“İcra başçılarının həbsi ilə başlayan “dalğa” Bakıya doğru gələcək”
9-05-2020, 11:02

Qubad İbadoğlu: “Vilyam Hacıyevin varidatı ən azından 10 milyonlarla dollarla ölçülə bilər, bu da büdcə üçün əlavə maliyyə qaynağıdır”
Aslan İsmayılov: “Aylıq rəsmi maaşı 1045 manat olan icra başçısı ancaq evində tapılan pulları qazanmaq üçün 5120 il yemədən-içmədən işləməli idi”
Natiq Cəfərli: “Bunlar onu deməyə əsas verir ki, gələcəkdə bunabənzər başqa proseslərin, daha böyük həcmli həbslərin, araşdırmaların olması ehtimalı kifayət qədər ciddidir”
“Düşünürəm ki, başladılan kadr dəyişiklikləri məhkəmə sisteminə də şamil edilə bilər”
Bu gün ölkə gündəmini zəbt edən əsas mövzulardan biri də rayon icra hakimiyyəti başçılarının həbsidir. Bildiyiniz kimi, korrupsiya ilə mübarizə istiqamətində başlanılan tədbirlər çərçivəsində artıq Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev və İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev işlərində yol verdikləri çoxsaylı nöqsanlara, qanun pozuntularına, vətəndaşlar tərəfindən müvafiq qurumlara edilən şikayətlərə əsasən hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib.
“Əgər evdə xarici valyutada bu qədər vəsait nağd şəkildə gizlədilibsə, heç şübhəsiz ki, xarici və yerli banklarda yerləşdirilən vəsait nağd vəsaitdən dəfələrlə çoxdur”
Onu da nəzərinizə çatdıraq ki, əməliyyat tədbirləri nəticəsində həbs edilən icra başçılarının evlərindən, iş otaqlarından külli miqdarda vəsait aşkarlanıb. Təbii ki, bütün bunların halal maaşla əldə olunması inandırıcı və heç mümkün də deyil. Bu barədə fikirlərini bölüşən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin evindən maddi sübut kimi xarici və yerli valyutada müsadirə edilən nağd pulların həcminin nədən elan edilməməsi maraq doğuran, hazırda ən çox müzakirə olunan suallardandır. Qubad İbadoğlunun qənaətincə, əgər ictimaiyyətə təqdim olunan şəkil tapılan pulların hamısını özündə əks etdirirsə, onda hesablamalar göstərir ki, orda 2 milyon 480 min dollar, 450 min avro var: “Əgər evdə xarici valyutada bu qədər vəsait nağd şəkildə gizlədilibsə, heç şübhəsiz ki, xarici və yerli banklarda yerləşdirilən vəsait nağd vəsaitdən dəfələrlə çoxdur. Bundan əlavə, pulların ondan da çox hissəsi biznesə və əmlaka yatırılır. Bu hesabla da Vilyam Hacıyevin varidatı ən azından 10 milyonlarla dollarla ölçülə bilər. Bu da büdcə üçün əlavə maliyyə qaynağıdır. Bildiyiniz kimi, İlham Əliyev bu ilin 1-cü rübünün yekunlarına həsr olunmuş sosial iqtisadi müşavirədə hökümətə əlavə maliyyə qaynağı axtarmağı tapşırmışdı. Əslində günümüzün əsas sualı icra başçısının bu qədər vəsaiti hardan toplaması olmalıdır. İlkin ittihamlara görə, vəsaitlər rayondakı sahibkarlardan, rayona tikinti-abadlıq işlərinə görə ayrılan dövlət büdcəsi vəsaitlərindən və ödənişli ictimai işlərə görə işsizlər üçün nəzərdə tutulan sosial yardımdan və heç şübhəsiz ki, rayondakı vəzifələrin satılmasından toplanıb”. Bu cinayətlərin 16 ildir ki, İmişlidə hamının gözünün qabağında baş verdiyini deyən ADR Hərəkatının sədri hesab edir ki, proses hazırda başqa rayonlarda da davam edir: “Amma danılmaz həqiqət odur ki, bundan vəzifəsinin yüksək və aşağı, varidatının çox və az olmasına baxmayaraq, heç kim sığortalanmayıb, sadəcə zamana bağlı məsələdir”.
