İqtidarın sərt karantini uzatmasının sensasion gizlinləri - 14 iyul, səfalət və devalvasiya...

22-07-2020, 10:10           
İqtidarın sərt karantini uzatmasının sensasion gizlinləri -
14 iyulda yaşanan “məhşər gecəsi” olmasaydı, bəlkə də hökumət fərqli qərar verəcəkdi. Bu hadisələrə qədər Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejimini uzatmağa həvəsli görünmürdü.
Hökumət yaxşı dərk edirdi ki, psixoloji gərginlik artan xətt üzrə yüksəlir, anomal isti havada əhalini daha 15 gün evə qapatmaq hansı nəticələrə gətirib çxara bilər, maddi sıxıntılar, işsizlik dalana dirənib və karantin rejimini yumşaltmağa getmək lazımdır.
Anaxeber.info təhlil edir ki, 12 iyul döyüşləri və Bakıda əks-sədası, minlərlə adamın iştirak etdiyi yürüş dinamikaya səbəb olmuşdu.
Ertəsi gün siyasi ideoloqlar dərhal izdihamın karantin qaydalarını pozması və yoluxmanın artmasına səbəb olacağı mülahizələrini tirajlamağa başladılar. Yəni, qürurverici hadisədir, amma çoxu maska taxmayıb, sosial məsafənin gözlənməsindən söhbət gedə bilməz və s.
Bu siyasi kursda verilən açıqlamalar, həkim rəyləri artıq ehtimal doğururdu ki, hökumət cəmiyyətdəki aktivlikdən həyəcanlanıb və sərt karantin rejimini uzatmaq labüddür.
Baxmayaraq ki, hakimiyyət karantin rejimi ucbatından minlərlə vətəndaşın işsiz qaldığını, borca düşdüyünü yaxşı başa düşürdü.
Eyni zamanda “ehtiyat igidin yaraşığıdır” deyiminə uyğun olaraq, ağır sosial şəraitin uzadılmasını siyasi kataklizmdən üstün tutdu.
Çünki Milli Məclis qarşısında baş verənlər, kənar qüvvələrin təxribatçı cəhdləri iqtidara bir eksperiment oldu ki, tədbirlər görsün. Xeyr, söhbət heç də narazı elektoratın və yaxud müxalifətin hakimiyyətə qarşı siyasi şüarlar səsləndirə biləcəyi, kütləvi mitinqlər olacağı narahatlığı deyildi.
İqtidarın opponentlərindən onun üçün daha təhlükəli olan qüvvələr indi fəallaşıb və həm şimaldan, həm cənubdan, həm təxmin edə bilmədiyimiz cinahlardan dövlətə qarşı provokativ planları olan güclər var. Onlar çaşqınlıq, iğtişaş və xaos yaratmaq üçün bundan yaxşı fürsət əldə edə bilməzdi: cəbhədə döyüşlər, cəmiyyətdə isə bir yandan düşməndən qisas almaq tələbi ilə yürüş, bir tərəfdən də koronavirusun yaratdığı sosial-psixoloji-maddi gərginlik...
Yəni, iyulun 20-dən 5 avqustadək hökumətin nəzərdə tutmadığı sərt karantin rejiminin uzadılmasının siyasi leytmotivi, xronologiyası bundan ibarətdir.
Anaxeber.info yazır ki, bu siyasi faktorlar heç də hökuməti tənqidlərdən azad etmir və karantinlə bağlı gedişata daha uzaqdan baxmaq lazımdır.
Əvvəla, apreldə tətbiq edilən sərt karantin rejiminin mayda tamamilə yumşaldılması kökündən yanlış yanaşma idi. Nəticə göz önünə sərilib.
İkincisi, Tovuz istiqamətindəki döyüşlər son bir həftənin hadisələridir və ondan qabaqkı karantin qərarlarına nə demək lazımdır?!
Yəni, İsveç praktikasına getməyən Operativ Qərargahın qarşısında iki seçim varıydı: hamı yoluxur, amma sosial-iqtisadi vəziyyət ağırlaşmır, ya da fövqəladə vəziyyət elan edilir və xalqa pul paylanır.
Bunların heç biri olmadı, məlum oldu ki, “Fairmont Baku” otelində əylənənlərdən tutmuş Qubada şəlalədə şəkil çəkdirən ÜST rəsmisi Hande Armancıya qədər kimsəni karantin maraqlandırmır, yarımçıq karantindir, dəyən zərbə kasıba dəyir - xalqın üzünə çimərliklər bağlanıb, Bakı boşaldılmır, əhali rayona buraxılmır, metro dayandırılıb və avtobuslarda sıxlıqdır, işsizlik və evə qapanma adamları dəlilik həddinə çatdırıb, 190 manat yardım doğru-dürüst paylanmır, kafelər, qeyri-ərzaq dükanları aylardır ki, qapanıb, toplum intihar həddində...
