"Prezident tərəfindən verilən mesajları nəzərə almayanlar bilsin ki..." - Politoloq

2-05-2020, 10:37           
"Prezident tərəfindən verilən mesajları nəzərə almayanlar bilsin ki..." - Politoloq
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanı bürüyən COVİD-19 pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirə salınmaz qərarlar ölkəmizin bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır. Ancaq təəssüf ki, aparılan sosial, iqtisadi, hüquqi, siyasi islahatlara hələ də uyğunlaşa bilməyən bir sıra dövlət məmurları da var.

Bunu Teleqraf.com-a açıqlamalasında DTX-nın Biləsuvarda həyata keçirdiyi əməliyyata münasibət bildirən politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, ölkə başçısı tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına ciddi şəkildə xəbərdarlıq edilib:

"O cümlədən, vətəndaşlara münasibətdə səmimi olmaları, özlərini təkəbbürlü aparmamaları, rüşvət və korrupasiya hallarına yol verməmələri ilə bağlı dəfələrlə çox sərt şəkildə xəbərdarlıq edilib. Lakin təəssüf ki, bəzi məmurlar hələ də bu xəbərdarlıqlardan nəticə çıxarmırlar. Ötən 5 ay ərzində prezident İlham Əliyevin sərt çıxışları fonunda Ağstafa, Yevlax, Neftçala, Biləsuvar rayon İcra Hakimiyyətlərinin başçıları həbs olunub, 2 icra başçısına isə töhmət verilib.

Bütün bunlar onu göstərir ki, bəzi məmurlar öz işlərini ölkədə gedən yeniliyin, inkişafın məntiqinə uyğun qura bilmir, ya da qurmaq istəmirlər. Yenə köhnə metodlarla işləməklə öz səlahiyyətlərindən sui-istifadə edir, ciddi qanun pozuntularına yol verirlər. Korrupsiya, rüşvətxorluq belə insanların həyat tərzinə çevrilib və nəticə də bəllidir. Bu kimi hallar başa düşülən və bağışlanan deyil. Prezident tərəfindən verilən mesajları nəzərə almayanlar ciddi formada cəzalanır və onların yolu ilə gedənlər də, bundan sonra öz cavablarını alacaqlar".

Yusif Bağırzadə hesab edir ki, gerçəkləşən həbslər, məmurların qanuna zidd hərəkətlərinə qarşı atılan addımlar, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakterli tədbirlər deyil:

"Korrupsiya və rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsinə qarşı həyata keçirilən tədbirlər təkcə icra başçılarına aid deyil, digər bütün vəzifəli şəxslərə də verilmiş bir mesajdır. Əminliklə söyləmək olar ki, bundan sonra da, xüsusən də yeni baş prokurorun təyin edilməsi ilə tez-tez bu tip əməliyyatların şahidi olacağıq. Yeni baş prokurorun bundan öncə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini tutması da korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürü kimi xarakterizə edilə bilər".

Politoloqun fikrincə, Azərbaycan parlamenti tarixində növbəti bir ilk yaşandı:

"Azərbaycan Respublikasında İcra Hakimiyyəti ilə Qanunvericilik Hakimiyyəti arasında əlaqə məhz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirildi ki, bu da ölkədə aparılan siyasi islahatların dərinləşməsinə və yeni siyasi konfiqurasiyanın formalaşmasına dəlalət edir.

Əminliklə söyləmək olar ki, aparılan islahatlar hakimiyyətin effektliyini daha da artıracaq ki, bu da öz növbəsində xalqın hakimiyyətə olan inamının daha da dərinləşməsinə gətirib çıxaracaq. Hakimiyyətin effektivliyi və xalqın etimadı isə uğurlu gələcək üçün çox vacib şərtdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.