“Ancaq videogörüntülərdə müsadirə olunan məbləğ 2 milyon 500 min dollar və 600 min avrodur”
Tanınmış hüquqşünas Aslan İsmayılov da bildirib ki, Vilyam Hacıyevlə bağlı videoya baxıb icra başçısının evindən hansı məbləğdə pul vəsaitinin aşkarlandığını görmək olar: “Diqqətlə görüntülərə sürətini 75 faiz azaldıb baxdıqda (2-ci dəqiqənin 3-cü saniyəsində) böyük bağlamalardan birinin açıldığını və göstəriş üçün düzüldüyünü görərik. Bu görüntünün ən son kadrına baxanda stola düzülmüş xırda bağlamaların 10 ədəd olduğu görsənir. Hər bağlama 100 min dollar. Bu 100 min dollar da öz növbəsində, səliqəli şəkildə ağ rəngdə kağız lentlə bağlanıb. Qalani isə daha da sadə. Saydıqda üç böyük dollar bağlamanın ikisin hər birində (10 bağlama) 1.000.000 dollar, birində isə (5 bağlama) 500.000 dollar olduğu görünür. Yəni ümumi 2 milyon 500 min dollar. Avro əskinasları isə 12 bağlama və hər biri 50 min avro olmaqla ümumi 600 min avro. Deməli, ancaq videogörüntülərdə müsadirə olunan məbləğ 2 milyon 500 min dollar və 600 min avrodur. Bugunkü məzənnə ilə bu məbləğ təxminən, 5 milyon 350 min manat edir”. Hüquqşünas qeyd edib ki, aylıq rəsmi maaşı 1045 manat olan icra başçısı ancaq evində tapılan pulları qazanmaq üçün 5120 il yemədən-içmədən, ümumiyyətlə pul xərcləmədən işləməli idi.
“İcra başçılarının həbsinin yayınlanmasında məqsəd bunun digərlərinə dərs olmasıdır”
Beləliklə, mövzu ilə bağlı daha ətraflı məlumat almaq, başladılan həbslərin nəyə hesablandığını dəqiqləşdirmək üçün müraciət etdiyimiz Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli “Hürriyyət”ə açıqlamasında bildirdi ki, icra başçılarının həbsinin yayınlanmasında məqsəd bunun digərlərinə dərs olmasıdır: “Mənə elə gəlir ki, köhnə təyinatlı insanların yerli icra başçıları səviyyəsində yeniləri ilə əvəz olunması, yəni kadr dəyişiklikləri və bunun göstərilən şəkildə edilməsi, həbslərin olması, videoroliklərin yayılması digərlərinə də dərs olunması üçündür. Bildiyiniz kimi, Prezident Administrasiyasında, Nazirlər Kabinetində ciddi kadr dəyişiklikləri olub. Lakin təəssüf ki, bu, hələ institutsional və struktur islahatları deyil. Amma ən azından, kadr dəyişiklikləri gedir, icra hakimiyyətləri isə bundan kənarda qalmışdı. İndi icra hakimiyyətləri ilə bağlı bu prosesin getməsi onu deməyə əsas verir ki, bu sahədə də orta səviyyəli məmurların yeniləri ilə əvəz olunması, kadr dəyişiklikləri davam edə bilər”.