Əgər acı bağırsaq kimi uzanan karantin rejimi Çində və ya İtaliyada bu qədər davam etsəydi, çoxdan epidemiyaya qalib gəlmişdilər, atəşfəşanlıq idi.
Bizdə isə ardınca, karantin rejimi ilə bağlı mexanizmlərin effektiv olmadığı başa düşüldü - polis postları ləğv olundu, indisə bərbərxanalar və gözəllik salonları açılıb.
Hərçənd ki, qonşulara baxaq - Gürcüstan çoxdan koronavirusu dəf edib, Türkiyə karantini ləğv edib, İranda yoluxmalar və ölüm olsa da, karantin yoxdur, əhalidə immunitet yaranıb, Rusiya da əhalini sərbəst buraxıb. Operativ Qərargah isə avqustun 31-dək ümumi karantin rejimi elan edib, hələ 5-ən yumşalmalar olacağı anons olunub.
Amma hökumət bu müddətdə - bütün yayı işsiz-gücsüz, pulsuz, ac-yalavac, kredit və kirayə borcu içində batan əhalini düşünmür.
Evlərdə istidən qovrulan insanların yandırdığı kondisioner xərcindən tutmuş gündəlik qida tələbatına qədər maaş və iş yoxdursa, ailələr necə qarşılasınlar?
Ən dəhşətlisi budur ki, apreldə göstərilən yardımlar, kampaniyalar dayanıb. Hanı uğurlu iqtisadi inkişaf modelindən bəh-bəhlə danışan deputatlar, hansı bir yoxsulun qapısını, soyuducusunu açıblar?
Faktiki, 14 şəhərdə sərt karantin rejimidir, minlərlə insanın işsiz qalması deməkdir, nə üçün bu neçə ay ərzində geniş miqyaslı sosial proqramlar həyata keçirilmədi?
Beləliklə, karantin rejiminin siyasi və sosial amillərini də sadaladıq, mənzərənin acınacaqlı olduğu kor-kor, gör-gördür, bunun ağır fəsadları isə qarşıdakı dövrdə özünü dərindən göstərəcək. Çünki əhali bezib.
Anaxeber.info-nun İqtisadiyyat Şöbəsi isə NK yanında Operativ Qərargahın martdan fəaliyyətini analiz edərək, prosesin arxasındakı maliyyə səbəblərinə toxunub.
İqtisadçı yazarların qənaətincə, hökumətin karantin müddətinin uzatmasının çox ciddi detalları var və mürəkkəb situasiyadan çıxış üçün alternativ yoxdur.
Söhbət ilin ortalarından neftin dünya bazarındakı qiymətinin kəskin düşməsindən gedir.
Hökumət 2020-ci ilin büdcəsini 55 dollardan hesablamışdı. Amma neftin qiyməti 20 dollara qədər düşdü və indi də 50 dollara belə çatmır. Bu da iqtisadi şəraiti çətinləşdirib.
Hökumət sərt karantin tətbiq etməklə iş yerləri bağlanır, iqtisadiyyat tam dondurulur, inflyasiyanın qalxmasına macal verilmir, hər şey sıfırlanır.
Maliyyəçilər yaxşı bilirlər ki, iqtisadiyyatı sıfırlamaq zərərin ən azı yarısından qayıtmaq deməkdir.
Yəni, indi metronun, kiçik və orta sahibkarlığın, digər xidmət sahələrinin pandemiyadan aldığı iqtisadi zərbələri hökumət qarşılamağa razıdır, nəinki iqtisadi həyat bərpa olsun, inflyasiya yüksəlsin.
Çünki inflyasiya qalxdığı halda manatın devalvasiyası qaçılmaz olacaq. O zaman hakimiyyət daha ağır vəziyyətlə üzləşə, xalqın narazılığı birə beş arta bilər. Onsuz da manatın payızda devalvasiyası gözləniləndir.
Ancaq hökumət vaxt udmağa çalışır, müəyyən dərəcədə prosesi tormozlayır və ilin sonuna çatdırmağa hazırlaşır. Avqustun 31-dən sonra ilin axırına 4 ay qalacaq, sonra büdcə bağlanacaq.
Amma tələsmək lazım deyil, payızda koronavirusun ikinci dalğasının gələcəyi haqda proqnozlar boş yerə səslənmir. Deməli, manatın devalvasiyası olmasın deyə payızda da sərt karantinə gedilə bilər.
Şübhəsiz ki, infeksiyanın mövcudluğu, yoluxmalar, ölüm halları danılmazdır. Ancaq karantinin uzadılmasının arxasındakı gerçəklikləri də görmək lazımdır. Bir sözlə, üç faktor - 14 iyul, sosial gərginlik və devalvasiya gözləntisi Azərbaycanda karantin şərtlərini başqa ölkələrdən fərqləndirir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.