İşğalın və inqilabın vurduğu Ermənistanda koronavirus şoku

17-03-2020, 09:06           
İşğalın və inqilabın vurduğu Ermənistanda koronavirus şoku
Ölkə aclığın və virusun çəngində - hökumətə ittihamlar artır; illərdir blokadadan əziyyət çəkən düşmən ölkədə dolanışıq kritik həddə yaxınlaşır; erməni deputat: “Hər gün ölkənin ac vətəndaşlarından 800 min məktub alırıq...”
“Covid-19" adı verilmiş koronavirus getdikcə daha çox ölkəni çənginə almaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə infeksiyanın pandemiya xarakteri aldığını bəyan edib. Bu isə o deməkdir ki, virusun yayılma arealı genişlənə bilər.

Hazırda ölkələr virusun qəfildən yaratdığı problemlərdən qurtulmaq üçün ÜST-in tövsiyələri də daxil, müxtəlif ön tədbirlər görür: iqtisadi ziyan hesabına olsa da sərhədlər bağlanır, təhsil müəssisələri qapadılır, kütləri tədbirlər ləğv edilir, əhalinin maarifləndirilməsi üçün intensiv işlər aparılır. Aydındır ki, inkişaf etmiş və zəngin dövlətlərin “Covid-19" bəlası ilə daha effektli mübarizə aparmaq imkanları var. İşğalçı Ermənistan kimi onsuz da blokada rejimində olan və iqtisadiyyatı böhran keçirən ölkələr isə onun altını ikiqat çox çəkəcək.

Məlumdur ki, Ermənistanın üçün “nəfəslik” rolu oynayan İranla sərhəd bir müddətdir məcburən bağlanıb. Rusiya və xaricə aləmə yeganə quru yolu sayılan Gürcüstan marşrutu da bugünlərdə qapadıldı. Bütün bunlar isə idxaldan güclü şəkildə asılı olan Ermənistana başqa ölkələrlə müqayisədə daha ciddi ərzaq qıtlığı, bahalaşma, bu fonda isə güclü sosial təlatümlər vəd edir. Başqa sözlə, düşmən ölkədə koronavirusun fəsadları qat-qat dağıdıcı xarakter ala bilər. Söhbət həm də siyasi fəsadlardan gedir.

Məsələ ondadır ki, Ermənistanda sosial-iqtisadi durum koronavirus gəlməzdən öncə onsuz da ağır idi. Fakt budur ki, mayın 8-də iki ili tamamlanacaq “məxməri inqilab” erməni xalqını ağ günə çıxara bilməyib. Baş nazir Nikol Paşinyanın “iqtisadi möcüzə” ilə bağlı verdiyi vədlər, digər vədlər elə quru vəd olaraq qalıb. Güman ki, hökumət bu fiaskonu indi də koronavirus bəhanəsi ilə pərdələməyə çalışacaq...

*****

“Məxməri inqilabdan keçən iki ildə erməni cəmiyyəti hələ də hər hansı miqyaslı sosial proqramın şahidi olmayıb. Hansı proqramlar ki, ermənilərin başını dik tutmasına gətirməli idi. Amma erməni cəmiyyəti boynubükük gəzir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Ermənistan parlamentinin deputatı Tiqran Uruxanyan yerli telekanala açıqlamasında söyləyib.

“Mənim belə proqramın mövcud olması haqda xəbərim yoxdur. Ölkədə yoxsulluğun qarşısı alınmalıdır. Hökumət bu istiqamətdə işləməlidir. Məhz onlar bütün bunlara görə cavabdehdir. Sizin Ermənistanda yoxsulluğun səviyyəsini xarakterizə edən son rəqəmlərdən xəbəriniz varmı? Biz hər gün ölkənin ac vətəndaşlarından 800 min məktub və ərizə alırıq”, - deyə o qeyd edib.

Ermənistanda nəşr olunan “Past” qəzeti isə yazır ki, hakimiyyət dünyadakı maliyyə-iqtisadi böhran şəraitində fəaliyyət göstərməyə hazır deyil. Ölkədəki sosial-iqtisadi durumun təhlil olunduğu məqalədə bildirilir ki, mövcud iqtisadi böhran 2008-ci ildəkindən də ağır ola bilər.

“Avropa Mərkəzi Bankı Avropa ölkələrinə iqtisadi fəaliyyət üçün 25 milyard avro ayırıb. Ancaq Ermənistandakı vəziyyət hələlik məlum deyil. Mütəxəssislər bildiriblər ki, yaranmış vəziyyətdən minimum itki ilə çıxmaq üçün reallığı, dövlətin malik olduğu ehtiyatları, hakimiyyətin böhrana qarşı hazırlığını dəyərləndirmək lazımdır” - məqalədə bildirilir. Məlumata görə, mütəxəssislər vəziyyətin müzakirə edilməsinə ehtiyac yarandığını bildiriblər.

*****

Bu arada hökumət həm də koronavirusla bağlı vaxtında effektiv tədbirlər görməməkdə suçlanmağa başlanıb. İttihamlara görə, məhz səhlənkarlıq səbəbindən virus ölkədə sürətlə yayılmağa başlayıb (dünənə olan məlumata görə, yoluxanların sayı 30-u keçib).

“Bir neçə həftə əvvəl hökumət koronavirusun adi qrip olmadığını deyənləri təşviş yaymaqda ittiham edirdi”.

Bu sözləri Adekvad Partiyasının liderlərindən biri Artur Daniyelyan deyib (Axar.az). “Gecə dolların qiyməti 497 drama qədər yüksəlib. Bir neçə günə onun hansı səviyyəyə qalxacağını heç kim bilmir. Təcili olaraq fövqəladə vəziyyət tətbiq edilməli və ilk növbədə maliyyə bazarı dondurulmalıdır”, - deyə o bildirib.

Yeri gəlmişkən, yazı hazırlanarkən Ermənistan hökuməti koronavirusla əlaqədar bütün ölkə ərazisində ilkin olaraq, bir aylıq fövqəladə vəziyyətin tətbiqi üçün parlamentə müraciət etməyə hazırlaşırdı. Bu barədə baş nazir Nikol Paşinyan məlumat verib. Hökumətin qərarından sonra məsələnin Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirəsi gözlənilirdi.

“Hökumət fövqəladə vəziyyət barədə daha öncə qərar verməli idi”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə dünən “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Naira Zoqrabyan News.am-a deyib.

“Hələ İranda ilk yoluxma halı qeydə alınanda bizdə daha ciddi profilaktik tədbirlər görülməli idi. Məmurlar koronavirusla bağlı oyunbazlıq etməməli, əksinə, real addımlar atmalı idilər: apteklər zəruri vasitələrlə təmin edilməli, əhali arasında aydın izahat işləri aparmalı, virusun yayılmasında ən təhlükəli sayılan kütləvi toplanışlar ləğv olunmalı idi”, - deyə deputat hökuməti əhalinin taleyinə biganə yanaşmaqda ittiham edib.

*****

Belə görünür ki, bu ittihamların sayı və ağırlığı getdikcə artacaq. Ona görə ki, işğalın və inqilabın vurduğu Ermənistanda koronavirus şoku sosial-iqtisadi durumu labüd olaraq, daha kritik həddə gətirəcək...

“Yeni Müsavat”ın analitik xidməti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.