Deputatlar yeni qanunlar qəbul edib dağılışdılar

4-12-2019, 08:50           
Deputatlar yeni qanunlar qəbul edib dağılışdılar
Dekabrın 3-də plenar iclasda 15 məsələyə baxıldı, parlament ayın 27-də də toplaşacaq
Dekabrın 3-də Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun rəhbərliyi ilə keçirildi. 101 deputatın iştirak etdiyi iclasın gündəliyində 15 məsələ var idi.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə (3-cü oxunuş) məlumat verdi.

Spiker qanun layihəsinin ötən oxunuşlarda geniş müzakirə olunduğunu dedi və səsvermə ilə sənəd qəbul olundu.

“İcbari sığortalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə" 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli qanunlarınin ləğv edilməsi barədə qanun layihəsi haqqında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi.

Deputat Aqiyə Naxçıvanlı isə Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (üçüncü oxunuş) məlumat verdi və qanun layihəsi təsdiqləndi.

İclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) məsələyə də baxıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatından sonra layihə qəbul olundu.

Plenar iclasda “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Qanuna edilən əlavə ilə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasda çıxış edərək bildirdi ki, hazırda diaspor sahəsində yeni siyasət həyata keçirilir. Əli Hüseynli qeyd etdi ki, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti yaranıb: “Ölkəmizdə diaspor fəaliyyətinə çox böyük əhəmiyyət verilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildən başlayaraq, bütün xarici səfərlərində diaspor nümayəndələrimizlə görüşürdü. Bu, bizim xarici siyasətimizin ayrılmaz tərkib hissəsi idi. Sonrakı mərhələdə prezident İlham Əliyev də daimi olaraq xaricdə yaşayan soydaşlarımıza xüsusi diqqət göstərib. Hazırda bizim diaspor sahəsində keyfiyyətcə yeni siyasət həyata keçirilir. Azərbaycanın dünyada artan nüfuzu bu sahəyə xüsusi diqqət göstərilməsini tələb edir. Bu illər ərzində diaspor fəaliyyətində aktiv olan soydaşlarımız bir sıra orden və medallarla təltif olunublar. Bu baxımdan xüsusi bir medalın - ”Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis olunması çox əhəmiyyətli addımdır. Həm birinci, həm də ikinci oxunuşda həmkarlarımız da bu məsələni dəstəkləyib. Düşünürəm ki, üçüncü oxunuşla bağlı başqa bir problem yoxdur. Səsə qoyulmasını xahiş edirəm. Bu qanunun qəbul edilməsi orden və medallarımızın siyahısına şərəfli töhfəsini vermiş olacaq".

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da layihə haqda müsbət fikirlərini söylədi. R.Hüseynov Diaspora Komitəsinin son illər apardığı fəaliyyəti yüksək qiymətləndirdi: “Son bir ildə komitə xaricdə yaşayan 11 mindən artıq soydaşımızla əlaqə yaradıb”.

R.Hüseynov bir anons da etdi: “"Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspora təmsilçiləri belə qanunu çoxdan gözləyir. Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək. Yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz bu olacaq. Mən bunu ürəkdən təqdir edirəm".

Sənəd III oxunuşda qəbul edildi.

İclasda Ailə Məcəlləsinə övladlığa götürmə ilə bağlı təklif edilən dəyişiklik üçüncü oxunuşda qəbul edildi. Dəyişiklik Ailə Məcəlləsində övladlığa götürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığa götürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsini nəzərdə tutub.

Deputatlar yekdilliklə qanun layihəsini təsdiq etdilər.

İclasda “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarıldı. Layihənin qeyd hissəsində bildirilir ki, “Tibbi sığorta haqqında” Qanunda “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilib. “Tibbi sığorta haqqında” Qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulub.

Layihə səsverməyə çıxarılaraq qəbul edildi.

Digər texniki xarakterli məsələlər də təsdiqlənəndən sonra spiker Oqtay Əsədov iclası yekunlaşdırdı. Bundan sonra hazırkı tərkibin toplaşıb-toplaşmayacağı barədə isə rəsmi açıqlama verilmədi. Bəzi deputatlar bu məsələnin prezidentin verəcəyi qərardan asılı olduğunu bildirdilər.

Lakin o da qeyd olundu ki, deputatlara fərdi qaydada dekabrın 27-də Milli Məclisin daha bir iclasının keçiriləcəyi deyilib. Məlumata görə, iclasda Milli Məclis adından Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı müraciət qəbul olunacaq. Ancaq istənilən halda növbədənkənar seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin qərarını və Prezident sərəncamını gözləmək lazım gəlir.

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.