Elxan Şahinoğlu: “Krımın indiki vaxtda Rusiyadan geri alınması real deyil”

28-09-2019, 10:24           
Elxan Şahinoğlu: “Krımın indiki vaxtda Rusiyadan geri alınması real deyil”
“Hətta Rusiyada nə zamansa hakimiyyət dəyişsə belə, bu proses çətin olacaq”
ABŞ prezidenti Donald Tramp Krımı geri qaytarmaq üçün Ukrayna prezidentinə söz verib. bu barədə Ukrayna mediası prezident Vladimir Zelenskiyə istinadən məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, BMT Baş Assambleyası gedişində ABŞ və Ukrayna prezidentləri arasında görüş keçirilib. Bu görüşdə Tramp Vladimir Zelenskiyə Krıma qayıdışda kömək etmək vədi verib. Zelenski isə Krımın Ukraynaya geri dönəcəyi halda Trampı ora dəvət edəcəyini əlavə edib.

Qeyd edək ki, Krım yarımadası 2014-cü ildə Ukraynada inqilabdan sonra Rusiya tərəfindən ilhaq olunub. Rusiya yarımadanın nəzarətini Moskvaya yaxın qruplar vasitəsilə ələ keçirib, Ukrayna hökumət qüvvələri yarımadadan çıxarılıb. 2014-cü il martın 16-da Krımda referendum keçirilib və ərazi Rusiyaya birləşdirilib.

Ancaq Ukrayna hakimiyyəti bununla barışmayıb. Rəsmi Kiyev beynəlxalq platformalarda Krımın geri qaytarılması üçün cəhdlərini davam etdirir. ABŞ və Avropa Birliyi kimi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar Krımı Ukrayna ərazisi kimi tanıyır. Eyni zamanda Vaşinqton Krımın Ukraynaya qaytarılması üçün Moskvaya təzyiq edir, bir sıra sanksiyalar tətbiq edib. Ancaq Rusiya rəhbərliyi Krımın tarixi baxımdan Rusiyaya məxsus olduğunu iddia edir və geri qaytarmaqdan imtina edir.

Həm əvvəlki Ukrayna prezidenti Pyotr Poroşenko, həm də hazırkı prezident Zelenski Krımın qaytarılmasını prioritet elan edib. Zelenski seçkiqabağı vədlərində bildirib ki, prezident kimi əsas hədəfi Krımın qaytarılması olacaq. Ancaq Zelenski həm də Rusiya ilə danışıqların tərəfdarı kimi çıxış edir. Trampın Krım vədinin reallaşmasına gəlincə, indi ekspertlər buna ciddi şübhə ilə yanaşır.

“Yeni Müsavat”a açıqlama verən politoloq Elxan Şahinoğlu hazırkı dövrdə bunun reallaşmasının çox çətin olduğunu bildirdi. Politoloqun fikrincə, indi şərtlərdə Krımın geri qaytarılması mümkün deyil, ümumiyyətlə isə E.Şahinoğlu Rusiyanın yarımadanı rahat şəkildə geri qaytaracağına inanmır: “Krımın indiki şərtlərdə geri alınması məncə, mümkün görünmür. Rusiya hazırkı şərtlərdə Krımı heç zaman Ukraynaya verməyəcək. Hətta Rusiyada nə zamansa hakimiyyət dəyişsə belə, bu proses çətin olacaq. Çünki Krımın Ukraynaya qaytarılması xeyli mürəkkəbləşib. Trampın Zelenskiyə hansı vəd verməsindən asılı olmayaraq, bu vədin reallaşması problematikdir. Amerika Rusiyaya necə təzyiq edib onu Krımı verməyə məcbur edəcək? Bu, çox çətin məsələdir, Tramp Zelenskiyə vəd verə bilər, amma yerinə yetirə bilməz. Əksinə, ABŞ prezidenti Zelenski ilə görüşdə dedi ki, gedin, Putinlə dil tapın. Yəni Krım mövzusu Ukrayna üçün ən qəliz məsələyə çevrilib. Yenə də Donbasın geri qayıtması mümkündür, Rusiya Donbasa geniş muxtariyyət verilməsi ilə razılaşar, amma Rusiya hakimiyyətinin Krımı geri qaytaracağına mən, açığı, inanmıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.