

“Orada Elçin Məmmədovun atdığı daşlar butafordu. Amma bəzən atdığı qoyunlar yerə uğursuz şəkildə düşürdü, boyunları qırılırdı, yaralanırdı. Elə olanda tez başını kəsirdilər ki, haram olmasın”.

Qaraca Çoban

Rasim Balayev Qazan xan rolunu oynayan tacik aktyor Həşim Qadoyevin paxırının üstünü də yarızarafat açır:

“Filmdə Qazan xanı oynayan tacik aktyor Həşim Qadoyev gop eləmişdi ki, guya öküzü özü yerə yıxıb. Amma o öküzün başından yapışırdı, arxadan 4-5 beş nəfər öküzü dartıb yerə yıxırdı. Sadəcə, kadrı elə götürürdülər ki, hiss olunmasın”.

Həşim Qadoyev

Elə həmin filmin çəkilişi zamanı R.Balayevin ehtiyatlı davranışı onun üzündən ağır xəsarət almasını əngəlləyir. Amma əvəzində rekvizit sexinə rəhbərlik edən şəxs ağır zədələnir:

“Beyrək Banuçiçəyə ceyran gətirir ha. Mən ceyranı hər tutanda gözündən yaş gəlirdi, elə bilirdi ki, kəsəcəklər. Ceyranın buynuzu təzə çıxıb, təxminən 10-15 santimetr olar. Hər dəfə ceyranı tutub yerə yıxanda tullanır. Görürdüm ki, bu elə gəlir ki, buynuzu gözümə girə bilər. Sanki üzümə tullanırdı. Rejissor da hiss edir ki, ehtiyatlanıram, kənardan qışqırır ki, ala, qorxma. Rekvizit işinə baxan cuhud kişi vardı. Dedi ki, ay Rasim müəllim, ceyrandan da qorxarlar? Guya mənə ceyranı tutmağı öyrədirdi. Ceyran necə tullandısa, kişinin burnu iki yerə ayrıldı, təcili tibbi yardım maşınıyla birtəhər xəstəxanaya çatdırdılar. Sonra yanımdakılara, məni qınayanlara dedim ki, gördünüz? Yazıq ceyran elə bilir ki, onu öldürmək istəyirlər. Ona görə də özünü hara gəldi çırpır, xilas olmaq istəyir. Bu hadisəni də heç yerdə, heç kimə danışmamışam”.

Mərhum aktyor-rejissor Ceyhun Mirzəyevə isə “Fəryad” filminin çəkilişi üçün nəzərdə tutulmuş ərazidə sui-qəsd hazırlanıbmış. Çəkiliş prosesində iştirak etmiş şəxslərin dediyinə görə, bir gün öncədən Ceyhun Mirzəyevin (İsmayılın) meşəylə qaçacağı əraziyə baxış keçirilir, mizanlar qurulur. Hətta kameraların harada quraşdırılacağı və digər texniki məsələlər həll edilir. Çəkiliş başlamazdan öncə Ceyhun Mirzəyev bir daha əraziyə baxır ki, çəkiliş zamanı başqa problem yaranmasın. Məlum olur ki, kimsə meşə zolağının Mirzəyevin qaçmalı olduğu hissəsində bu ağacdan digər ağaca poladdan olan nazik məftil bağlayıb. Ən dəhşətlisi budur ki, məftil bağlanarkən aktyorun boy ölçüsü də nəzərə alınıb. Kinoşünas Aydın Kazımzadənin dedikləri:

“Həmin məftil Ceyhun Mirzəyevin boğazını kəsməyə hesablanaraq bağlanmışdı. Bu, açıq-aşkar-sui qəsd idi. Əgər əraziyə baxış keçirilməsəydi, çox güman ki, Ceyhun Mirzəyev çəkiliş meydançasında həyatını itirəcəkdi”.

Ceyhun Mirzəyev

Şahmar Ələkbərov isə “Babək” filminin lap əvvəlində, özü də məhz Rasim Balayevin əliylə həyatını itirə bilərmiş:

“”Babək” filminin əvvəlində Babəklə Cavidan Cavidanın evində məşq edə-edə söhbətləşirlər. Həmin səhnədə necə qılınc oynatmalı olduğumuzu bizə əməkdar məşqçi (sonradan Qılıncoynatma Federasiyasının vitse-prezidenti oldu-red.) Yaşar Məmmədov öyrədirdi. Həmin məşqdə az qaldı ki, qılıncı Şahmar Ələkbərovun başına vurum. Müdafiə olunmaq yadından çıxdı, qılıncı gətirdim başına bir-iki santimetr qalmış zorla saxladım. Özü də həmin qılıncın çəkisi dörd kiloqram yarımdır. Əgər qılınc başına dəysəydi, çətin ki sağ qalardı. Həmin qılınc indi mənim evimdədir. Təsəvvür edin ki, məşq prosesində əlim qabar olmuşdu. İndi düşünürəm ki, onda mən bu qılıncı necə oynatmışam”.

Şahmar Ələkbərov
Ənvər Əblucun 1984-cü ildə çəkdiyi “Qara gölün cəngavərləri” filmində isə Ramiz Məliki aldadaraq, düz 11 dubl artıq çəkdiriblər:

“Filmdə inqilabdan əvvəlki rus zabitini oynayıram. Gəlib qəhrəmanın evində axtarşı aparıram ki, göürm gizli bolşevik qəztləri varmı. Mənə bir qəzet verir və onu arvadının üstünə çırpıram. Bu götürür məni sandığın üstünə çırpır. Orada sandığın içinə girirəm və sonra çıxıb tapançanı çıxarıram ki, səni öldürürəm. Bu epizodu on üç dubl çəkdilər. Axırda gördüm ki, kamera işləmir, bunlar dubl çəkirlər. Dayandım, dedim çəkilmirəm. Bunlar başladılar gülməyə. Dedilər ki, onsuz da ikinci dublu götürmüşük. Dedim, siz adamsız? Baxın görün mənim əllərim, qollarım qan içindədir. Çünki əlimə nə qədər mismar, dəmir batmışdı”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.