“AŞ PA-nın payız sessiyasında Azərbaycanla bağlı ayrıca müzakirə nəzərdə tutulmur” - AÇIQLAMA
26-09-2019, 09:11

Xəbər verdiyimiz kimi, sentyabrın 30-dan oktyabrın 4-dək Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası keçiriləcək.
Bir neçə gün əvvəl sessiyanın gündəliyinin ilkin variantı açıqlanıb. Qurumun saytında yerləşdirilən gündəliyə əsasən Avropa Şurasının 70 illiyinə həsr olunan və Assambleyanın sabiq sədrlərinin də iştirakı ilə keçiriləcək sessiyada oktyabrın 1-də Fransa prezidenti Emmanuel Makron çıxış edəcək, sonra da Assambleya üzvlərinin suallarına cavab verəcək.
Sessiyada həmçinin, Krım tatarları, iqlim köçkünləri, Şərqi Avropada əmək miqrasiyası ilə bağlı məsələlər, Moldovada demokratik təsisatların yaranmasına dair hesabat, Şimali Makedoniya ilə monitorinqdən sonrakı danışıqlarla bağlı məsələlər, ombudsman institutları ilə bağlı müzakirələr aparılacaq.
İlkin gündəliyin açıqlanmasına baxmayaraq, bəzi mənbələr sessiyada Azərbaycanla bağlı məsələlərin də müzakirə olunacağına dair məlumat yayırlar. Bildirilir ki, AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin Bakıya səfərinin yekunları əsasında hazırlayacağı hesabat da sessiyanın gündəliyinə daxil edilib.
Xatırladaq ki, sentyabrın 5-8-da AŞ PA-nın Azərbaycandakı siyasi məhbus sayılan şəxslər üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Azərbaycanda olub. Səfəri çərçivəsində o, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Milli Məclisdə görüşlər keçirib. Eyni zamanda bir qrup hüquq müdafiəçisi ilə görüşüb. Görüşdə iştirak edən hüquq müdafiəçisi Rəsul Cəfərovun dediyinə görə, görüş zamanı məruzəçi açıq qeyd edib ki, 2018-ci ilin iyun sessiyasında ona verilən mandat daxilində gəlib. Bu mandatdan kənar hər hansı fəaliyyətdə, məsələnin həllində və ya qaldırılmasında maraqlı deyil: ”Ümumiyyətlə, heç bir məsələyə münasibət bildirmədi. Səfər sırf məlumatların toplanması ilə bağlı idi. Siyasi məhbus problemində tərəflər var və bunlar hökumət, siyasi məhbuslar, onların ailələri, onların hüquqlarını müdafiə edən vətəndaş cəmiyyəti və ayrı-ayrı hüquq müdafiəçiləridir. Məruzəçinin də bu səfərdə məqsədi hazırlayacağı hesabatın hərtərəfli və obyektiv olması üçün hər bir tərəfi, o cümlədən də hökuməti, dövlət orqanlarını və onların təmsilçilərini dinləmək, məlumatları dəqiqləşdirmək idi".
AŞ PA məruzəçisi özü isə məhbuslar - Tale Bağırzadə, Abbas Hüseynov, Əfqan Muxtarlı və Səid Dadaşbəylinin işi üzrə faktaraşdırıcı səfər etdiyini bildirib: ”Azərbaycan hakimiyyətinə rəsmi görüşlərimin təşkili və ümumilikdə səfərimi asanlaşdırdığı üçün təşəkkür etmək istərdim. Bu konstruktiv münasibət məni ürəkləndirdi. Həmin üç məhbusdan əlavə, mən hökumətin bir sıra tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, hüquqşünaslar, QHT təmsilçiləri, yerli diplomatik icmanın üzvləri ilə də görüşdüm. Bu intensiv səfər mənə hesabatım üçün möhkəm təməl yaratdı. Hesabatda mövcud durum nəzərdən keçiriləcək, gələcək proqres üçün tövsiyələr irəli sürüləcək".
R.Cəfərovun sözlərinə görə, siyasi məhbus problemi ilə bağlı məruzəçinin hesabatı böyük ehtimalla 2020-ci ilin yanvarında hazırlanacaq. Bu, Avropa Şurası Parlament Assambleyasının Plenar İclasında təqdim edəcəyi “Azərbaycanda siyasi məhbuslarla bağlı” hesabat olacaq: “Bu barədə onun özü də bizimlə görüşündə məlumat verdi. Məruzəçinin funksiyası o hesabatı hazırlayıb Hüquqi Məsələlər Komitəsinə təqdim etmək və komitədə təsdiq edildikdən sonra AŞ PA-nın rəsmi sənədinə çevrilməsi üçün Plenar İclasa tövsiyə etməkdən ibarətdir. Biz də hüquq müdafiəçisi olaraq çox ümid edirik və inanırıq ki, hesabat AŞ PA-da qəbul olunacaq. Əgər qəbul olunsa, ondan sonra mandat daha bir il ərzində həmin hesabatda qeyd edilən tövsiyələr və çağırışlara Azərbaycan hakimiyyəti tərəfindən əməl edilib-edilməməsini təftiş edəcək, ona uyğun da öz əlavə mövqeyini bildirmiş olacaq”.
R.Cəfərov onu da qeyd etdi ki, AŞ PA-nın payız sessiyasının gündəmində Azərbaycanla bağlı ayrıca müzakirə nəzərdə tutulmur: “Gündəliyin ilkin variantında belə bir məsələ qeyd olunmayıb. Ola bilsin ki, ümumi xarakterli məsələlərin müzakirəsində Azərbaycanla bağlı da nələrsə olsun, amma ayrıca bir müzakirə mövzusu olaraq heç nə müəyyənləşdirilməyib. Açıqlanan gündəlik qaralamadır, sessiya başlanana qədər təkmilləşmələr olacaq. Bu baxımdan, ora Azərbaycanla bağlı hansısa məsələnin daxil edilməsi mümkündür. Amma bu, siyasi məhbus məsələsi olmayacaq, çünki məruzəçinin hesabatı hazır deyil, komitədə müzakirə aparılmayıb”.
Sentyabrın 11-12-də isə Avropa Şurası Parlament Assambleyasının prezidenti Mori Paskye Azərbaycanda rəsmi səfərdə olub. O, səfər zamanı ölkə prezidenti, Milli Məclisin sədri, xarici işlər naziri ilə görüşüb. Eyni zamanda xanım Paskye bir qrup hüquq müdafiəçisi ilə də görüşüb. Görüşdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əvəz Həsənov, Mehriban Zeynalova, bloger Mehman Hüseynov, vəkil Əshabəli Mustafayev və başqa şəxslər iştirak ediblər.
Xatırladaq ki, yerli hüquq müdafiəçiləri AŞ PA məruzəçisinə 117 və 119 nəfərin adı olan iki siyasi məhbus siyahısı təqdim ediblər. Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus olmadığını bəyan edir.
“Yeni Müsavat”