Yusif Bağırzadənin istefasında 3 QARANLIQ MƏQAM

8-10-2015, 15:34           
Yusif Bağırzadənin istefasında 3 QARANLIQ MƏQAM
“Açığını deyim ki, bütün bu qaranlıq məqamları bir yerə yığıb yozmaq o qədər də asan məsələ deyil”.

Bunu Hafta.az–a açıqlamasında siyasi ekspert Qabil Hüseynli AMİP sədri Yusif Bağırzadənin istefasına münasibət bildirərkən deyib. Qabil Hüseynli Azərbaycan Milli İstiqlal Partiyası sədrinin qəfil istefasının arxasında yozulmaqda çətinlik çəkilən qaranlıq məqamların olduğunu da gizlətməyib:

“Yusif Bağırzadə xəstə idi, səhhətində problemlər vardı. Eşitdiyimə görə, o, çoxdan vəzifəsindən istefa vermək istəyirdi. Bu istefa məsələsi də parlament seçkiləri öncəsinə təsadüf etdi. Burada qəribə suallar da ortaya çıxır. Yusif bəy niyə partiya sədrliyi ilə yanaşı, həm də partiya üzvlüyündən istefa verdi? Görünür, siyasətdən tamamilə uzaqlaşmaq fikri var. Eyni zamanda, parlament seçkilərində qeydə alınan deputatlığa namizədliyini də geri götürdü. Açığını deyim ki, bütün bu qaranlıq məqamları bir yerə yığıb-yozmaq o qədər də asan məsələ deyil. Başa düşürəm ki, səhhətində problemlər var. Deputatlıqdan niyə geri çəkildiyini izah etməkdə çətinlik çəkirəm”.

Politoloq bildirib ki, partiyada yeni başqan seçimləri öncəsi əsasən bir namizədi AMİP-ə sədr kimi görür:

“AMİP zəif partiya deyil. Bu partiyanın sıralarında onu əvəz edəcək kifayət qədər adam var. Güman edirəm ki, tezliklə AMİP-çilər özlərinə bir nəfər sədr seçəcəklər. Siyasi proseslərdə o qədər fəal olmasa da, partiyanın əsas siyasi kadrları qalır. Hər halda partiya başsız qalmayacaq. Mən daha çox Əli Orucovun siyasi proseslərdə fəallığının şahidi olmuşam. Ehtimal edirəm ki, partiya sədrliyinə onun namizədliyi irəli sürüləcək. Onun namizədliyi heç də pis seçim deyil”.

Qeyd edək ki, AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucovla partiya sədrliyinə yeni namizədin adının bəlli olub–olmadığını öyrənmək üçün əlaqə saxlamağa çalışdıq. Dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq, Əli bəy telefonlarımızı açmadı. Keçmiş AMİP sədri Etibar Məmmədov da partiyada baş verənlərə münasibət bildirməkdən imtina etdi.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyası sədri Yusif Bağırzadə dünən səhər partiya başqanlığından və üzvlüyündən səhhəti ilə bağlı olaraq imtina etdiyini açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.