SSRİ-nin çöküşü yalan olacaq: - Rusiya böyük riskə gedir
13-11-2015, 11:43
Rusiya hava hücumundan müdafiə sisteminin məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində yaradılacağını və bu prosesin ən təhlükəsiz mövqedə yerləşən Ermənistandan başlayacağını bildirsə də, məsələ bir qədər qəlizdir.
Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Prezidenti Vlaldimir Putinin Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaradılması haqqında sərəncamını şərh edərkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri hesab edir ki, Kreml bunun sözdə NATO-nun Rusiyaya qarşı yaratdığı hava sipərinin cavabı olduğunu bildirir:
“NATO-nun Şərqi Avropada qurduğu hava hücumundan müdafiə sistemləri Rusiyanın ballistik raketlərini havadaca məhv edir. Bunu anlayan Rusiya Qərbin hücumundan qorunmaq üçün raketdən müdafiə sistemləri inşa etməyi planlaşdırır. Rusiya bunun Ermənistandan başlayaraq ta Kalininqrada qədər uzaq məsafəni əhatə edəcəyini bildirir. Burada iki sual meydana çıxır: Rusiya bu qədər vəsaiti hardan əldə edəcək və proses baş tutarsa, Qərbin hava hücumundan müdafiə sistemləri ilə qarşı-qarşıya gələ biləcəkmi? Mən bu məsələyə o qədər də inanmıram. Çünki Qərb öz texnoloji üstünlüklərindən istifadə edərək Rusiyanın hərbi texnologiya sahəsində hər bir addımını neytrallaşdırır. Bu o deməkdir ki, iqtisadiyyatı tamamilə zəifləmiş, büdcəsi kasad olan Rusiya yenidən ağır hərbi xərclərə gedəcək və ölkəsini sürətli silahlandıracaq. Bu silahlanma vaxtilə SSRİ-ni çökdürmüşdü. Rusiya üçün hansı fəsadlar yaradacağını isə gələcək göstərəcək. Zənnimcə, bu fəsadlar o qədər ürəkaçan olmayacaq”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanla birgə hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sərəncam imzalayıb.