Baş nazir müavininin “Qarabağı bir günə azad edərik” açıqlamasına reaksiyalar
27-09-2019, 08:53

Üzeyir Cəfərov: “O boyda ərazini bir günə işğaldan azad etmək mümkün deyil”
“Azərbaycan Ordusu istəsə Dağlıq Qarabağı işğaldan bir günə azad edər. Bir günə... Amma prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir”. Bu sözləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.
Baş nazirin müavini bildirib ki, torpaqlar işğaldan azad ediləcək: “Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Məsələnin müsbətə doğru həll ediləcəyinə ümidimiz artdı. Amma Paşinyan da ağzına gələni danışır. Hamı bilsin ki, dövlətimiz Dağlıq Qarabağı hər an işğaldan azad edə bilər. Biz o torpaqları işğaldan azad edəcəyik”.
Əli Həsənovun bu açıqlaması müzakirələrə səbəb olub. Bir günə Dağlıq Qarabağı azad etməyin mümkün olub-olmadığı yönündə fikirlər səslənməyə başlayıb. Doğrudur, hər kəs qısa müddətdə Azərbaycan ordusunun erməni ordusunu darmadağın edib Qarabağdan tamamilə çıxaracağına inanır. Tarixə ekskursiya olunur. İkinci Dünya müharibəsində Almaniyanın Polşaya hücumu 8 günə uğurla başa çatdırdığı önə çəkilir. Eyni zamanda 2008-ci ildəki 5 günlük Rusiya-Gürcüstan, eləcə də 6 günlük İsrail-ərəb ölkələri müharibəsi nümunə olaraq göstərilir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu gün deməyin çətin olduğunu söylədi: “Çünki ən uğurlu vaxtlarımızda belə bu, mümkün olmayıb. 1992-ci ilin hücum əməliyyatına bir neçə həftə həsr olundu və o zaman xeyli irəlilədik. Əli Həsənovla razılaşıram ki, bizim əlimizdədir. Biz bu məsələni çox qısa müddətdə həll edə bilərik. Sadəcə, o, dövlət rəsmisi olduğundan maneələri izah etməyib. Düzdür, deyib ki, dövlət başçısı itkilərin olmasını istəmir. Amma əsas maneə bilirik ki, nədir. Burada əsas Rusiyadır. Ermənistanı Kreml dəstəkləyir, Azərbaycanın təcavüzkar ölkə üzərində qələbəsini arzulamır. Əsas maneə budur. Bu olmasa, biz düyməyə basıb qısa müddətdə məsələni həll edə bilərik”.
Hərbi ekspert Üzeyir Cəfərov 1 günə əməliyyatın başa çatdırılmasının mümkünsüz olduğunu qeyd etdi: “Əli Həsənovun açıqlaması ola bilsin ki, hərbidən o qədər məlumatlı olmamasından irəli gəlir. Onu başa düşürəm ki, Azərbaycan Ordusunun güclü, qüdrətli olduğunu demək məqsədilə bu fikirləri səsləndirib. O boyda ərazini bir günə işğaldan azad etmək mümkün deyil - nə fiziki, nə də digər göstəricilər baxımından. Sözsüz ki, silahlı qüvvələrimizin imkanı tapşırıqları tam yerinə yetirməyə imkan verir. Bu tapşırıq da heç şübhəsiz ki, itkisiz ötüşməyəcək. Çünki bu müharibədir. Nəzərə alaq ki, düşmən uzun illərdir o ərazilərdə məskən salıb. Amma bunlara baxmayaraq, ordumuz qarşısına qoyulan vəzifəni yerinə yetirməyə tam hazırdır. 300 minə yaxın ehtiyat səfərbərlik resurslarımız var. Şəxsi heyətin sayı da düşməndən kifayət qədər çoxdur. Başlanacaq müharibədə silah-sursat axtarmağa gərək qalmayacaq. Çünki hazırkı silah-sursatımız uzunmüddətli əməliyyatlar aparmağa imkan verir. Ordumuz hazır vəziyyətdədir. Döyüş barədə kimsə proqnoz verə bilməz ki, filan tarixdə başlayıb, filan tarixdə bitirəcəyik. Elə ərazilər ola bilər ki, düşmənin vəziyyətinə uyğun olaraq, o əraziləri qısa müddətdə ələ keçirmək olar. Amma elə ərazilər də ola bilər ki, müqavimət güclü ola bilər. Sonluq isə bəllidir, o əraziləri azad etmək gücü ordumuzda tamdır. Horadiz əməliyyatında 7 gün ərzində 23 yaşayış məntəqəsi azad edildi. Nəzərə alaq ki, o əməliyyatlar qışa təsadüf edirdi və sərt iqlim şəraiti var idi. İqlimdən də çox şey asılıdır. Dağlıq ərazilərlə düzəngahları azad etmək əməliyyatı eyni ola bilməz”.
Hərbi icmalçı Ramil Məmmədli da dedi ki, Azərbaycan Silahlı Qüvvələrinin texniki imkanları, əsgər, gizir və zabitlərin döyüş bacarığı yüksək səviyyədədir: “Bu imkanlarla Azərbaycan Ordusu qarşısına qoyulan bütün çətin tapşırıqları - əməliyyatları yerinə yetirə bilər. Təlimlərdə ordumuzun texniki imkanlarının, miqyaslı və rabitəli şəkildə əməliyyat keçirmə bacarıqlarının şahidi oluruq. Bu baxımdan ordumuzun qısa müddətdə irimiqyaslı hərbi əməliyyatları keçirmək bacarığının olmasında şübhələr ola bilməz. Lakin bu əməliyyatın bir gün ərzində həyata keçirilməsi reallığı əks etdirmir. Nəzərə alsaq ki, Qarabağın coğrafi relyefi daha çox dağlıqdır və bu şəraitdə qoşunların sürətlə irəliləməsində çətinliklər ortaya çıxır. Hətta ən müasir silahlardan istifadə etməklə belə bu kimi əraziləri keçmək çətindir. Amma bir məqam bəllidir ki, Azərbaycan Ordusu əməliyyatların başlayacağı ilk gündə düşmənə ağır zərbə vura bilər. Bu zərbə isə düşmən qoşunlarını, təminat qruplarını iflic vəziyyətinə salar. Biz buna bənzər hücum əməliyyatlarını 2-ci Dünya müharibəsində Almaniya ordusu ilə bağlı oxumuşuq. Almanların ilk zərbəsinin təsirindən sovet ordusu qısa müddətdə Ukrayna və Belarusu tərk etmək məcburiyyətində qaldı. Ümumiyyətlə, mən müharibə və döyüş əməliyyatları ilə bağlı pafoslu sözlərin əleyhinəyəm və hesab edirəm ki, siyasətçilər bu fikirləri söyləməzdən əvvəl hərbçilərlə məsləhətləşsələr, daha düzgün olar”.