"Bölgədə iri dövlətlərin hərbi, siyasi və iqtisadi maraqları mövcuddur" - Biz həm də Rusiyanın neft-qaz rəqibiyik...
12-10-2020, 11:06

“Ciddi düşünməliyik. Qarabağla bağlı vahid bir Strategiya hazırlanmalıdır. Bütün qüvvələri səfərbər etməliyik. Ordu öz işini gördü və mümkün qədər irəliləməyə çalışacaq. Ancaq ordu həm də beynəlxalq təzyiqlərdən qorunmalıdır”.
Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.
O qeyd edib ki, vəziyyət çox mürəkkəbdir:
“Bölgədə iri dövlətlərin hərbi, siyasi və iqtisadi maraqları mövcuddur. Politoloqlar və beynəlxalq şərhçilər prosesi daha dəqiq təsvir edə bilər. Təəssüf ki, haqlı olduğumuz halda bunu dünyaya tam çatdıra bilməmişik. "Dünya hər şeyi bilir" fikri kökündən yanlışdır. "Dünya ədalətsizdir" fikri də bizi irəli getməyə qoymur. Bizim əsas işimiz haqlı olduğumuzu hər gün sübut etmək olmalıdır. Bircə gün bunu edə bilməsək ötürülmüş günün bərpası üçün həftələr, bəlkə də aylar tələb olunacaq. Emosiyaları və eyforiyanın dozasını azaldıb soyuqqanlı düşünmək lazımdır.
Keçmiş tariximizi müvəqqəti arxa plana keçirib gücümüzü bu günümüzə səfərbər etməliyik. Müzakirə meydanlarını boş qoymaq olmaz. Xüsusilə Rusiyanın müzakirə meydanlarında boşluqlarımız var. Bu barədə ayrıca status yazacam. Bizim hazırkı vəziyyətimiz "Bir qalanın sirri" filmində kitabları oxumayıb gücünə arxalanaraq Əjdahanın üstünə getmək istəyən Elşəni xatırladır. Həkim baba demiş o güc xalqdan gəlsə də kifayət etmir, çünki bizə sehirli kəmər lazımdır. Bunun üçün heyvanların, bitkilərin dilini bilməyə bizə yardım edəcək kitabları oxumalıyıq. Dünya güclülərin tərəfindədir. Amma indiki zamanda bu güc qol qüvvəti yox, ağıl gücüdür”.