Problemli sərhəd məsələləri: Xələf Xələfov niyə geri qaytarıldı?

4-05-2019, 13:08           
Problemli sərhəd məsələləri: Xələf Xələfov niyə geri qaytarıldı?
Sərhəd məsələlərinin həllində Azərbaycan prezidentinə peşəkar köməkçi lazımdır.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfovun yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunmasına münasibət bildirib. Politoloq hesab edir ki, sərhəd mövzusunda Xələf Xələfov kifayət qədər təcrübəli diplomatdır:

“Baş nazir Novruz Məmmədovun sərəncamı ilə Xələf Xələfov 2018-ci ilin dekabr ayında Nazirlər Kabinetinin aparat rəhbəri təyin olunmuşdu. Aydındır ki, o zaman bu qərar prezidentlə razılaşdırılmışdı. Belə düşünülürdü ki, 25 ildən sonra Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiya imzalandı və Azərbaycanı bu illərdə danışıqlarda təmsil edən Xələf Xələfovun missiyası da uğurla yerkunlaşmış oldu. Ancaq bu arada yeni problemlər çıxdı.

Prezidentin sərəncamı ilə Xələf Xələfov nazir müavini təyin olunmaqla yanaşı, ona dövlət başçısının sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olundu”.

E.Şahinoğlu vurğulayıb ki, elə təyinatın əsl mahiyyəti də bundadır:

“Birincisi, Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya imzalansa da, Azərbaycan bundan sonra dənizin dibinin bölüşdürülməsiylə bağlı Türkmənistan və İranla danışıqları davam etdirməlidir. Çünki Konvensiya bu məsələni həll etməyib. İkincisi, son günlərdə Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlər bu istiqamətdə də danışıqları zəruri edir. Sərhəd məsələsini müəyyənləşdirməli olan iki ölkənin Dövlət Komissiyasının sonuncu iclası 2011-ci ildə Bakıda keçirilib. Bundan sonra danışıqlar dayanıb. Komissiyanın işini yenidən canlandırmaq aktuallaşıb. Beləliklə, bu iki məsələnin həllində Azərbaycan prezidentinə peşəkar köməkçi lazımdır. Sərhəd mövzusunda təcrübəli diplomat Xələf Xələfov bu məsələlərin həllində əsas rol oynamalıdır. Sadəcə, Xələf Xələfovun yenidən köhnə vəzifəsinə qaytarılması həm də ondan xəbər verir ki, mövcud sahədə kadr çatışmazlığı var, yoxsa eyni diplomatı köhnə vəzifəsinə niyə qaytarırdılar ki?!”.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.