“TRAMP ADMİNİSTRASİYASINDAKI BƏZİ ADAMLARA GÜVƏNMİRƏM”- Melaniya Tramp: "Ən çox mənə hücum edirlər" (VİDEO)

13-10-2018, 07:40           
“TRAMP ADMİNİSTRASİYASINDAKI BƏZİ ADAMLARA GÜVƏNMİRƏM”- Melaniya Tramp: "Ən çox mənə hücum edirlər" (VİDEO)
Birləşmiş Ştatların prezidenti Donald Trampın xanımı Melaniya Tramp mətbuatla sıx ünsiyyət qurmasa da, Afrika ölkələrinə səfəri zamanı ABC telekanalına geniş müsahibə verib. Müsahibə hələ efirə verilməyib, lakin onun bir hissəsi internetə yerləşdirilib və birinci xanımın söhbətinin müəyyən qismi ictimailəşib.

Müsahibəsində Melaniya Tramp etiraf edir ki, internetdəki təhqirlərdən çox əziyyət çəkir: “Deyə bilərəm ki, internetdə ən çox mənə hücum edirlər. Daim ələ salırlar. Əgər insanların haqqımda nə dediklərini oxusanız, mənimlə razılaşarsınız”.

Melaniya Tramp özünün “Be Best” kampaniyasını Afrikada da davam etdirir və bu çərçivədə uşaqların internetdən düzgün istifadə qaydalarını mənimsəməsinə köməklik göstərir.

Xanım Tramp hesab edirki, sosial şəbəkələr əsrində uşaqların tərbiyəsinə diqqət ayırmaq fövqəladə dərəcədə vacibdir: “Biz onlarla düzgün sosial və emosional davranış barədə danışmalıyıq ki, bütün bu problemlərin öhdəsindən necə gəlməli olduqlarını bilsinlər”.

Melaniya Tramp deyir ki, Prezident Administrasiyasındakı bəzi adamlara güvənməyib. Və bu barədə Trampın özünə də deyib. Jurnalistin “Prezidentin əhatəsində hələ də belə adamlar var?” sualına isə birinci ledinin cavabı belə olub: “Düzdür, onların bəziləri artıq orada işləmir. Amma arxanda nələrin baş verdiyini hər zaman izləmək lazımdır”.

Yeri gəlmişkən, bu yaxınlarda Tramp administrasiyasının adının çəkilməsini istəməyən bir əməkdaşı “The New York Times”da dərc etdiyi məqalədə bildirib ki, yüksək rütbəli bəzi məmurlar ABŞ prezidentinin planlarını gerçəkləşdirməsinə mane olmağa çalışırlar.

Tramp bu məqalədəki fikirləri tənqid etsə də, sonradan özünün miqrobloqunda bir sözlü cümlə – “XƏYANƏT?!” paylaşıb.

“The Washington Post”un yazdığına görə, əslində məlum məqalə ABŞ prezidenini olduqca hiddətləndirib.

Birinci lediyə həyat yoldaşını nəzarətdə saxlayıb-saxlamadığı soruşulduqda o belə deyib: “Əla olardı! Mən ona dürüst məsləhətlər verirəm və fikrimi səmimi şəkildə ifadə edirəm. Sonra isə o, istədiyini edir”.

Melaniya Tramp həyat yoldaşının ona sadiq olmadığına dair söhbətlərə də münasibət bildirib: “Bunlar mətbuatın ortaya atdığı şayiələrdir. Ərimin sadiq olmadığına dair məlumatlar mənim üçün problem deyil. Mən ana və birinci lediyəm. Düşünməli və həll etməli olduğum çox sayda problem var”.

Bu cür şayiələri eşitməyin xoş olmadığını deyən xanım Tramp bununla belə, ailəsində hər şeyin qaydasında olduğunu, nəyin həqiqət, nəyin mətbuatın uydurması olduğunu yaxşı bildiyini qeyd edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.