“Başladılan prosesin korrupsiya ilə mübarizə kimi təqdim edilməsi üçün institutsional dəyişikliklərə də ehtiyac var”
Politoloqun fikrincə, başladılan prosesin korrupsiya ilə mübarizə kimi təqdim edilməsi üçün institutsional dəyişikliklərə də ehtiyac var: “Yəni idarəetmənin fəlsəfəsi dəyişməlidir. Ümumiyyətlə, icra hakimiyyətləri institutunun gözdən düşməsi artıq heç kimə sirr deyil. Yəni bu, başqa formaya keçirilməlidir. Daha ciddi institutsional, konstitusion və qanun dəyişikliklərinə də ehtiyac var ki, həm idarəetmə dəyişsin, həm də korrupsiya ilə bağlı sistematik dəyişikliklərin olmasına ehtiyac yaransın. Bütün bunlar onu deməyə əsas verir ki, gələcəkdə də bunabənzər başqa proseslərin olması ehtimalı kifayət qədər ciddidir. Belə ki, daha böyük həcmli həbslərin, araşdırmaların olması ehtimalı var. Amma bu, institutsional, qanunvericilik və konstitusiya dəyişikliklərinə gətirməyəcəksə, o zaman effekti olmayacaq. Çünki obyektivlik naminə demək lazımdır ki, icra hakimiyyətlərinin səlahiyyət bölgüsü də tam aydın deyil, harda bitir, harda başlayır bilinmir. Onların rəsmi maaşları 800-900 manatdır. Hamıya aydındır ki, heç bir dövlət məmuru, o cümlədən bir rayona, onminlərlə insana rəhbərlik edən, böyük səlahiyyəti olan şəxs bu maaşla dolanmayacaq. Məhz bu səbəbdən də institutsional dəyişikliklərə, idarəetmənin fəlsəfəsinin dəyişməsinə də ciddi ehtiyac var”.
“Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması, mer seçkilərinin keçirilməsi daha ciddi effekt verər”
REAL-ın icra katibinin sözlərinə görə, icra başçılarının həbsi ilə başlayan “dalğa”nın Bakıya doğru gəlmək ehtimalı var: “Hətta mənim fikrimcə, konstitusion və qanunvericilik dəyişiklikləri Bakıdan başlasa daha məntiqli olar. Yəni nəhayət ki, Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması, mer seçkilərinin keçirilməsi daha ciddi effekt verər və digər bölgələr, böyük şəhərlər üçün rol model ola bilər”. Rayon icra başçılarının qeyri-qanuni yollarla mənimsədikləri milyonların taleyinə gəlincə, Natiq Cəfərli bildirdi ki, qanunvericilikdə nəzərdə tutulan yola əsasən, məhkəmə qərarı ilə dövlətə və vətəndaşlara dəyən ziyan müəyyənləşdirilir, bundan sonra isə müsadirə olunan əmlak və ya vəsait məhkəmənin qərarı ilə ziyan görən şəxslərə, qurumlara ödənilir: “Yəni qanunvericilik məhz bu cür tələb edir. Əgər başqa qanun qəbul edəcəklərsə, hər hansı bir formada bunun başqa cür yığışdırılmasını və bölüşdürülməsini qanunvericilik şəklində həll edəcəklərsə, bu, başqa məsələdir. Lakin hər bir halda məhkəmə qərarı olmalıdır. Belə ki, Azərbaycan hüquqi dövlət olmaq yolunda getmək istəyirsə, nəhayət hüquqi dövlətə çevrilmək istəyirsə, o zaman məhkəmə qərarı olmadan hər hansı bir müsadirənin aparılması mümkün deyil”. Məhkəmələrdən söz düşmüşkən, politoloq qeyd etdi ki, başladılan kadr dəyişiklikləri məhkəmə sisteminə də şamil edilə bilər: “Hələlik baş verən islahat deyil. Bu, kadr dəyişiklikləridir və bu yöndə müəyyən bəyanlar var. İslahat o vaxt olacaq ki, institutsional və konstitusion dəyişikliklər olacaq, qanunvericilik, idarəetmə forması dəyişəcək. Düşünürəm ki, başladılan kadr dəyişiklikləri məhkəmə sisteminə də şamil edilə bilər. Artıq məhkəmə sistemində müəyyən yeni şəxslərin təqdimatını və təyinatını görürük. Yəni bu proses də gedir. Amma qanunvericilik şəklində bunun institutsional dayaqlarının yaratmaq lazımdır”.
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org