İSRAİL SƏHİYYƏ NAZİRİNİN “İSTEFA OYUNU” və PƏRDƏARXASI SƏBƏBLƏR: Netanyahu Litzmana istədiyi postu verəcəkmi?

3-05-2020, 00:00           
İSRAİL SƏHİYYƏ NAZİRİNİN “İSTEFA OYUNU” və PƏRDƏARXASI SƏBƏBLƏR:
Rafael Sadi

“Odatv.com”, Türkiyə, 29 aprel 2020-ci il



İsrailin Səhiyyə naziri Yaakov Litzman istefa verib. İsrailli nazirin xarici görünüşü və Məsih mövzusundakı fikirləri nazirliyin öz işlərindən daha çox müzakirə mövzusuna çevrilmişdi – ta ki, bir neçə həftə öncəyə qədər.

Bu istefanın pərdəarxasını anlada bilmək üçün İsrail demokratiyasını və “Din dövlətindəki dünyəvilik” mövzusunda bəzi incə detalları açıqlamalıyam.

İsrail ilə Türkiyə istər ölkə, istər problemlər, istərsə də siyasət baxımından hər nə qədər bənzər ölkələr olsalar da, bir o qədər də fərqlilikləri var.

İsraili qiymətləndirərkən, Türkiyə dəyərlərindən fərqli olan mövzularda bu fərqlilikləri bilərək qiymətləndirməkdə xeyir var. Məsələn, Türkiyə nə qədər dünyəvi dövlət hesab olunsa da, İsrail dünyəvi dövlət deyil.

Ancaq bir çox ölkədən artıq, hətta Türkiyədən daha dünyəvi bir yanaşması var. İnanc azadlığı “dünyəvilik” anlayışının məzmununa daxildir. Bu azadlıq isə İsraildə məhdud deyil. Bütün dinlərə mənsub insanları, hətta bir dini olmayanları belə, inanmaq, yaxud da inanmamaq azadlığına sahibdirlər. Bu yola niyə inanıb-inanmayacağınızı isə heç kəs sorğulaya bilməz. Bunu sorğulamaq cürətini özündə görənlər isə qanun qarşısında cavab verməli olurlar.

Buna qarşılıq, dünyəvi hesab olunan Türkiyədə din və dövlət işlərinin bir-birinə qarışdırılmaması prinsipi son 20 ili, hətta bundan bir az da çox müddəti əhatə edərkən, İsraildə din və dövlət işləri iç-içədir. Yəni bir çox yaşayış sistemi dini qaydalar çərçivəsində fəaliyyət göstərir. Evlilik, doğuş, sünnət, Bar Mitzva, Bat Mitzva (oğlanların yetişkinlik yaşına çatma və qızların gənc qız olma mərasimləri), hərbiçilik və ölüm qaydaları da dini sistem çərçivəsindədir. Şənbə günü ictimai nəqliyyat vasitələrinin işləmədiyi İsraildə bu mövzuda bir çox mübahisələr yaranıb. Bəzi bələdiyyələr öz şəhərlərində bu qadağanı artıq ləğv ediblər.

Heç kim bu vəziyyəti dəyişdirmək iqtidarında deyil. Çünki İsrail dövlətinin qurulmasında Müəssislər Məclisi və bu məclisin rəhbərliyindəki David Ben Gurion komitənin əvvəlində ölkənin dini bir dövlət olduğunu və yəhudi İsrail dövlətinin gələcəyini, demoqrafik vəziyyətini qorumaq üçün dini partiyaların ortaq olduqlarını bəyan edib. Bu hal İsrailin “Quruluş Bəyannaməsi”ndə də keçir.

Buna baxmayaraq, İsrail bir çox demokratik ölkələrdən daha demokratik olan və azlıqlara bir çox azadlıq verən ölkələrdən biridir. Fələstinlilərə qarşı ayrı-seçkilik xəbərlərini bir abzas keçin. Reallıqda burada hər kəs bərabər şəkildə həyat sürür.

Ölkənin Səhiyyə naziri hal belə ikən 10 ildir ki, bu kabinetdə oturmuşdu. Bir neçə il Səhiyyə nazirinin müavini və nazir vəzifələrini icra etmişdi. Nazir İsrail dövlətinin ən sıxıntılı səhiyyə böhranını idarə edərkən, manşet olan iki önəmli xəbər yayılmağa başladı.

