“9 may 2020-ci il tarixə 9 mayın “Qələbə günü” kimi qeyd edildiyi son tarix kimi düşəcək” – XAQANİ CƏFƏRLİ

9-05-2020, 12:59           
“9 may 2020-ci il tarixə 9 mayın “Qələbə günü” kimi qeyd edildiyi son tarix kimi düşəcək” – XAQANİ CƏFƏRLİ
“Rusiyada və bütün dünyada belə rəy var ki, faşizm üzərində qələbəni 9 mayda qeyd edən ölkələr “Moskva vaxtı” ilə hərəkət edirlər”

“YAP-ın simalarından biri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdəki çıxışı zamanı deyib ki, AXC-Müsavat cütlüyü 9 Mayı bayram kimi ləğv etməklə ərazilərimizin işğalının əsasını qoydu. Faşizm üzərində qələbəni 9 mayda Rusiya ilə yanaşı, Belarus, Moldova, Qazaxıstan, Özbəkistan, Taicikistan, Türkmənistan, Ermənistan və Azərbaycan, Serbiya qeyd edir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

“Moskva ikinci dünya müharibəsinin tarixini saxtalaşdırmağa çalışdığı kimi bu məsələni siyasət mövzusu olaraq da saxlamağa çalışır”

Onun sözlərinə görə, Avropanın əksər ölkələri və ABŞ isə faşizm üzrində qələbəni mayın 8-də qeyd edirlər: “Hitler Almaniyasının qeyd-şərtsiz təslim olması (kapitulyasiyası) haqqında rəsmi xəbərlər Mərkəzi Avropa vaxtı ilə 8 may 22:43-dəqiqədə yayılıb. Bu zaman Moskvada may 9-u, saat isə 00:43 olub. Moskva heç bir önəmi olmayan bu saat fərqindən sui-istifadə edərək faşizm üzərində qələbəni mayın 9-da qeyd edilməsinə çalışaraq özünün bu qələbədəki rolunu qabartmağa çalışır. Bundan başqa, Moskva ikinci dünya müharibəsinin tarixini saxtalaşdırmağa çalışdığı kimi bu məsələni siyasət mövzusu olaraq da saxlamağa çalışır. Rusiyanın avtoritar lideri Vladimir Putinin Şimali Koreya diktatoru Kim Çen Inı “Böyük Vətən müharibəsində qələbənin 75 illiyi” medalı ilə təltif etməsi Moskvanın “9 may” və ikinci dünya müharibəsi mövzusunu siyasət elementi olaraq saxladığını təsdiq edir. Rusiyada və bütün dünyada belə rəy var ki, faşizm üzərində qələbəni 9 mayda qeyd edən ölkələr “Moskva vaxtı” ilə hərəkət edirlər. Kreml bu məsələyə xüsusilə həsaslıqla yanaşır və keçmiş müstəmləkələrinin “Moskva vaxtı”ndan kənara çıxmasına imkan verməməyə çalışır”.

“Mahiyyətcə bir-birindən çox fərqlənməyən qəhvəyi faşizm və qırmızı kommunizm arsında müttəfiqliyi sübut edən onlarla belə sənəd var və Siyavuş Novruzov istəsə onlarla tanış ola bilər”

Politoloqun fikrincə, Moskva 9 may məsələsinə həm də şüurlar üzərində mənəvi təsirini saxlamaq vasitəsi kimi baxır: “Buna görə tarixi saxlaşdırmaqla 9 mayı “Qələbə günü” kimi qabartmaqla ikinci dünya müharibəsinin başa çatdığı 2 sentyabrın önəmini azaltmağa çalışır. Yeri gəlmişkən, bütün dünya ikinci dünya müharibəsinin 2 sentyabr 1945-ci ildə başa şatdığını qəbul etsə də, aprelin 24-də Putinin imzaladığı yeni qanunla Rusiyada ikinci dünya müharibəsinin başa çatdığı tarix 3 sentybarda qeyd olunacaq. Rusiya ikinci dünya müharibəsi ilə bağlı tarixi saxtalaşdırmaqla özünün mənəvi təsir dairəsini saxlamaqla yanaşı, nə zamansa ikinci dünya müharibəsinin başlanmasına səbəb olduğuna görə üzləşə biləcəyi məsuliyyətdən yayınmağa çalışır. Məlum olduğu kimi, 1939-cu ilin 23 avqustunda nasist Almaniyası ilə SSRİ hücum etməmək haqqında müqavilə imzalayıblar. Tarixə Molotov-Ribbentrop Paktı adı ilə düşən bu anlaşmanın gizli protokoluna görə tərəflər Polşanı öz aralarında bölüşdürüblər. Gizli protokolla Polşanın şərqi ilə yanaşı, Estoniya, Litva, Latviya, Bessaribiya və Finlandiya da Sovet İttifaqının ixtiyarına buraxılıb. Bu anlaşmaya uyğun olaraq Hitler Almaniyasının orduları sentyabrın 1-də Polşaya hücum edib. Polşa nasist ordularının hücumunu dayandırmağa çalışdığı bir zamanda sovet ordusu sentyabrın 17-də Polşa ordusuna arxadan hücum edərək onun müqavimət göstərmək imkanın məhv edib. Qəhvəyi faşizm və qırmızı kommunizm arasında bu müttəfiqlik o qədər dərinə işləmişdi ki, Stalin 1939-cu ilin dekabrında Hitlerə göndərdiyi teleqramda yazırdı: “Almaniya və Sovet İttifaqı xalqlarının qanla möhürlənmiş dostluğunun uzun və qalıcı olması üçün bütün səbəbləri var” . Mahiyyətcə bir-birindən çox fərqlənməyən qəhvəyi faşizm və qırmızı kommunizm arsında müttəfiqliyi sübut edən onlarla belə sənəd var və Siyavuş Novruzov istəsə onlarla tanış ola bilər. Siyavuş Novruzovun 9 mayla bağlı can-fəşanlığı isə gercəklərin gec-tez üzə çıxmasına mane olmaq qüdrətində deyil. 9 mayın müstəsna gün kimi qeyd olunması Putinin hakimiyyətdən kənarlaşdırılması ilə eyni vaxtda başa çatacaq. Çox böyük ehtimalla, bu gün, 9 may 2020-ci il tarixə 9 mayın “Qələbə günü” kimi qeyd edildiyi son tarix kimi düşəcək. Çünki Vladimir Putinin hakimiyyətinin 2021-ci ilin mayından əvvəl başa çatacağı qənaətindəyəm”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.