Tehrandan verilən Qarabağ mesajı - İrəvanın riyakar ritorikası
2-03-2019, 12:16

Erməni baş nazirin İran səfərindən çıxan əsas sual; politoloq: “Nikol Paşinyan öz sələfi kimi saxtakarlıqla, riyakarlıqla məşğuldur...”
ATƏT-in fəaliyyətdə olan yeni sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak martın 5-də Bakıya səfərə gələcək. Diqqət mərkəzində olan məsələlərdən biri də Dağlıq Qarabağ problemi olacaq. ATƏT sədri artıq İrəvanda olub.
Qeyd edək ki, indiyədək təşkilatda dəfələrlə sədr dəyişikliyi olub. Ancaq bu dəyişikliklər konfliktin həllində müsbət dönüşə gətirməyib. Əsas səbəb də ATƏT-in Minsk Qrupunun həmsədrləri olan üç dövlətin - Rusiya, ABŞ və Fransanın Ermənistana indiyədək işğalçı ölkə kimi yanaşmaması, BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağa dair 4 məlum qətnamələrini qulaqardı edərək, İrəvanı sülhə vadar edən sanksiyalar tətbiq eləməməsidir. Başqa sözlə, təcavüzkarla təcavüzə məruz qalan tərəflərə eyni gözlə baxmaq siyasəti münaqişəni uzadan əsas faktor olaraq qalır.
*****
Səfəröncəsi ATƏT sədri deyib ki, Bakıda sülh prosesini, Minsk Qrupu həmsədrlərinin fəaliyyətini müzakirə etmək fikrindədir. “Mən Ukraynada, Moldovada, Gürcüstandakı münaqişə bölgələrdə olmuşam. Bu münaqişələrdən daha çox zərər çəkmiş insanların bizim bütün beynəlxalq fəaliyyətlərimizin mərkəzində olmasına çalışıram”, - deyə o qeyd edib.
Konkret olaraq, Qarabağ ixtilafına gəlincə, diplomat onu “həlli çətin məsələ” adlandırıb: “Regionda sabitlik, hərtərəfli dialoq, toplumun bu məsələdə irəli getməyə hazır olması kimi şərtlərə bağlıdır. Təcrübə məhz daxili proseslərin daha yüksək ehtimalla gerçək, davamlı sülhə və sabitliyə gətirib çıxara biləcəyini göstərir. Son vaxtlar müəyyən irəliləyişlər gözə dəyir, bu məsələdə ehtiyatlı nikbinliyə köklənmişik. Təmas xətti və dövlət sərhədi boyu zorakılıq qurbanlarının sayı azalıb. Yerevanla Bakı arasında ali səviyyədə dialoqun intensivləşdiyini görürük. Bütü bunların nəticəsi də ATƏT məkanında sabitliyin artmasıdır. Bizim sədrliyimiz Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, dinc və davamlı əsasda həllini dəstəkləmək xəttinə sadiqdir. Biz Minsk prosesinə inanır və müvəffəqiyyət üçün zəruri dəstəyi bundan sonra da göstərəcəyik”.
ATƏT-in yeni sədri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünü müsbət dəyərləndirdiyini də deyib. “Əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin zəruriliyini başa düşmələri bizim dəstəyimizə layiqdir” - təşkilat rəhbəri əlavə edib.
*****
Lakin bir daha vurğulamaq zərurəti var ki, vasitəçi dövlətlər konfliktin həllinə ədalətli yanaşmadıqca, beynəlxalq hüququn təməl prinsiplərini, BMT TŞ-nin Qarabağa dair 4 qətnaməsini əsas götürməyincə, ən nəhayət, “ikili standart” siyasətindən əl çəkməyincə, ATƏT sədrlərinin də əlindən bir şey gəlməyəcək və problemin dinc nizamlanması əlçatmaz olaraq qalacaq.
Söhbət ilk növbədə Rusiyadan gedir. O Rusiya ki, on illərdir Dağlıq Qarabağ məsələsinə hər şeydən öncə regionda möhkəmlənmək, Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq rıçaqı kimi baxır. Eləcə də postsovet məkanındakı digər etnik-ərazi konfliktlərinə Moskva eyni prizmadan baxır. Bu üzdən bölgə uğrunda Qərb-Rusiya rəqabəti də konfliktin çözümünə mane olan mühüm faktor kimi qalmaqdadır.
