Zelenski BMT kürsüsündən Rusiyanı təcavüzkar adlandırıb – Güllə göstərib…
27-09-2019, 05:50
Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatı Baş Məclisindəki (BMT BM) çıxışı zamanı Rusiyanı təcavüzkarlıqda ittiham edib.
«112 Ukrayna» telekanalının xəbər verdiyi kimi, Zelenski Ukraynanın opera müğənnisi Vasili Slipakın 2016-cı ilin iyununda həlak olmasından danışıb. O, Donbasda «Sağ sektor»un tərkibində mübarizə aparıb və Ukraynanı Rusiyanın təcavüzündən qoruyarkən həlak olub.
Ukrayna lideri qeyd edib ki, indi daha heç kim Slipakın «heyranedici ifasını» eşidə bilməyəcək. Sonra o, qiyməti 10 dollar olan 12,7 millimetrlik bir güllə göstərib və deyib: «İndi insan həyatının qiyməti bu qədərdir».
«Nə qədər ki, Rusiya Avropanın mərkəzində müharibə aparır, heç kim özünü təhlükəsizlikdə hiss etməyəcək» – deyə, Zelenski əlavə edib və bildirib ki, başlıca məqsədi Donbasda münaqişənin dayandırılmasına nail olmaqdan ibarətdir.
Ukrayna prezidenti belə bir fikir səsləndirib ki, mümkün üçüncü dünya müharibəsi «sonuncu» olacaq və «müharibədə heç kim qələbə çalmır» deyimini xatırladıb.