Əli Kərimli Elçibəyin kürəkənini “vurdu”
2-10-2019, 17:33

Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin kürəkəni, Türkiyədə yaşayan Aqil Səmədbəyli Milli Şuranın mitinq qərarını tənqid etdiyi üçün AXCP-çilər tərəfindən ağır ittihamlara məruz qaldığını bildirib.
Axar.az xəbər verir ki, A.Səmədbəyli bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
O bildirib ki, Feysbukda AXCP sədri Əli Kərimlinin tərəfdarları onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan vəzifə almaqda, ədalətsizliyə susmaqda və Qarabağla bağlı çıxışlar etməməkdə günahlandırıb.
A.Səmədbəyli vurğulayıb ki, Əli Kərimlinin “troll ordusu”nun bəzi nümayəndələri hətta daha irəli gedərək, onu təhqir ediblər.
O, həmin rəyləri sosial şəbəkə hesabında paylaşıb və yalnız “AXCP sədrinin Feysbuk ordusunun kiçicik bir ironik yazıma münasibəti. Bu yazılanları məni tanımayanların vicdanına həvalə edirəm”, - qeydi ilə kifayətlənib.
Qeyd edək ki, Aqil Səmədbəyli bu günə qədər Türkiyədə elə də yüksək vəzifədə çalışmayıb və Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə sıx əlaqələri lap əvvəldən mövcuddur.