Ağsuda üç namizəd seçki ilə bağlı bəyanat yaydı
2-11-2015, 20:40
7 saylı dairədə kütləvi qanunsuzluqların və saxtakarlıqların olduğu bildirilir...
Noyabrın 1-də ölkədə keçirilən parlament seçkisi ilə bağlı narazılıqlar davam edir. 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən üç deputatlığa namizəd seçkinin saxtakarlaşdırılması barədə bəyanat yayıb. Musavat.com xəbər verir ki, bəyanatda dairə ərazisində seçkinin kütləvi qanunsuzluq və saxtakarlıq şəraitində keçdiyi və seçkinin namizəd Tahir Kərimlinin xeyrinə saxtalaşdırıldığı bildirilir.
Deputatlığa namizədlər Yaqub Babalı, Zəka Şikarlı və Ağəsən Hüseynov tərəfindən verilən bəyanatda bildirilir ki, 87 saylı dairədə seçkilər böyük saxtalıqlar və qanun pozuntuları ilə keçirilib: “Səsverməyə seçicilərin təxminən 15 faizi gəlib. Məntəqələrdə məmurlar və saxtalaşdırmaq üçün ayrılmış şəxslər seçkilərin saxtalaşdırılmasında xüsusi fəallıq göstərirdilər. Seçki məntəqələrində hakimiyyətin himayə etdiyi namizədlər üçün topa bülletenlər atılırdı. Sonda bizləri təmsil edən müşahidəçilər məntəqədən zor tətbiq edilərək uzaqlaşdırılıblar. Səslərin sayılmasında Tahir Kərimlinin və Əliyunis Mütəllimovun səsləri səsverməyə gəlməyən seçicilərin bulletenləri hesabına həddən artıq artırılıb. Saxtalaşdırmanı planlaşdıranlar bunlarla kifayətlənməyərək bizlərə verilən minlərlə səsi də istədikləri namizədlərin səsinə əlavə etdirdilər. Bəyan edirik ki, yekun protokolunda göstərilən rəqəmlər xalqın seçiminin deyil, hakimiyyətdəki bir qrup saxtakar sifarişçilərin fəaliyyətinin göstəricisidir”.
Bildirilir ki, müvafiq DSK-ya qanunsuzluqlarla bağlı müraciət edilib və əldə olan aktlara və protokollara əsasən bəzi məntəqələrdə səslərin yenidən sayılması, bəzilərində isə kütləvi qanunsuzluq səbəbindən nəticələrin ləğvi tələb edilib.
Qeyd edək ki, həmin dairədən Tahir Kərimli deputat seçilib.