Sözsüz ki, belə vəziyyətdən işğalçı Ermənistan atəşkəs rejimini uzatmaq üçün istifadə edir - o ümidlə ki, nə vaxtsa Dağlıq Qarabağın işğalını rəsmiləşdirə biləcək. Bu da qeyri-mümkündür. Mümkün olsaydı, 30 ildə olardı. Atəşkəs rejiminin, blokada şəraitinin uzanması isə Ermənistanın vəziyyətini ilbəil ağırlaşdırır.
Bu acı gerçəyi anlayıb “daşı ətəyindən tökmək” əvəzinə, əfsus ki, Ermənistanın yeni rəhbərliyi, baş nazir Nikol Paşinyan da sələfləri kimi absurd mövqe sərgiləyir, sülhü yaxınlaşdırmaq səyi ilə bir araya sığmayan həyasız bəyanatlar verir, hətta Azərbaycana hədə-qorxu gəlməkdən belə çəkinmir.
Onun İran səfəri daha çox bu xüsusda yadda qaldı. Məsələn, Paşinyan Tehranda “Ararat” idman-sağlamlıq kompleksində erməni icması qarşısındakı çıxışı zamanı yenə “mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ ermənilərlə danışıqlar aparmalıdır” deyib.
*****
Sabiq dövlət müşaviri Qabil Hüseynli isə hesab edir ki, Paşinyan məntiqsizliyin içərisində boğulur (axar.az). “Onun ”qarabağlılar mənə səs verməyib, mən Qarabağı danışıqlarda təmsil edə bilmərəm" tezisi başdan-ayağa cəfəngiyatdır, riyakarlıqdır, qeyri-səmimilikdir. Əgər bu adam Qarabağın erməni icması adından danışa bilmirsə, onda niyə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindədir? Niyə Ermənistan ordusu Qarabağdadır? Qarabağla bağlı danışmaq səlahiyyətinin olmadığını deyən Paşinyanın oğlu niyə Qarabağda hərbi xidmət keçir? Nəyə görə sənin oğlun televiziyaya çıxaraq, “mən Qarabağa döyüşə gedirəm” sözlərini deyir?! Nəyə görə sən “mən başqa rəhbərlərdən fərqli olaraq, öz oğlumu Qarabağ cəbhəsinə, təmas xəttinə göndərirəm” deyib bu faktdan reytinq toplamaq üçün istifadə edirsən?! Oğlunu “ön cəbhəyə” göndərə bilirsən, amma “ön cəbhə” ilə bağlı danışıqları apara bilmirsən?"
Q.Hüseynli vurğulayıb ki, Ermənistanda Paşinyan dönəminin Sərkisyan və Köçəryan dönəmindən heç bir fərqi yoxdur: “Çünki o da öz sələfi kimi saxtakarlıqla, riyakarlıqla məşğuldur. Məsələn, necə ola bilir ki, bir gün də olsun Ermənistan vətəndaşı olmayan bir şəxs Ermənistanda prezident seçilə bilmişdi?! Köçəryanı və Sərkisyanı nəzərdə tuturam. Çünki onların pasportu Azərbaycan pasportu, özləri isə Azərbaycan vətəndaşları idi. Amma Ermənistanda prezident seçkilərinə qatıldılar və seçkidə qalib gəldilər. Halbuki Ermənistanda prezident seçilmək üçün qanunvericiliyə əsasən, prezidentliyə namizəd olan şəxs ən azı 10 il orada yaşamalı, Ermənistanın vətəndaşı olmalıdır. Bu kritetiyaların heç biri nə Köçəryanda, nə də Sərkisyanda var idi. Bəs onlar necə prezident seçildi?! İndi isə bu ”zat"dan soruşmaq lazımdır ki, əgər sən Qarabağı təmsil edə bilmirsənsə, onda oğlun niyə hələ də Qarabağda hərbi xidmətdədir?! Niyə Ermənistanda hərbi xidmət keçmir?"
Politoloq bildirib ki, Paşinyan öz sözlərinə kimisə inandırmaq istəyirsə, ilk növbədə ordusunu Azərbaycan ərazisindən rədd eləməlidir. “Bu addımla Paşinyan doğrudan da Qarabağ adından danışmağa ”haqqı çatmadığını" isbat etmiş olar. Yəni qışqırıb-bağıran faktlar Paşinyanın nə qədər riyakar, aşağı səviyyəli və məntiqsiz adam olduğunu sübuta yetirir və onu gülünc vəziyyətinə salır", - deyə o əlavə edib.