FRANSA HƏMSƏDRLİKDƏ QALMALIDIRMI? - “Fransa özünü vasitəçilikdən kənarlaşdırır”
4-10-2020, 06:19

Avropa Birliyi dövlətlərinin başçılarının görüşündə Minsk Qrupunun üzvü Fransanın prezidenti Emmanuel Makronun həm Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi kimi iddia səsləndirməsi, həm də bir sıra qərəzli fikirləri Azərbaycanda sərt təpkilərə səbəb olub. Azərbaycanin hökuməti və ictimai liderlər, ekspertlər Makronun açıqlamalarının Fransanın ATƏT-in Minsk Qrupunda vasitəçilik missiyası ilə bir araya sığmadığını deyirlər.
Oktyabrın 2-də Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib və orada həmsədrlərin neytral olmasının vacibliyindən bəhs edib. Prezident bildirib ki, son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir: “ ...Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk Qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”.
Azərbaycanin Avropa Şurası Parlament Assambleyasında ( AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov isə “Turan” agentliyinə deyib ki, Azərbaycan Fransanı ATƏT-in Minsk Qrupu həmsədrliyindən kənarlaşdırmayıb. Onun sözlərinə görə, Fransa qrupda neytrallığını, bitərəfliliyini qorumamaqla özünü bu missiyadan kənarlaşdırır: “Məntiq ona dəlalət edir ki, sən hansısa formada bu münaqişəni tənzimləmək niyyətindəsənsə, vasitəçilik missiyasını öz üzərinə götürmüsənsə ən azı obyektivliyi, neytarallığı, bitərəfliliyi saxlamalısan. Sən hansısa tərəfin mövqeyini saxlayırsansa, necə vasitəçi ola bilərəsn?”
S.Seyidov daha sonra Fransa prezidentindən sitatlar gətirir: ““Biz Azərbaycana Qarabağı yenidən götürməyə imkan verməyəcəyik” ifadəsini, sübutun olmadığı halda Azərbaycana Suriaydan döyüşçülər gətirilməsi barədə fikriləri necə ifadə edə bilirsən?”
S.Seyidov deyib ki, E.Makron ölkəsinin qrupda həmsədr kimi qalmağını istəyirsə bəyanat verməli, öz səhvlərini etiraf etməlidir. Deputat hesab edir ki, bir çox ölkələr problemin həll olunmamasını istəyir, vaxtı uzadaraq problemi Azərbaycana unutdurmaq, işğal faktı ilə barışmağa çalışırlar.
Politoloq Şahin Cəfərli isə “Azadlıq” radiosuna deyib ki, Azərbaycan istənilən həmsədrin xidmətindən imtina etmək hüququna malikdir: “Amma həmsədrlik institutunda həmsədrin dəyişdirilməsi biraz çətin məsələdir. Hansısa həmsədrin dəyişməsi münaqişədə tərəf olan hər iki tərəfin razlığı ilə mümkündr. Hər iki münaqişə tərəfi razı olmalıdır ki, filan ölkə həmsədrlik formatından çıxır, onun yerinə filan ölkə gəlir. Bu baxımdan həmsədrin dəyişdirilməsi bir az çətindir”.
Amma Fransa dövləti öz tərəfsizliyini ciddi şəkildə pozarsa və açıq şəkildə Ermənisatana dəstək verərsə, o zaman Azərbaycanın hüququ var ki, vasitəçi, həmsədr olaraq Fransanın xidmətindən imtina etsin: “Fransanın iştirakı ilə aparılan prosesdə iştirak etməyəcəyini bəyan etsin, belə hüququ var”.
Ş.Cəfərli hesab edir ki, Fransa prezidenti bitərəfliyi hələ ki, ritorika səviyyəsində pozub, önəmli olan isə söz yox, praktik siyasətdir: “Əgər biz praktik olaraq Fransanın öz tərəfsizliyini qərar və addımlarında ciddi şəkildə pozduğunu görsək, onda tam haqqımız var ki, Fransanın vasitəçiliyndən imtina edək ”. Onun fikrincə, E. Makronun bu deyimləri daha çox Fransanın daxili auditoriyasına hesablanıb.
“AzPolitika.info”