“Məsih gələcək və bütün bu problemlər bitəcək” ifadəsi

Düzdür, bu adam bunları söylədi. Elə isə bunu deməklə nə oldu? Nazirin inancına görə, Məsih gələcək və hər şey düzələcək. Bu, yəhudilərin dini kitabı sayılan “Tövrat”da da qeyd olunur. Bunu demək, axı niyə yanlış olsun ki? Özü bu şəkildə inanırsa, əslində, deməməsi absur olardı. Bir nazirin Türkiyədə “Allahın əmri və izni ilə bu işin öhdəsindən gələcəyik” deməsi absurd fikir sayıla bilərmi? Ancaq bir Səhiyyə naziri ağ saqqalı və dini libasları ilə bu ifadələri işlətdikdə, manşet xəbərə çevrilir. Din və bəzi dindar şəxslər belə xəbərləri istədiyi kimi şərh edə bilir. Əlbəttə, demokratiya şəraitində bu da mümkündür.

İctimaiyyət içərisində dua etməsi səs-küyə səbəb olub

Nazir Litzman evinin yaxınlığındakı sinaqoqa getdi və Korona günlərinin əvvəlində toplaşmaq, sosial məsafənin qadağan olunmasına baxmayaraq, camaatla birlikdə dua etdi. Bu da bəzi maraqlı dairələrdə səs-küyə səbəb oldu. Əlbəttə, insanın dindar olması yanlış bir şey deyil, ancaq öz cəmiyyətinə və icmasına “pis nümunə olması” elə də müsbət hal sayıla bilməz. Bu pis nümunənin nəticəsi olaraq, ölkənin bəzi dindar bölgələrində insanlar sosial izolyasiya qanunlarını pozaraq küçələrə axışdılar.

Nazir Litzman uzun müddət idi ki, rəqiblər və müxalifət partiyaları tərəfindən tənqid olunur və bir sıra ittihamlara məruz qalırdı. Ancaq çox səbrli idi və düşünürəm ki, ağıllı bir taktika ilə Likud Partiyasının “Mavi və Bəyaz” İttifaqı ilə müqavilə bağlamasını gözlədi. Səhiyyə Nazirliyinin “Likud” cəbhəsində qalacağından əmin olduqdan sonra Baş nazir Netanyahuya şənbə gününə bir gün qalmış nazir vəzifəsindən istefa verdiyini bildirdi. Səhiyyə Nazirliyi yerinə ona İctimai İşlər Nazirliyinin həvalə olunmasını istədi.

Hələ bu məsələ təsdiqlənməyib, amma, əlbəttə ki, bir sövdələşmə olacaq.

Səhiyyə Nazirliyinə talib olmaq istəyənlərin sayı çoxdur. “Mavi və Bəyaz” ittifaqı bu nazirliyin özlərinə verilməsini tələb etdilər. Ancaq bunu da əlavə etdilər ki, nazirliyin onlara həvalə edilməsi ilə Xarici İşlər Nazirliyi onların əlindən alınmayacaq. Deməli, iki nazirliyi birdən ala bilməyəcəklərini də yaxşı bilirlər.

Yaakov Litzmanın ortağı sayılan Moşe Gafni də Səhiyyə Nazirliyi postuna maraq göstərdiyini və buna haqqı çatdığını iddia edir. Ancaq ortada belə bir məsələ də var ki, əgər Səhiyyə Nazirliyi Gafniyə verilsə, Litzman İctimai İşlər naziri ola bilməyəcək. Başqa sözlə, bu iki ortaq öncəliklə öz aralarında razılığıa gəlməlidirlər ki, kimin hansı postu tuta biləcəyi və ya tuta bilməyəcəyi bəlli olsun.

Əlbəttə, hələ bağlanmamış bir sıra sövdələşmələr də var. Ölkənin Müdafiə naziri Naftali Bennetin kabineti Benni Qantza təqdim edilir, nazirin özü isə kabinədən xaric olunmuş kimi görsənir. Netanyahunun nə düşündüyü və hansı fikirdə olması isə hələ ki, heç kimə məlum deyil. Hər zaman olduğu kimi.

Səbrlə gözləyək, görək, hələ nələr baş verəcək?

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.