Putinin qəribə Ukrayna yanaşması - ANALİZ
22-02-2020, 09:52

Rusiya prezidenti Vladimir Putin Qərbdə Ukraynanın Rusiyadan uzaqlaşdırmasında maraqlı olan qüvvələrin məqsədini belə izah edib: “Mümkün Rusiya-Ukrayna birliyi dünyada böyük siyasi və iqtisadi gücə çevrilə bilərdi, bu isə Qərbdəki bəlli dairələrin maraqlarına cavab vermir”.
Qəribə yanaşmadır. Çünki, Rusiya-Ukraya birliyinin formalaşması imkanlarının üzərindən elə Putinin özü yekə xətt çəkdi. Putin Ukraynada hakimiyyət dəyişikliyinin qanunsuz olduğunu bəhanə gətirərək 2014-cü ildə Krımı işlağ etdi, Ukraynanın şərqində separatçı bölgə yaradaraq onları silahlandırdı. Kreml sahibinə elə gəlir ki, bir gün gələcək və Ukrayna Krımın işğalını həzm edərək Rusiya ilə yenidən dostlaşacaq, müttəfiqinə çevriləcək. Ukraynada hakimiyyətə kim gəlirsə gəlsin Krımın işğalı üzərindən Putinin birlik ideyasına dəstək verməyəcək. Dünyada qonşusunun ona qarşı işğalını qəbul edib həmin dövlətlə dostlaşma nümunəsi yoxdur, ola da bilməz. Bunu heç bir dövlət özünə sığışdırmaz. Əlbəttə, Kiyevdə ruspərəstlər az deyil, ancaq onlar belə Ukrayna dövlətçiliyinə xəyanət etməzlər.
Putinin Ukrayna ilə yenidən barışmaq və qardaşlaşmaq istəyinin səbəbi bəllidir. Ukrayna uzun yüzilliklər boyu Rusiya imperiyasının və sonrakı mərhələdə SSRİ-nin gücünə güc qatıb. Ukraynasız Rusiya böyük görünmür. Putin bu gücün yenidən yerində oturdulmasını istəyir. Ancaq bunu Krımın ilhaqından öncə düşünmək lazım idi. Nə Rusiya Krımı geri qaytaracaq, nə də Ukrayna Krımın işğalına göz yumub Rusiyanın vassalına çevriləcək. Bunu Ukrayna prezidenti Vladimir Zelenskinin sözləri də sübut edir: “Əlbəttə biz Moskva ilə dialoqu davam etdirəcəyik. Ancaq bizi elə yaraladılar ki, sağalması mümkün deyil”.
Elxan Şahinoğlu