Ərdoğanın Putinlə telefon danışığı, Bakıya səfəri və Qarabağ problemi.....
21-02-2020, 17:34

Teref.az:Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın Bakıya planlaşdırdığı səfər Ankara ilə Moskva arasındakı münasibətlərin yenidən gərginləşməsi dövrünə təsadüf edir. Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bir neçə saatdan sonra telefonla danışmalıdır. Ərdoğan həmkarıyla növbəti telefon danışığından da optimist deyil. Türkiyə İdlibi qorumaq üçün bölgədə hərbi gücünü artırır. Bu da Kremlin narazılığına səbəb olur. İki dövlət arasında davam edən gərginlik orduların toqquşma risqinı artırır.
Ərdoğanın belə bir ərəfədə Bakıya səfəri Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq üçün yeni imkanlar açır. Əlbəttə, biz Türkiyə ilə Rusiya arasında gərginliyin tərəfdarı deyilik, ancaq müttəfiqimizlə hərbi işbirliyini gücləndirə bilərik.
Rusiya Ermənistanla strateji müttəfiqliyini gizlətmir, işğalçı ölkəyə istədiyi qədər hərbi texnika və müasir qırıcı təyyarələr daşıyır. Azərbaycanın da Türkiyə ilə eyni əsnada hərbi əməkdaşlığını inkişaf etdirməsi vacibdir. Əlbəttə, bu Kremlin xoşuna gəlməyəcək. Ancaq bu bizim problem deyil, əsas dərdimiz işğala son qoymaqdır və bu siyasətə nə xidmət edirsə, ona üstünlük verməliyik. Bundan sonra 25 il də keçsə Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana “mərhələli həll” planını qəbul etdirməyəcək. Bunu bilərək fərqli qərarlara üstünlük verməliyik.
Türkiyə Suriyada müharibənin qızğın çağında – 2015-ci ilin noyabr ayında Rusiyanın hərbi təyyarəsini vurdu. Moskva ilə Ankara arasında münasibətlər anidən gərginləşdi. 2016-cı ilin aprel ayında Azərbaycanla Ermənistan arasında 4 günlük savaş başladıqda Kremlə yaxın eskpertlər bunda Türkiyə izi axtarmağa başladılar, Yəni həmin ekspertlərin fikrincə, guya Türkiyə Rusiyaya Cənubi Qafqazda problem yaratmaq üçün Azərbaycan ordusunun hücuma keçməsini təşviq edib. Absurd yanaşma idi. Bəllidir ki, Azərbaycan ordusu erməni təxribatına cavab olaraq əks-hücuma keçmişdi. İndi Ərdoğan Putinlə İdliblə bağlı razılaşma əldə etməsə və Ərdoğanın Bakı səfəri tamalandıqdan sonra cəbhə bölgəsində gərginlik olarsa, şübhə etmirəm ki, Kremlə yaxın ekspertlər yenə də bunu Ankaranın ayağına yazacaqlar. Ancaq kaş elə Kremlə yaxın ekspertlərin dediyi kimi olardı, İdlibin qorunmasının milli təhlükəsizliyinin başlıca elementinə çevirən Ankara Azərbaycan torpaqlarının işğaldan azad etmək üçün də Bakı ilə ortaq plan hazırlayardı.
Elxan Şahinoğlu